Polşa konsulluqlarında rüşvət müqabilində vizalar verilib
Polşanın hakim “Hüquq və Ədalət” partiyası konsulluqların rüşvət müqabilində Afrika və Asiyada vizalar verməsi xəbərləri ilə sarsılıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Korrupsiya qalmaqalının təfərrüatları oktyabrın 15-də keçiriləcək parlament seçkilərinə bir ay qalmış üzə çıxıb və partiya bu fəsadların öhdəsindən gəlmək üçün mübarizə aparır.
Xəbərlər fonunda işdən çıxarılan xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Petr Vavrşik intihara cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilib. Hakim partiya seçkidə bir neçə partiya arasında öndə gedib və insidentin onun dəstəyinə təsir edib-etməyəcəyi bəlli deyil.
Bununla belə, müxalifət siyasətçiləri “viza işi”indən istifadə edərək hökuməti korrupsiyada və ikiüzlülükdə ittiham edir.
Cümə günü Polşa Xarici İşlər Nazirliyi viza prosesində baş verən qanun pozuntuları ilə bağlı davam edən araşdırmaya görə əməkdaşlarından birinin işdən çıxarılmasını elan edib. Qeyd olunub ki, söhbət hüquqi məsələlər və qanunvericiliyə əməl olunmasının monitorinqi departamentinin direktoru Yakub Osaydedən gedir. Nazirlik həmçinin konsulluq idarəsi və bütün konsulluq idarələrində növbədənkənar yoxlama aparacaq.
Eyni zamanda hökumət prokurorları vizanın sürətləndirilməsi prosesində korrupsiyada şübhəli bilinən yeddi nəfərə qarşı ittiham irəli sürdüklərini və onlardan üçünün müvəqqəti həbs olunduqlarını bəyan ediblər.
Baş prokuror Zbiqnev Zobro bəyan edib ki, korrupsiyada əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər görülür. Onun sözlərinə görə, işin miqyası media və müxalifətin iddialarından daha kiçikdir. Belə ki, sxem çərçivəsində cəmi 268 viza verilib.