Birləşmiş Ştatlara turist vizasının alınması prosesi heç də bəzilərinin qeyd etdiyi qədər mürəkkəb deyildir. Məlumdur ki, ərizə formasının xüsusi qaydada doldurulmasına ehtiyac olduğu və yaxud notarial təsdiq edilmiş dəvətnamə və sənədlərin tələb edildiyi barədə bir sıra şayiələr yayılmışdır. Eyni zamanda bizə məlumdur ki, müəyyən turizm agentləri və vizanın alınması xidmətini göstərənlər sizə kömək edə biləcəklərini söz verirlər və onların xidmətlərindən istifadə etməyə sizi inandırırlar. Bu gün sizə vizanın alınması üçün müraciət prosesi barədə məlumat verəcəyəm və ABŞ-ın immiqrasiya haqqında qanununa əsasən sizdən nə tələb olunduğunu izah edəcəyəm. Ümid edirəm ki, bu sizə pulunuza, vaxtınıza qənaət etməyə, eləcə də yarana biləcək hər hansı məyusluq halından yayınmağa kömək edəcəkdir.
İlk növbədə və ən əsası, Birləşmiş Ştatlara qanuni yolla səfərlərin təşkil olunması ABŞ Səfirliyinin birinci dərəcəli vəzifəsidir. Biz, ölkəmizin fərqli xüsusiyyətlərini, mədəniyyətimizi və Birləşmiş Ştatların inanılmaz gözəlliyə malik olan görməli yerlərini digərlərinə göstərmək və onlarla paylaşmaq istəyirik. Axı bu qədər fərqli və cəlbedici məkanları başqa harada tapmaq olar? Çimərliklərdən tutmuş dağlara, Veqasdan Disneyə qədər olan bütün bu və digər görməli yerləri və mənzərələri Birləşmiş Ştatlar turistlərə təklif edir. Bununla belə, Azərbaycan kimi biz də, öz sərhədlərimizin təhlükəsizliyini qorumalı və immiqrasiya haqqında qanunun tələblərinə əməl etməliyik. Buna görə də mən sizə ilk növbədə nə üçün Birləşmiş Ştatlara səfər etmək istədiyiniz barədə düşünməyi məsləhət görürəm. Qohumlarınız və yaxud dostlarınızla görüşmək istəyirsiniz? Yoxsa Nyu-York və ya Mayamidə maraqlı vaxt keçirmək istəyirsiniz? Bütün bunlar Birləşmiş Ştatlara qanuni yolla səfər etmək üçün əsas verən səbəblərdir. Bununla belə, əgər siz turist vizası ilə gedib orada işləmək və yaxud immiqrasiya imkanlarından faydalanmaq barədə düşünürsünüzsə, bu, turist vizasının tələblərinə cavab vermir. Hətta əgər sizin səyahət məsləhətçiniz sizə viza müsahibəsi zamanı və yaxud sərhəd buraxılış məntəqəsində səfərin məqsədini gizlədərək turist vizası alıb sonradan işləyə biləcəyinizi məsləhət görərsə, bilin ki, bu, sizin digər viza üçün müraciətinizin rədd edilməsi və gələcəkdə ABŞ-a viza müraciəti hüququndan birdəfəlik məhrum olunmağınızla, eləcə də sizə qarşı məhkəmə araşdırılmasının başlanılması ilə nəticələnəcəkdir.
Prosesə başlamaq üçün əvvəlcə siz onlayn ərizə formasını (DS-160) doldurmalısınız. DS-160 ərizə formasını doldurmaq çətin deyildir. Azərbaycan dili siyahıda olmasa da, Rus və Türk dillərinə tərcümə imkanı mövcuddur. Bir çox fərdlər, turizm agentləri və yaxud viza konsultantları sizə onların xidmətlərindən istifadə etməyi tövsiyə edirlər. Onların bəziləri qanuni fəaliyyət göstərir və həqiqətən də məşğul insanlara vaxtlarına qənaət etməyə kömək olurlar, lakin yadda saxlayın ki, onlar sizin şəxsi həyatınızla bağlı olan sualların cavablarını bilmirlər. Ərizə formasına hansı informasiyanın daxil edilməsi və yaxud edilməməsi ilə bağlı sizə verilən məsləhətlərə qarşı diqqətli olun. Məsələn, sizə deyə bilərlər ki, Birləşmiş Ştatlarda olan qohumlarınız barəsində məlumat verməyin və yaxud əmək haqqınızı yalandan yuxarı məbləğdə göstərin. Dürüst olun! Əgər suallara qeyri-düzgün cavablar qeyd olunarsa və yaxud müsahibə zamanı sizə verilən sualların cavabları ilə yazdıqlarınız arasında fərq olarsa, bu zaman Konsulluq Əməkdaşları sizin dürüst olmadığınızı müəyyən edə və sizə viza verməkdən imtina edə bilərlər. Bu yolla siz eyni zamanda viza üçün müraciət hüququndan birdəfəlik məhrum edilə bilərsiniz. Eyni zamanda Konsulluq Şöbəsi müəyyən etmişdir ki, bir sıra agentliklər ərizə formasında özləri ilə bağlı olan informasiyanı açıqlamırlar. Əgər ərizə forması ərizəçinin özü tərəfindən deyil, başqası tərəfindən doldurulmuşdursa, bu, ərizə formasında qeyd olunmalıdır. Zəhmət olmasa müsahibəyə gələrkən ərizə formasının qəbul olunduğu qeyd olunan və üzərində barkod olan bildirişi çap edin.
