azia.az
azia.az

Prezident İlham Əliyev Türkiyə ilə viza rejimini ləğv etdi - tarixi qərar

26-07-2019, 09:40


XİN: “Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən qardaş ölkə vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir”; deputat: “Prezidentin bu cəsur jesti hər cür alqışlanası tarixi qardaşlıq addımıdır”; Rəsmi Bakının bu qərarının ardınca Moskva da Türkiyənin bəzi vətəndaşları üçün vizanı qaldırdı. Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinə töhfə verən daha bir tarixi qərara imza atılıb. Belə ki, Türkiyə Respublikası vətəndaşları üçün viza tələbinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Prezident İlham Əliyev Türkiyə ilə viza rejimini ləğv etdi - tarixi qərar
Musavat.com-a daxil olan açıqlamada deyilir: “Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin ”bir millət, iki dövlət" kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir.

Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir. Bu baxımdan, Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbi ləğv edilir".

Açıqlamada daha sonra bildirilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb. “Əlavə edək ki, Azərbaycan Respublikası ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir. Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları viza tələbindən azad edilmişdi. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq”, - XİN-in açıqlamasında bildirilir.

Deputat Fazil Mustafa əməkdaşımıza bildirdi ki, Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır: “Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı Bakıda iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə paradın keçirilməsindən sonra hədsiz sevindiyim ikinci hadisədir. Həmin parad ona görə önəmli idi ki, bizim dövlət müstəqilliyimiz üçün canından, qanından keçmiş Nuri Paşa komutanlığında qəhrəman türk əsgərinin qarşısında bir vəfa borcumuzu mütləq qaytarmalıydıq. Məhz bunun adı qardaşlıqdır, məhz bunun adı əhdə vəfadır. Cənab İlham Əliyevin bu cəsur jesti hər cür alqışlanası, təqdirolunası tarixi qardaşlıq addımıdır. Gəliş-gediş üçün viza qonağa, dosta, əcnəbiyə verilə bilər. Qardaş qardaşa evinə gəlib getməyə viza verməz, verməməlidir. Unutmayaq, enində-sonunda bizim yenə də taleyimiz Siam əkizləri kimi Türkiyə ilə birlikdəliyimizdən asılı olacaq. Azərbaycan prezidentinə bu anlamlı, milli maraqlarımıza uyğun və cəsur addımına görə minnətdarlığımı bildirirəm. Türkiyə ilə qardaşlığımıza töhfə verən hər addım alqışlanmağa layiqdir”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ile ilgili görsel sonucu

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə “Yeni Müsavat”a dedi ki, biz hər zaman “bir millət, iki dövlət” ritorikası ilə öyündüyümüz halda, viza rejimi bu şüarı şübhə altına salmaqda idi: “2007-ci ildə Türkiyə Cümhuriyyəti Azərbaycan vətəndaşlarına birtərəfli qaydada viza rejimini ləğv etdi. Bu doğru idi. Azərbaycanın isə bu məsələdə israrı- Türkiyə vətəndaşlarına viza tətbiqini qüvvədə saxlaması anlaşılan deyildi. Nəhayət, bizim də, xalqlarımızın da istəyi reallaşmaq üzrədir. Viza rejiminin ləğvi hər iki dövlətin və xalqın maraqlarına tam cavab verir. Bu, həm də pozitiv ovqat yaratmaqla iki qardaş dövlət arasında etimadı daha da artıran, o cümlədən dost olmayan qüvvələri isə məyus edən psixoloji üstünlük yaradan hadisədir. Daha dərin qatda ola bilər ki, siyasi məqsədəuyğunluq, regionda gərginlik də bu qərarın indi qəbul olunmasında rol oynamışdır. Bunun ardınca mənə elə gəlir ki, Türkiyə ilə ikili vətəndaşlıq və xaricdə məskunlaşmış soydaşlarımızla Azərbaycan mənəvi aurasının bütünləşməsində müstəsna rol oynayacaq. Soydaşlar haqqında qanunvericillik aktı da qəbul olunsun. Bu hüquqi yolları bütün variantlarda milli maraqlarımıza cavab verən hadisələr hesab edirəm”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan hər dəfə Bakıya gəldikdə viza məsələsini qaldırırdı: “Ərdoğan bu məsələnin uzanmasından narahat idi. Ayrıca türk jurnalistlərin Azərbaycan prezidenti İlham Əliyevə verdikləri hər iki sualdan biri rəsmi Bakının Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı nə zaman ortadan qaldıracağı ilə bağlı idi. Azərbaycan rəsmiləri bunu hansısa texniki məsələnin həlli ilə əlaqələndirirdilər. Əsl həqiqətdə isə rəsmilərimiz ikili söhbətlərdə bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirirdilər. Yəni viza ortadan qaldırılsa, Türkiyədən hansısa qruplar Azərbaycana gələ və bizə problemlər yarada bilərlər. Bu arqumenti əvvəldən qəbul etmirdim. Ona qalsa, Türkiyə başqa dövlətlərin vətəndaşlarına viza tətbiq etmir və gərək indiyə qədər problemlər içərisində boğulardı. Tam əksinə, Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və vizanın ortadan qaldırılmaması müttəfiqliyə kölgə salan yeganə amil idi. Gec də olsa doğru qərar verildi”.

E.Şahinoğlu indiki durumda digər bir təklif də irəli sürür: “Rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırmalıdır. Onsuz da rəsmi Bakının yeni qərarından sonra Tehran Ankara kimi eyni xahişlə Bakıya müraciət edəcək. Çünki Türkiyə kimi İran da Azərbaycan vətəndaşlarına viza tətbiq etmir. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər. Ancaq önəmli olan İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişini təmin etməkdir. Bunun Azərbaycan üçün geosiyasi əhəmiyyəti də var. Doğrudur, deyilə bilər ki, ABŞ-la Iran arasında müharibə başlasa, qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik. Ancaq belə bir ehtimal olsa, biz onsuz da müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhədin qapısını bağlı saxlaya bilməyəcəyik. Bu halda vizanın olmasının əhəmiyyəti yoxdur”.

Bu arada məlum olub ki, Rusiya xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına qarşı viza tətbiqini ləğv edib. Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Yeni qərara əsasən, bu kateqoriyadan olan Türkiyə vətəndaşları Rusiyaya yalnız qısamüddətli işgüzar səfərləri yox, bütün növ səfərləri vizasız həyata keçirə biləcəklər. Türkiyə də eyni imtiyazları Rusiya vətəndaşlarına şamil etməlidir.

İstənilən halda, rəsmi Bakının qərarından sonra Moskvanın da məhz 1 sentyabrdan bəzi kateqoriyalı Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi maraqlıdır. Türkiyə-Azərbaycan-Rusiya formatında əməkdaşlıqla bağlı növbəti addımın atılması diqqət çəkir...

E.PAŞASOY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi