azia.az
azia.az

Keçmiş prezident partiyanı müxalifətdən təmizləyir - Tramp Ağ Evi geri ala biləcək?

23-08-2022, 12:59

Keçmiş prezident partiyanı müxalifətdən təmizləyir - Tramp Ağ Evi geri ala biləcək?
Respublikaçılar daxilindəki Tramp əleyhdarları getdikcə zəifləyir. Eks-prezident öz tənqidçisi, respublikaçı Konqres üzvü Liz Çeynini qovmağa müvəffəq olduqdan sonra Trampın siyasi qayıdışı daha inandırıcı təsir bağışlayır. ABŞ prezidenti Baydenin rəy sorğularındakı göstərdiyi fəlakətli nəticələr də bunun üçün zəmin hazırlayır.
Keçmiş prezident partiyanı müxalifətdən təmizləyir - Tramp Ağ Evi geri ala biləcək?

ABŞ-ın respublikaçı konqresmeni Liz Çeyni Amerikanın ABC telekanalına müsahibəsində keçmiş prezident Donald Trampın dəstəklədiyi respublikaçı namizədlərə qarşı çıxacağını bildirib. ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin qızı artıq bəyan edib ki, qarşıdakı iki ili Trampın 2024-cü ildə Ağ Evə qayıtmasının qarşısını almaq üçün sərf edəcək. O, prezidentliyə namizəd olmaq istəyini də dilə gətirib. Müşahidəçilər isə xanım Çeynini şanslı saymırlar.

Noyabrın 8-də keçiriləcək Konqres seçkilərində Trampın müdafiə etdiyi namizədlər qalib gələrsə, eks-prezidentin geri qayıdışına heç bir şübhə qalmayacaq.

Liz Çeyni Trampın Respublikaçılar Partiyasındakı ən güclü rəqibi hesab olunur. Bu yaxınlarda o, vətəni Vayominq ştatında Respublikaçıların ilkin seçkilərində Trampın namizədi Harriet Hagemana geniş fərqlə uduzub. 56 yaşlı Çeyni 2021-ci il yanvarın 6-da ABŞ Konqresinə hücumla bağlı parlament araşdırmasının sədr müavinidir və hücumda Trampı günahkar sayır. Bu ittihamlardan sonra Çeyni partiya daxilində nüfuzlu şəxslərin tənqidi ilə üzləşib.

Keçmiş prezident partiyanı müxalifətdən təmizləyir - Tramp Ağ Evi geri ala biləcək?
İnflyasiya, iqtisadi problemlər, artan qiymətlər, miqrasiya və ABŞ qoşunlarının Əfqanıstandan xaotik çıxarılması Baydenin nüfuzunu sarsıdıb. Bütün bunlar amerikalıların fövqəldövlət ruhuna çox ağır gəlir. Trampın dövründə həyat daha qayğısız idi.

İndiki situasiyada respublikaçılar daxilində birlik qorunub saxlanarsa, Baydenin məğlubiyyəti qaçılmaz olacaq. Demokratlar arasındakı fraksiya mübarizəsi də Co Baydenin zəifləməsinə təkan verir.

Respublikaçılar daxilindəki birlik isə getdikcə güclənir. Artıq partiya daxilində Trampa qarşı çıxmaq partiyadan uzaqlaşmağa bərabər bir addım hesab olunur. Partiyanın ən nüfuzlu senatorları, Konqres üzvləri son hadisələrdə eks-prezidentə dəstək veriblər.

Amerikalı ekspertlərin fikrincə, Donald Trampı yalnız bir şey dayandıra bilər: məhkəmə sistemi. Lakin Trampın evindəki axtarış ilə bağlı qəzəb dalğası eks-prezidentə qarşı ittiham irəli sürüləcəyi təqdirdə nələrin baş verəcəyini əvvəldən göstərir. İki uğursuz impiçment məhkəməsindən sonra baş prokuror Merrik Qarland Trampa qarşı məhkəmənin nə ilə nəticələnəcəyini bilir. Ekstremal vəziyyət yaranarsa, ölkədə vətəndaş müharibəsi təhlükəsi reallaşa bilər.

Sonuncu prezident seçkilərindən sonra Amerika ictimaiyyətində ciddi fikir ayrılıqları, zorakılıqla müşayiət olunan mübahisələr getdikcə intensivləşir. Respublikaçıların tərəfdarları arasında Trampın qələbəsinin oğurlandığını iddia edənlərin sayı da artıb.

