Yaddaş pozğunluğu zamanı nə etməli?
Yaddaş pozğunluğu beyinin yaddaşla məşğul olan hissəsinin normal işləməməsi səbəbindən meydana çıxır. Yaddaş pozğunluğu zamanı beyin dəfələrlə təkrarlanmayan bir sözü və ya hadisəni xatırlamaqda çətinlik çəkir.
Yaddaş pozğulunğu qısa və ya uzun müddətli ola bilir. O, bir xəstəlik deyil, müxtəlif patologiyaların əmələ gətirdiyi əlamətdir.
Azia.az "milli.az"a istinadən xəbər verir ki, beyinə təsir edə biləcək müxtəlif patoloji xəstəliklər yaddaş pozğunluğunun əmələ gəlməsinə səbəb olur.
Bu zaman isə beyin informasiyanı özündə qısa müddətli saxlayır və ya saxlaya bilmir. Yaddaşsızlıq bir xəstəlik deyil. Bu, sağlam adamlarda da meydana çıxa bilir və qısamüddətli olur.
Yaddaş pozğunluğu zamanı isə xəstə ən yaxın adamını, ona dəfələrlə təkrarlanan sözü və hətta öz kimliyini də unudur.
Belə xəstələr iş yerlərində illərlə təkrarladığı işləri yerinə yetirməyi yaddan çıxarır.
Yaddaş pozğunluqları zamanı xəstə tez-tez və hər gün yerinə yetirdiyi işləri belə yadından çıxarır və xatırlamaqda çətinlik çəkir.
Yaddaşsızlıq bəzən bir çox xəstəliklərin ilkin əlaməti kimi meydana çıxa bilir. Buna görə də mütəxəssislər yaddaş pozğunluğu hiss edilən insanların mütləq həkimə müraciət etmələrini tövsiyə edir.
Çünki bir çox hallarda yaddaş pozğunluğu müalicə edilə bilməyən xəstəliyin ilk əlaməti kimi meydana çıxır. Vaxtında qoyulan diaqnoz isə insanı bu xəstəlikdən xilas edə bilər.
Yaddaş pozğunluğunun meydana çıxmasının bəzən elektron cihazların isitfadəsi ilə bağlı olduğu qeyd edilir.
Bəziləri bunun kompüter və ya bu kimi elektronik cihazların istifadəsi ilə əlaqələndirirlər. Amma araşdırmalar zamanı bu fikir sübuta yetirilməyib.
Uzun müddət istirahətsiz iş rejimi, psixoloji faktorlar da yaddaş pozğunluğuna səbəb ola bilir. Yaddaş pozğunluğunun aradan qalxması üçün onun hansı səbəblərdən meydana çıxmasını araşdırmaq lazımdır.
Bunun üçün ilk növbədə həkimə müraciət etmək, səbəbi tapmaq və onu aradan qaldırmaq lazımdır. Yaddaş pozğunluğunu əmələ gətirən xəstəliyin müalicə edilməsi bu əlamətin aradan qalxmasına səbəb olur.
Bəzən bu müalicə uzun zaman tələb edir və hətta reabilitasiya müddətinə ehtiyac duyulur. Yaddaş pozğunluğunun aradan qalxmasında həkimlə bərabər ailə və ətrafdakıların da rolu olmalıdır.
Hansı xəstəliklər zamanı yaddaş pozğunluqları baş verə bilir?
Ən uzunmüddətli yaddaş pozğunluğu Alsheymer xəstəliyi zamanı baş verir, amma hər yaddaş pozğunluğuna Alsheymer diaqnozu qoyula bilməz. Bir çox xəstəliklər yaddaş pozğunluğuna səbəb ola bilir.
Beyin damarlarının tutulması, qalxanabənzər vəzi pozğunluqları, B12 və fol turşusu və bir çox maddə çatışmazlığı, ürək, qaraciyər və böyrək xəstəliklərinin beyinə təsiri baş verdikdə, Parkinson xəstəliyində, mərkəzi sinir sisteminin bir çox xəstəlikləri zamanı yaddaş pozğunluqları xəstəliyin ilk əlaməti kimi meydana çıxır.
Bu səbəblərə görə yaddaş pozğunluğunun meydana çıxdığı zaman tez bir müddətdə həkimə müraciət etmək lazımdır.
Yaddaş pozğunluğundan söhbət getdikdə ilk ağıla gələn hipotirozdur. Qalxanvari vəzin hormon çatışmazlığı yaddaş pozğunluğunu əmələ gətirən ilk faktorlandandır.
İş və sosial həyatda yaddaş pozğunluğu.
Xəstəlik və ya yorğunluq səbəbindən asılı olmasına baxmayaraq, yaddaş pozğunluğu insanın sosial həyatına və işinə birbaşa mənfi təsir göstərir.
Bu patoloji əlamət iş həyatınının pozulmasına səbəb olan əsas amildir. Yaddaş pozğunluğu istənilən yaş dövründə meydana çıxa bilir və insanın həyatını korlayır.
Yaddaş pozğunluqları zamanı qidalanma
Yalnız yaddaşsızlıq zamanı deyil, digər zamanlarda da beyinin yaxşı qidalanması üçün ona müsbət təsir edən qidalarla qidalanmaq lazımdır.
Beyində yaddaşla əlaqədar problemlərin meydana çıxmaması üçün xəstəlik olmadıqda belə B qrup vitaminləri ilə zəngin qidalarla qidalanmaq lazımdır. Tərkibində fol turşusu, maqnezium, maqnium olan qidalar da beyin fəaliyyətinə müsbət təsir göstərir.
Düzgün olmayan qidalanma, normal yatmamaq, siqaret və içki, narkotik maddələr yaddaşsızlığın meydana çıxmasına səbəb olan amillərdəndir.
Sağlam bir beyinə sahib olmaq üçün yuxu və qida rejiminə nəzarət etmək, açıq havada gəzmək, beyin məşqləri etmək lazımdır. Bunlar sağlam beyin üçün lazım olan amillərdəndir.
Mütəxəssislər tez-tez yaddaş problemləri yaşayan insanlara həkimə getməyi və nevrologi müayinələr etdirməyi məsləhət bilir.