Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı
Fransada keçirilən Reqbi üzrə Dünya Kubokunun ilk oyunundan öncə Prezident Emmanuel Makronun çıxışı tamaşaçılar tərəfindən fitə basılıb.
Redaktor.az xəbər verir ki, Makron kürsüyə qalxarkən fit və uğultulu səslər stadionda əks-səda verib. Çaşqın vəziyyətdə olan Makron Fransa millisini dəstəkləmək çağırışı edib və bundan sonra tribunalar “Go Blue!” (Fransa komandasının qeyri-rəsmi adı – red.) şüarını səsləndirməyə başlayıblar.
Fan zonalarında da Makrona qarşı fit və etirazlar eşidilib.
Reqbi üzrə Dünya Kuboku sentyabrın 8-dən oktyabrın 28-dək Fransanın 9 şəhərində keçiriləcək. Turnirdə 20 milli komanda iştirak edir.