Keçmiş prezident partiyanı müxalifətdən təmizləyir - Tramp Ağ Evi geri ala biləcək?
"Washington Post" qəzetinin son təhlilinə görə, seçkilərdə iştirak edəcək respublikaçı namizədlərin 100-dən çoxu oğurlanmış seçkilərlə bağlı ideyanı dəstəkləyir. Onların əksəriyyətinin payızda keçiriləcək seçkidə qalib gələcəyi ehtimal olunur.

Keçmiş prezident geri qayıdışını reallaşdırmaq üçün ABŞ-ın ən güclü beyin mərkəzləri ilə sıx əməkdaşlıq edir. O, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı konkret fikir bildirməsə də, respublikaçılar daxilində öz əleyhdarlarını sıxışdırmağa başlayıb. "Politico.com" portalının məlumatına görə, artıq Respublikaçılar Partiyasında keçirilmiş ilkin seçkilərdə Tramp tərəfdarları qalib gəliblər.

Noyabrın 6-da Pensilvaniyada keçiriləcək qubernator seçkilərində iştirak edəcək respublikaçı namizəd Daq Mastriano da keçmiş prezidentin tərəfdarlarından sayılır. Prezident seçkilərində əhəmiyyətli rol oynayan Pensilvaniya ABŞ-ın 13 "qurucu ştatı" sırasına daxildir. Ştatdan olan 18 Konqres üzvünün yarısı respublikaçıları, yarısı da demokratları təmsil edir. İki senatordan biri respublikaçı, digəri isə demokratdır. Hazırkı qubernator Tom Volf demokratların nümayəndəsidir və 2015-ci ildən qubernator vəzifəsini tutur. Növbəti qubernator seçkilərində isə iştirak etməyəcək.

Respublikaçı namizədin qubernator seçiləcəyi təqdirdə ABŞ-ın ən böyük ştatlarından biri olan Pensilvaniyada respublikaçı prezidentliyə namizədin qalib gəlmək şansı daha da yüksələcək.

Liberal demokratiya və azad bazar kapitalizmininin cəmiyyətin təkamülünün son nöqtəsi olduğunu iddia edən ABŞ alimi Frensis Fukuyama da Trampın geri qayıdışını real sayır. "Tarixin sonu və son insan" kitabı ilə məşhurlaşan Stanford Universitetinin professoru Fukuyamanın fikrincə, Amerika dövləti ciddi seçim qarşısında dayanıb.
Keçmiş prezident partiyanı müxalifətdən təmizləyir - Tramp Ağ Evi geri ala biləcək?

İyunun sonunda Rusiya hakimiyyəti amerikalı politoloq və filosofun Rusiyaya girişinə qadağa qoyub. O, Almaniyanın "Deutsche Welle" radiosuna müsahibəsində Trampın qayıdışını Rusiyanın qələbəsi kimi xarakterizə edib.

Trampın Respublikaçılar Partiyasına təsiri güclü olaraq qalır və onun ötən prezident seçkilərinin nəticələrini tanımaqdan imtina etməsi partiyanı əsaslı şəkildə dəyişib. Trampın özü dəfələrlə 2024-cü ildə prezidentliyə namizəd kimi yenidən namizəd ola biləcəyinə eyham vurub. İlkin seçkilərdə Florida ştatının qubernatoru Ron Desantisin keçmiş prezidentin rəqibi olacağı ehtimal olunur.

Baş ofisi Londonda yerləşən strateji tədqiqat institutu "Redfild və Vilton Strategiyaları" şirkətinin keçirdiyi rəy sorğularında Tramp indiki prezidenti üstələyir. Digər sorğularda da keçmiş prezident öndə gedir. Hər ay keçirilən rəy sorğularını müqayisə etdikdə keçmiş prezidentin getdikcə gücləndiyi müşahidə olunur. İki rəqib arasındakı fərq artıq 10 faizi keçib.

Payızda keçiriləcək Konqres seçkiləri və 2024-cü ildə baş tutacaq prezident seçkiləri ilə bağlı Trampın dedikləri də Ağ Ev uğrunda gedən mübarizənin gərgin keçəcəyini göstərir: "Biz Senatı geri alacağıq. Biz Amerikanı geri alacağıq və ən əsası, 2024-cü ildə gözəl, möhtəşəm Ağ Evimizi geri alacağıq".

Tramp növbəti dəfə prezident seçilərsə, 78 yaşı olacaq. Gedişatdan aydın olur ki, bu, eks-prezident, eləcə də amerikalılar üçün maneə deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi