Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
Gürcüstandakı prezident seçkisində Fransa sevdalı şəxsin qələbəsi işğalçı ölkəyə nə vəd edir? Dəhliz və daşınma məsələləri yenidən aktuallaşır - Bakı üçün siqnal
Proqnozlara rəğmən, Gürcüstanda prezident seçkisində oliqarx-milyarder Bidzina İvanişvilinin adamı, fransız əsilli gürcü Salome Zurabişvili qalib gəldi. Səbəblər barədə yetərincə yazılıb. O da qeyd edilib ki, Azərbaycanın milli maraqları baxımından keçmiş xarici işlər naziri, Mixail Saakaşviliyə yaxın şəxs saylan Qriqol Vaşadzenin qələbəsi daha məqbul idi.
Bütün hallarda Gürcüstan toplumunun seçiminə və iradəsinə sayğı göstərməklə yanaşı, artıq nəticənin özünün mümkün nəticələrini təhlil etməyə dəyər - ilk növbədə də qonşu Azərbaycan və Ermənistana münasibətdə.
Şübhəsiz ki, Gürcüstanda parlamentli idarəçilik mövcud olduğundan burada əsas söz sahibi hökumətin başçısına məxsusdur, prezidentə yox. Lakin prezident də siyasi sistemdə məxsusi çəkiyə malik, cəmiyyətdəki ovqata mühüm təsir imkanı olan siyasi fiqurdur. İkinci yandan, məlum olur ki, Zurabişvili indiki hökumətə yad adam da deyil. Yəni mövcud hakimiyyətin siyasi kursuna sadiq qalacaq şəxsdir.
Ancaq Azərbaycanın köklü maraqları baxımından bəzi narahatedici məqamlar yox deyil. Birinci məqam keçmiş xarici işlər naziri Salome xanımın xəfif ermənipərəst biri olması, Türkiyəyə elə də böyük simpatiya bəsləməməsidir - hansı ki, seçki kampaniyası dövründə, Cavaxetiya erməniləri ilə görüşdə özünü büruzə verdi.
İkinci xüsusat fransız dilli Zurabişvilinin Fransaya dərin bağlılığıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransanın isə Dağlıq Qarabağ məsələsində mövqeyi məlumdur. Rəsmi Paris nə qədər bəyan eləsə də ki, Qarabağla bağlı neytral mövqe tutur, fakt budur ki, o, Ermənistanı özünə “kiçik bacı” saymaqda davam edir. Eyni zamanda saxta “erməni soyqırımı” məsələsində ən radikal mövqe sərgiləyən, bu “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun qəbul eləmiş 3 ciddi dövlətdən biridir.
Başqa sözlə, belə güman eləmək olar ki, Fransanın öz “adamı” S.Zurabişvili vasitəsi ilə Gürcüstan hökumətinə təsirləri arta bilər. Bu təsirlərin öz növbəsində Tiflisin işğalçı ölkəyə münasibətində özünü göstərməsi istisna deyil. Məsələ də bundadır. İşğalçının Gürcüstanla bağlı əsas dərdi, hədəfi isə bəllidir - Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmirolunun açılması və düşmən ölkənin blokada rejiminin yumşaldılması. Əksər analitiklər əmindirlər ki, həmin dəmiryolu ilə Ermənistana hərbi təyinatlı yüklər də daşına bilər.
“Yeni Müsavat” xatırladır ki, düşmən ölkəyə yeni dəhliz açılması məsələsi zaman-zaman Gürcüstan və Ermənistan rəhbərlikləri arasında müzakirə predmeti olub. Bu yöndə müəyyən addımlar da atılıb. Lakin son anda rəsmi Tiflis razılıq verməkdən vaz keçib.
Üstəlik, bu gündən - dekabrın 1-dən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq. Yanvarın 1-dən isə Qafqaz limanı vasitəsilə əlaqə kəsiləcək. Bu barədə Cənubi Qafqaz Dəmiryolları QSC qərar verib. Yəni Ermənistana qapılar indi, faktiki, 4 tərəfdən - Azərbaycan, Türkiyə, İran (ABŞ-a görə) və Gürcüstandan bağlanmış kimidir.
Şübhə yox ki, işğalçı ölkənin yeni rəhbərliyi bu vəziyyətdən dolayı ciddi narahatlıq içindədir. Ona da şübhə yox ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan 9 dekabr seçkiləri bitər-bitməz, bu məsələ ilə ciddi məşğul olacaq. O sırada Fransapərəst Zurabişvili faktorundan istifadə edəcəyi mümkün görünür.
Əlbəttə, hər şeyə, o cümlədən Gürcüstanın rəhbərliyində kimin olmasına rəğmən, Azərbaycan və Türkiyə qərb qonşumuz üçün vazkeçilməz dövlətlər, strateji tərəfdaş ölkələr olaraq qalacaq. Bu gün iki qardaş ölkə Gürcüstana ən çox sərmayə yatıran, onun enerji təhlükəsizliyində, bütövlükdə milli təhlükəsizliyində həlledici rol oynayan ölkələrdir. Rəsmi Tiflis bu reallığı, ilk növbədə də Azərbaycanın bölgədə açar ölkə olması gerçəyini görməzlikdən gələ bilməz.
Lakin gürcülərin bir elə etibarlı toplum olmadığı da nəzərdən qaçırılmamalıdır. Yəni Gürcüstanda Zurabişvili timsalında Fransa faktorunun güclənməsi dolayısıyla işğalçı Ermənistanın xeyrinə də işləyə bilər. Çünki bəzi siyasi şərhçilərə görə, Zurabişvilinin prezident seçilməsi Avropa Birliyinin, xüsusən də Fransanın Ermənistanın ardınca Gürcüstanda da öz nüfuz dairəsini genişləndirməsinə gətirə bilər.
Bütün hallarda Bakı həm Gürcüstandakı prezident, həm də Ermənistanda reallaşacaq 9 dekabr növbədənkənar parlament seçkilərindən sonra region və onun ətrafında mümkün gəlişmələri diqqətlə izləmək zorundadır. Ən əvvəl də İrəvan-Tiflis münasibətlərinin inkişaf dinamikasını izləmək lazım gələcək.
Sonda əlavə edək ki, Paşinyan və onun təbliğatçıları vaxtaşırı belə məkrli açıqlamalar verirlər ki, guya işğalçı ölkədə 8 may “məxməri inqilab”dan sonra Ermənistan artıq demokratiya yoluna çıxıb və o səbəbə regionda demokratik Gürcüstana “ən yaxın, ən doğma” ölkə məhz “demokratik” Ermənistandır. Demək, onlar bir-birinə güclü dəstək verməlidir.
Yəqin ki, 9 dekabrdan sonra Nikol Paşinyanın bu yöndə çoxalan bəyanatlarının şahidi olacağıq. Fransa yanlısı Paşinyan seçkilərdən sonra ilk səfərini Rusiyaya deyil, məhz Gürcüstana edib orada başqa bir Fransa sevdalısı Salome Zurabaşvili ilə görüşərsə, təəccüblənmərik. Bunu indi həm də taxıl blokadası diktə edir...
“Yeni Müsavat”ın analitik xidməti