Ərizə formasını doldurduqdan sonra siz, viza haqqını ödəmək üçün viza xidməti mərkəzinin aşağıdakı internet səhifəsinə daxil olmalısınız: www.usvisa-info.com. Viza haqqı geri qaytarılmır. Siz viza haqqını ödədikdən sonra onlayn sistem vasitəsilə müsahibənin vaxtını təyin edə bilərsiniz. Müsahibənin vaxtı biz tərəfdən təyin olunmur. Müsahibənin təyin olunduğu tarixdə təyin olunan vaxtdan təxminən on beş dəqiqə əvvəl gəlmənizi və bütün elektron cihazları evdə qoymağınızı tövsiyə edirik, çünki bu cihazlarla Səfirliyə daxil olmağa icazə verilmir. Konsulluq Şöbəsində siz pasportunuzu və ərizə formasının qəbul olunduğunu təsdiq edən bildirişi təqdim edirsiniz və nümayəndə sizin barmaq izlərinizi götürür. Bu işlər tamamlandıqdan sonra siz, ABŞ Konsulluq Şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən müsahibə olunmaq üçün öz növbənizi gözləyirsiniz. Biz mümkün olduğu qədər operativ olmağa çalışsaq da, bir qədər növbədə gözləməli ola bilərsiniz, ona görə də özünüzlə kitab və ya jurnal gətirə bilərsiniz.
Beləliklə, müsahibə üçün sizdən nə tələb olunur? Müsahibə zamanı əməkdaşlar sizin iqtisadi və maliyyə vəziyyətinizi daha yaxşı dərk etmək üçün bir sıra suallar verirlər, eləcə də əvvəlki səfərləriniz və Birləşmiş Ştatlara planlaşdırılan səfəriniz barədə soruşurlar. Konsulluq Əməkdaşı sizin Azərbaycana geri qayıtmağınızı zəruri edən əlaqələri müəyyən etməlidir. Özünüzlə iddia etdiyiniz məlumatları təsdiqləyən sənədləri gətirə bilərsiniz, lakin biz sizə saxta sənədlərdən istifadə etməyi qətiyyən tövsiyə etmirik, çünki biz, saxtakarlıq etmiş fərdlərə qarşı araşdırma aparılması üçün Regional Təhlükəsizlik Xidməti və müxtəlif hüquq mühafizə orqanları ilə əməkdaşlıq edirik. Hər bir müraciətin və vəziyyətin fərqli olduğunu nəzərə alaraq, müsahibəyə nə gətirmək lazım olduğunu müəyyən etmək və fərdlərə nəyə görə imtina edildiyini anlamaq üçün aşağıdakı tez-tez verilən sualları təqdim edirik.
- Viza almaq üçün mənim evli olmağım lazımdırmı?
- Xeyr. Konsulluq Şöbəsi hər gün subay, boşanmış və yaxud dul ərizəçilərə viza verir. Ailə əlaqələri Konsulluq Əməkdaşının nəzərə aldığı amillərdən yalnız biridir.
- Turizm agentliyi mənə ABŞ-da ailə üzvlərimin olduğunu Konsula deməməyi məsləhət gördü, lakin dostum dedi ki, mənə xalam tərəfindən göndəriləcək dəvətnamə lazımdır. Bunun hansı düzdür?
- Heç biri. Biz sizin Birləşmiş Ştatlarda ailə üzvlərinizin olduğunu bilmək istəyirik və bəzi hallarda bu bizə sizin səfərinizin məqsədini daha yaxşı dərk etməyə kömək edə bilər. Əgər siz Birləşmiş Ştatlarda ailə üzvləriniz və yaxud dostlarınızın olduğunu gizlətsəniz və Konsulluq Əməkdaşı sizin orada qohumlarınızın olduğu barədə informasiya əldə edərsə bu zaman viza müraciətinizə rədd cavabının verilməsi ehtimalı artır, çünki Konsul sizin dürüst ərizəçi olmadığınızı hesab edəcəkdir. Dəvət məktubunun alınması tələb edilmir. Ümumiyyətlə Konsulluq Əməkdaşları dəvət məktublarına baxmırlar, çünki müsahibədə əsas rolu ərizəçinin özü oynayır. Ailə üzvlərinizin və dostlarınızın notariusa və yaxud dəvət məktublarının hazırlanmasına vəsait sərf etmələrinə ehtiyac yoxdur.
