azia.az
azia.az

Tehrandan Moskvaya raket "zərbəsi": Putinin cavabı nə olacaq?

12-11-2022, 15:56


İran İslam Respublikası Rusiyaya Ukraynada apardığı müharibədə istifadə etmək üçün "yer-yer" tipli qısa mənzilli ballistik raketlər verməkdən boyun qaçırıb.

Səbəb Moskva və Tehran arasındakı "raket sövdələşməsi" ilə bağlı İrandakı mollakratiyaya Qərbin çox sərt təzyiqlər göstərməsidir.

İranın klerikal rejimi onsuz da həddən ziyadə sərtləşdirilmiş sanksiyalar və embarqo rejimini daha da ağırlaşdırmamaq üçün Rusiyaya ballistik raketlər yollamaq fikrindən daşınıb.

Eyni zamanda, İranla Rusiya arasında əldə edilmiş ilkin razılaşmalara rəğmən, Tehran Moskvaya kamikadze PUA-ların yeni partiyasının göndərilməsini gecikdirir.

Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin Tehrana qəfil səfəri məhz bu problemin həlli cəhdlərinə xidmət edirdi. Lakin Tehranda aparılan danışıqlar Moskva üçün qənaətbəxş nəticələr verməyib.

Ukraynadakı müharibədə Rusiya İrandan aldığı "Mohajer-6" kəşfiyyat-zərbə və "Shahed-136" kamikadze PUA-larından geniş miqyasda istifadə edir. Rusiya ordusu Ukrayna şəhərlərinə və kritik önəm daşıyan infrastruktur obyektlərinə məhz bu "Shahed-136"lar vasitəsilə zərbələr endirir.

Danılmaz faktlara rəğmən, rəsmi Tehran hələ də inadla "biz Rusiyaya PUA satmırıq" deyir.

Rusiya və İran arasında əldə edilmiş yeni razılaşmaya görə, Tehran Moskvaya onlarla "Mohajer-6" və yüzlərlə "Shahed-136"lardan ibarət yeni PUA-lar partiyası yollamalı idi. Bununla yanaşı, İran Rusiyaya 300 km hədəf məsafəsinə malik "Fateh-110" və 700 km hədəf məsafəli "Zolfaghar" qısa mənzilli ballistik raketlər satmağa da razılaşmışdı.

Anlaşmanın şərtərinə görə, PUA-larla raketlər gəmilərlə İranın Ənzəli limanından Rusiyanın Həştərxan şəhərinə daşınmalı, sonra Rusiya ərazisində yığılmalı və yenidən boyanmalı idi.

Məsələn, bu "proses" nəticəsində Rusiya İrandan aldığı "Shahed-136" kamikadze PUA-larını guya "öz istehsalı" olan "Geran-2" kimi qələmə verir.

Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin rəsmi Tehranın vədlərinə əməl etməməsi ilə bağlı tutacağı mövqe maraqlıdır.

Ukraynada apardığı müharibə səbəbindən beynəlxalq təcridə və Qərbin çox sərt pressinqinə məruz qalan Rusiya hazırda İranla heç bir vəchlə münasibətlərini sərinləşdirə bilməz.

Çünki İran indi Rusiyanın azsaylı "müttəfiq"lərindən biri sayılır.

Digər tərəfdən, Tehranın belə demarşının cavabsız qoyulması Rusiyanın Yaxın Şərqdəki geosiyasi imicinə ciddi zərbə vura bilər.

Şərqdə isə zərbə alıb susanların nüfuzu olmur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi