Gürcüstanda yer yerindən oynaya bilər: Zurabişvili həbs ediləcək və... - Tarix AÇIQLANDI
O, mərasimin keçiriləcəyi parlamentin iclas zalında müəyyən məhdudiyyətlərin olduğunu, seçicilər kollegiyasının üzvlərinin iştirakının, həmçinin konstitusiya orqanlarının tam təmsil olunmasının vacib olduğunu qeyd edib. Papauaşvili mərasimin dekabrın 27-də, saat 11-də baş tutacağını qeyd edib.
Bəllidir ki, Gürcüstanda prezident səlahiyyətlərini icra edən hazırkı prezident Salome Zurabişvili videomüraciət yayıb və hakimiyyətə hədələyici bəyanat ünvanlayıb, iqtidarı çevrilişlə hədələyib. O, hakim “Gürcü Arzusu” partiyasına videomüraciət edərək, müxalifətlə yeni parlament seçkilərinin təyin edilməsi ilə razılaşmasa, iqtidardakı partiyanı devirəcəyini vəd edib: “Əgər kompromis variantı, dialoq əldə olunmasa, başqa variant var - biz bu rejimi devirməklə seçkilərə çıxacağıq, başqa yol yoxdur”.
Zurabişvili dekabrın 29-da postunu təhvil verməlidir.
Yada salaq ki, dekabrın 14-də Gürcüstanın yeni prezidenti seçilib. Seçkilərdə yalnız hakim “Gürcü arzusu” partiyası təmsil olunub və partiyanın namizədi keçmiş futbolçu Mixail Kavelaşvili olub. Hazırkı xanım prezident kabinetini təhvil verməkdən imtina edir. Parlament isə qanuna düzəliş etməklə keçmiş prezidenti dekabrın 29-da dövlət mühafizəsindən məhrum edəcək. Bu halda, Zurabişvili kreslosundan qovulacaq...
Salome Zurabişvilinin iqamətgahdan zorla çıxarılıb cəzaçəkmə müəssisəsinə köçürülməyi çox pis mənzərə olardı.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, bu halda Salome Zurabişvili müdrik davranacaq. Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir. Ona görə də düşünürəm ki, ilk növbədə Salome Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100-150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur”, - Kobaxidze deyib.
Sonrakı hadisələr nə vəd edir? Gürcü prezident rejimi devirməyə çağırır. 29-dan sonra ona bu çıxışına görə cinayət işi açılması mümkündürmü? Müxalifət Zurabişviliyə görə küçələrə töküləcəkmi?
Sona Əliyeva
Sabiq millət vəkili, siyasi təhlilçi Sona Əliyeva hazırkı gürcü hökumətinin hər addımbaşı Rusiya amilini nəzərə aldığını söylədi: “İndiki məqamda Gürcüstanın 29 dekabra qədərki prezidenti Salome Zurabişvili milyarder Bidzina İvanişviliyə söykənən hakimiyyəti devirmək iqtidarında deyil. Ən azından indiki situasiyada ”narıncı inqilab" ideyası real görünmür. Birincisi, Kobaxidze hökuməti real vəziyyəti düzgün qiymətləndirərək Kremlin Güney Qafqazdakı ağırlığını və çəkisini nəzərə alır. İkincisi, Gürcüstan Qərbdən qopur və ABŞ-da Trampın gəlişi də belə bir inqilaba dəstək verməyəcək. Çünki Vaşinqton Kremllə üz-üzə gəlmək niyyətində deyil və Birləşmiş Ştatların yeni administrasiyası da bunu gizlətmir. Bu o deməkdir ki, Qərb Fransanın moderatorluğunda və Makronun dirijorluğunda Gürcüstanda heç nə edə bilməyəcək. Yəni Makron Fransası “tək, özü də kontrabasda” Güney Qafqaz coğrafiyasında böyük dəyişikliklər reallaşdırmaq gücündən xeyli uzaqdır. Üçüncüsü, inqilab və çevriliş məsələsində gürcü cəmiyyəti də yekdil fikirdə deyil. Faktiki olaraq Gürcüstan cəmiyyəti Qərb-Kreml seçimində iki yerə parçalanıb. 