- Mənim ərizə formamı dolduran şəxs mənə bir sıra sənədlərin tərcümə olunmasının lazım olduğunu bildirdi və məndən əlavə ödəniş almaq istəyir.
- Viza xidmətinin internet səhifəsində vizanın növləri və tələb olunan sənədlərin siyahısı qeyd olunub. Ümumilikdə turist vizasının verilməsi zamanı Konsulluq Əməkdaşları sənədlərə baxmırlar, əksinə onlar sizin özünüz, şəxsi əlaqələriniz və səfərinizin məqsədi ilə bağlı olan suallara diqqət yetirirlər. Ona görə də dürüst olun və real məlumatları təqdim edin. Əgər xüsusi viza növünə müraciətlə bağlı tələb olunmursa, o zaman nikah şəhadətnaməsi, doğum şəhadətnaməsi və yaxud digər sənədlərin tərcüməsinə və yaxud notarial təsdiq olunmasına boş yerə əlavə pul xərcləməyin.
- Əgər mən təyyarə biletini əvvəlcədən alsam və otel sifariş etsəm bu mənim viza almaq imkanlarımı artırırmı?
- Biz viza üçün müraciət edənlərə bilet almaq üçün pasportlarına viza vurulana qədər gözləməyi qətiyyətlə tövsiyə edirik.
- Bəs əgər mən İrana səfər etmişəmsə? Eşitdiyimə görə bundan sonra Amerikaya getmək mümkün deyil.
Konsulluq Əməkdaşları digər səfərləri nəzərə alırlar. Əvvəlki səfərlər sizin yaxşı bir turist olduğunuzu göstərməyə kömək edə bilər. Müalicə, ailə və yaxud turizmlə əlaqədar olaraq İrana edilmiş səfərlər heç kəsi viza almaq hüququndan məhrum etmir. Digər ölkələrə, o cümlədən Birləşmiş Ştatlara etdiyiniz səfərlər və orada olduğunuz müddətlə bağlı düzgün məlumat verin. Səmimi olmaq vacibdir.
- Əgər əvvəllər viza almışamsa təkrar müraciət zamanı mənə avtomatik viza veriləcəkmi?
- Buna təminat verilmir. Əgər sizin vəziyyətiniz dəyişibsə, əgər siz əvvəlki ərizə formanızda qeyd etdiyiniz müddətdən çox qalmışsınızsa və yaxud əgər siz ABŞ qanunlarını pozmusunuzsa o zaman sizə viza verilməyə bilər.
- Mənim viza müraciətimə imtina olundu, mən yenidən müraciət edə bilərəm?
- Əgər sizin viza müraciətinizə bu yaxınlarda imtina olunubsa, o zaman müsahibə zamanı mövcud olmayan informasiya yaranmadığı təqdirdə dərhal təkrar müraciət etməyinizi tövsiyə etmirik. Biz sizə vəziyyətiniz dəyişənə qədər gözləməyi tövsiyə edirik.
- Konsulluq Əməkdaşı mənə əlaqələrimin kifayət qədər güclü olmadığını və viza almaq üçün lazımı məlumatlara malik olmadığımı bildirdi. Bu nə deməkdir?
- Müsahibə zamanı Konsulluq Əməkdaşı sizin vəziyyətinizi bütövlükdə nəzərə alır. Bura ailə, peşəkar fəaliyyət və Azərbaycanla bağlı olan iqtisadi əlaqələr, eləcə də əvvəlki səfər tarixçəsi və ərizəçinin Birləşmiş Ştatlarla olan əlaqələri daxildir. Konsulluq Əməkdaşları sizin viza almağa yararlı olduğunuzu müəyyən etmək üçün ölkədəki şəraitə, eləcə də oxşar vəziyyətdə olan azərbaycanlıların səfərlərinə nəzər salır. Konsulluq Əməkdaşının qərarından şikayət vermək mümkün deyildir.
Ümid edirəm ki, burada qeyd olunanlar proseslə bağlı aydınlıq gətirməyə və sizi inandırmağa kömək edəcəkdir. Biz hər bir kəsin Birləşmiş Ştatlara səfər etməsini arzu etsək də, reallıq ondan ibarətdir ki, heç də hamıya bu imkanı vermək mümkün olmur. Bu informasiyanı sizinlə paylaşmaqla viza müraciəti prosesi ilə əlaqədar məlumatınızın daha da artacağına ümid edirik. Əlavə suallarınızı cavablandırmağa bir daha hazırıq! Zəhmət olmasa suallarınızı aşağıdakı e-poçt ünvanına göndərin:
[email protected]