Putin - Makron görüşündə gizli bədən dili mesajları - İZAH
Fransa Prezidenti Emmanuel Makronun Moskva səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı liderlərin davranışları hələ də müzakirə edilir.
Ölkə.Az xəbər verir ki, türkiyəli məşhur davranış elmləri mütəxəssisi Aşkım Kapışmak iki ölkə prezidentinin Moskva görüşündəki bədən dilini təhlil edib. O bildirib ki, bu görüş ciddi, amma gizli mesajlarla dolu idi.
Həmin təhlili təqdim edirik:
1.Makron zala daxil olanda pencəyini düymələmir. Bu o deməkdir ki, prezident protokola əməl etməyib səmimiyyət göstərir və yüngül formada “səndən qorxmuram” mesajı verir.
2. Masaya yanında bir nəfərlə gələn Makron Putindən istədiyi qarşılığı ala bilmir. Putin salam verdikdən sonra dərhal dönərək orada dayananlara söz deyir. Putin diqqətini başqa yönə çevirdiyi üçün Makron özünü təcrid edilmiş hiss edərək əlini cibinə qoyur. Makron bu zaman təcrid olunmasına reaksiya vermək və özünü rahatlatmaq üçün belə edir.
3. Putin Makrona “otur” deyir. Makron başını yüngülcə sağa-sola döndərərək oturur. Putin deyir ki, Makron, mən səndən üstünəm.
4. Putin Makronu əli cibində gözləyir. Bu isə “cibimdəsən”, “əlimə düşmüsən” mənasına gəlir.
5. Diqqət çəkən digər məqam isə Putinin Makrona “sən” deyə müraciət etməsidir. Bu davranış Makronun xoşuna gəlir. Makron ana problemi yaşayan biridir. Böyük ehtimalla, o, anaya bağlı və uşaq olanda atası ilə rəqabətə girmiş biridir. Yəni Makron güclü kişiləri həm bəyənir, həm də onlara qəzəblidir. Putin kimi güclü birindən yaxınlıq mesajı almaq (Putinin “sən” deməsi – red.) ona zövq verir.
6. Tərəflərin əyləşdiyi uzun masanın isə deyildiyi kimi koronavirus tədbirləri ilə heç bir əlaqəsi yoxdur. Putin Makrona, NATO-ya daha dəqiq desək, dünyaya meydan oxuduğunu göstərir.
O, masa ilə araya böyük bir məsafə qoyduğunu, ona bundan sonra çatmağın elə də asan olmayacağını, artıq hamı üçün təhdid olduğunu, nəyi nə zaman edəcəyinin qeyri-müəyyən olduğunu demək istəyir.
7. Putin qarşısındakının ondan çəkinməsindən zövq alır. Onun effektiv ünsiyyət gücü qorxutma və görməməzlikdən gəlməkdir. Buna görə də daxili dünyası qorxaq, təriflənməkdən xoşu gələn Makron bu görüş sayəsində seçkiqabağı öz ölkəsində avantaj əldə etdityini düşünür.
8. Belə görüşlərdə təsirli ünsiyyət alınmır, qonaq özünü rahat hiss edə bilmir. Ev sahibi rahat əyləşir və mövzuya istiqamət verir. Görünən odur ki, Makron sadəcə şou göstərib. Görüşün heç bir təsiri olmayacaq. Makron orada özünü göstərdi, Putin isə dünyaya özünü göstərdi.