2008-ci ilin beşgünlük savaşından nəticə çıxaran gürcü elitası və ziyalıları Rusiya amilini nəzərə almağa məcbur olduqlarını dilə gətirirlər. Əgər Salome Zurabişvili hakimiyyət çevrilişi çağırışı edərsə, onun tərəfdarları ilə əks qütb arasında vətəndaş qarşıdurmasının yaşanması ehtimalı yüksəkdir. Hadisələrin sonrakı axarını təsəvvür etmək o qədər də çətin deyil. Bu halda ölkədə bütün resursları əlində cəmləyən hakimiyyət xanım prezidenti qandallayaraq dəmir barmaqlıqlar arasına da göndərə bilər. Hazırda Salome Zurabişvilinin cəhdləri “beli sındırılmış, ancaq ulduz görmədən ölmək istəməyən ilan”ın çırpınışlarına bənzəyir. Bu baxımdan da düşünürəm ki, Fransa Gürcüstan kartını çoxdan əlindən salıb. Fransa vətəndaşı olan prezident Zurabişvili isə ən yaxşı halda Parisə qayıda və Fransa Xarici İşlər Nazirliyində əvvəlki işi ilə məşğul ola bilər".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə bir qədər fərqli düşüncəyə sahibdir. O hesab edir ki, daha çox gürcü iqtidarı danışıqlara getməyə məcburdur: “Gürcüstanda keçirilən parlament seçkilərindən sonra baş qaldıran etirazlar özünün pik və təhlükəli mərhələsinə yaxınlaşır. Yeni prezidentin birtərəfli qaydada seçilməsi emosiyaları daha da qızışdırıb. Fransada bəzi Qərb liderləri ilə görüşdən sonra prezident Salome Zurabişivilinin ritorikası da sərtləşir. ”Gürcü Arzusu"nun seçdiyi yeni prezidentin inaqurasiyasını sakit və insidentsiz keçirməyə çalışan hakimiyyətin deyəsən buna nail olacağı mümkünsüz görünür. Hazırkı prezident ümumiyyətlə parlament seçkilərinin nəticələrini tanımır və müxalifətlə birlikdə parlamentin də, yeni seçilən prezidentin də legitimliyini tanımır. Üstəlik də postunu və iş kabinetini başlatmayacağını aşıq şəkildə bildirməklə yanaşı xalqı zorakılığa dəvət edir. Onun bu çağırışı təbii ki, hadisələrin dramatikliyindən və ciddi qarşıdurmaların olacağından xəbər verir. “Yeni seçkilər keçirilməsə xalqın indiki hakimiyyəti devirməkdən başqa yolu qalmır” deyən hazırkı prezident və müxalifətin geri çəkilməyəcəyindən, hətta toqquşmaların gözə alındığından xəbər verir. “Gürcü Arzusu”nun da kompromislərə hazır olmadığını, əksinə, zorakılığa meyilliliyini görürük. Baş nazirin hədələyici tonu təkcə xəbərdarlıq göstəricisi deyil, məncə, bu, hakimiyyətin heç nəyə baxmadan əldən verilməyəcəyinə işarədir. Qarşıduran tərəflərin mövqeləri aydındır. Bunu hər iki düşərgənin arxalandığı xarici güclərin mövqeyi kimi də izah etmək olar. Görünür nə Rusiya, nə də Qərb Gürcüstanda güzəştlərə getmək istəmir. Belə olduğu halda hadisələrin inkişafı zorakılıq və şiddətin artmasına gətirib çıxarar və nəzarət edilməz hala gələr. Məsələnin qorxulu tərəfi ondan ibarətdir ki, təxribatçı qrublar elə vəziyyət yarada bilər ki, faciələrdən qaçmaq mümkün olmaz. Doğrudur xalq yorulub, iqtidar-müxalifət qarşıdurmasının uzun sürməsinə maraq göstərmir, seçki çılğınlığı da sakitləşməkdədir. Ancaq indiki durumda rol alan təkcə xalq deyil. Qərbin uzun illər maliyyələşdirdiyi və təşkilatlandırdığı qüvvələr var. Qərblə sıx işləyən qurumlar mövcuddur ki, bu da situasiyaya qızışdırıcı təsir göstərir. Mən zənn etmirəm ki, “Gürcü arzusu”nu bu müxalifətin asanlıqla devirməyə gücü çatacaq. Ancaq hakimiyyət Gürcüstanda ciddi təsir imkanlarına sahib ola bilməyəcək. Onu da nəzərə alaq ki, Qərb indiki hakimiyyətin legitimliyini tanımır və basqılarını getdikcə artırır. Əgər hakimiyyət indiki prezidentə qarşı aqressiv davransa və zorakı rəftar etsə, bu Qərbdə ciddi rezonans doğuracaq və həm də yeni bəhanə verəcək. Ona görə də hakimiyyət danışıqlara və güzəştlərə getməlidir. Bu gün məsuliyyət daha çox onların üzərindədir".
Cavanşir ABBASLI,