Avstraliya dünyada travma sonrası stress pozğunluğu (TSSB) və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirən ilk ölkə olub.
Qaynarinfo xəbər verir ki, "Sky News Australia” bu barədə Avstraliya Terapevtik Mallar İdarəsinə (TGA) istinadən məlumat
yayıb.
"Avstraliyalı həkimlər TSSB müalicəsi üçün ekstaz kimi tanınan MDMA dozalarını təyin edə bilərlər. Psilosibin müalicəsi çətin olan depressiyadan əziyyət çəkən insanlara da verilə bilər", deyə məlumatda bildirilir.
Səlahiyyətlilər bu iki dərmanı Terapevtik Mallar İdarəsinin təsdiq edilmiş dərmanlar siyahısına daxil edib və bu, bəzi avstraliyalı alimlərin narazılığına səbəb olub. Qərar iyulun 1-dən qüvvəyə minib.
Səlahiyyətlilər bu addımı bu pozğunluqlar üçün kifayət qədər effektiv müalicə vasitələrinin olmaması ilə izah edib. Eyni zamanda, bu dərmanların yalnız həkim nəzarəti altında istifadə oluna biləcəyi, qeyri-qanuni şəkildə yayıldığı təqdirdə isə "qanunsuz narkotik” sayılacağı vurğulanır.