“Diplomatiya şeyxi"nin dövlət imtahanı...
Və ya “İranda nə baş verir” sualının cavabları...
ABŞ hökumətinin İrana bir tərəfdən embarqoları artırması, digər tərəfdən danışıqlar təklif etməsi Tehranda onsuz da gərgin olan ab-havanı daha da gərginləşdirir. Doğrudur, hazırkı hökumət çox yüksək səslə olmasa da, Vaşinqtonla danışıqlara açıq olduğuna işarə edir. Hətta prezident Həsən Ruhani canlı yayında etdiyi çıxışda bildirib ki, Vaşinqton nüvə anlaşmasına dönməyi qəbul edərsə, müzakirələri davam etdirə bilər.
Ancaq İranın hərbi elitası prezident kimi düşünmür. Daxili siyasətdə kifayət qədər söz sahibi olan generallar hesab edir ki, Trampın bir tərəfdən embarqo tətbiq edib, o biri tərəfdən danışıqlar təklif etməsi özü psixoloji təzyiqdir. Çünki ABŞ rəsmiləri açıq şəkildə elan edir ki, embarqolarla İran iqtisadiyyatını çökdürməyə çalışacaqlar.
İranın müdafiə naziri, general Əmir Hatəmi Vaşinqtonun müzakirə təklifinə etiraz edib. İsfahanda elektrooptik sənayesi müəssisəsində etdiyi çıxışında general Hatəmi hərbi-siyasi vəziyyətə də toxunub.
General Hatəmi deyib ki, düşmənlər İranın sərhədlərində təhlükəli vəziyyət yaratmağa çalışır. General deyib ki, düşmənlər İranı iqtisadi müharibələr və embarqolar vasitəsilə zəiflətməyə çalışır. Eyni zamanda deyib ki, Trampın İrana ön şərt olmadan danışıqlar təklifi ölkəyə qarşı siyasi, iqtisadi, mədəni və psixoloji təzyiqdir.
İran ordusunun sözçüsü Əbu Fasil Şəkarçi isə deyib ki, İran Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin əsas təminatçısıdır, başqa bir ölkənin bu mövzuda nə isə danışmağa haqqı yoxdur. Eyni zamanda general siyasi liderlərin “düşmən qarşısında boyunlarını əymələrini” qınayıb və xalqın boynunu əyməyə icazə verməyəcəklərini bildirib.
İranda hadisələr indi bir neçə istiqamətdə davam edir. Birinci istiqamət ölkə daxilində siyasi gərginlik, hökumətin uğursuzluğu ilə bağlı yaranmış gərginlik və rəqabət... İkinci istiqamət İran hökumətinin xarici təzyiqlərin, embarqonun yaratdığı xəsarətləri aradan qaldırmaq, yaxud da minimuma endirmək çalışmaları... Nəhayət, beynəlxalq siyasi və iqtisadi tərəfdaşlar ilə anlaşmağa çalışmaq, ABŞ-ın sanksiyalarını dələrək xarici ticarət səviyyəsini qoruyub, saxlamaq...
Tərəddüd edən Avropa...
ABŞ-ın embarqolarının birinci dalğası artıq bir sutkadan çoxdur ki, başlayıb. Əsas dalğa isə yəqin ki, noyabrda olacaq. Çünki noyabrın əvvəlində ABŞ-ın İrana qarşı neft embarqosu qüvvəyə minəcək və bu zaman amerikalılar ehtimal edir ki, İranın indiki gündəlik 2,3 milyon barrellik neft ixracatı bir neçə dəfə azalacaq, minimuma düşəcək və ölkə iqtisadi defolta yuvarlanacaq. İlkin etapda artıq İrana qarşı avtomobil sənayesi və digər sahələrə embarqolar işə düşüb. Ötən gün “Mercedes” firması İrandakı fəaliyyətini dayandırdığını elan edib. Almaniya hökuməti isə Tehrana ödəməli olduğu 300 milyon avroluq ödənişi dayandırıb.
Ancaq Avropadan az da olsa, dirəniş var. İranın xarici işlər naziri Cavad Zərifin Brüsselə səfərindən sonra AB xarici siyasət və təhlükəsizlik siyasəti təmsilçisi Federiko Moqerini İranla ticarətin davam edəcəyini bəyan edib. Bundan sonra isə Moqerininin müavini Natali Toçi bildirib ki, Amerikanın embarqolarına tabe olan və İranı hədəfə alan şirkətlərə qarşı AB tərəfindən məhdudiyyətlər tətbiq olunacaq. O, bunu Avropa şirkətlərinin Amerika embarqoları qarşısında müdafiə edilməsi cəhdi kimi izah edib. Eyni zamanda bununla nüvə anlaşmasını qorumağa çalışdıqlarını deyib.
Lakin görünən odur ki, Avropanın iri şirkətləri İranla ticarət naminə Trampın “zərbəsi” altında qalmaq istəmirlər. Avropa Birliyinin cəhdləri isə hələlik çox zəif görünür.
Qazanan Asiya...
Belə görünür ki, Asiyanın nəhəngləri İran-Tramp qovğasından çox razıdır. Məsələn, İrandan Çinə neft ixracatı iyun ayında gündəlik 722 min barrel olduğu halda, iyulda bu rəqəm 799 min barrelə yüksəlib. Çinin İrandan neft idxalının getdikcə daha da artacağı güman olunur. Bunun bir səbəbi ucuz qiymətlərdirsə, digər səbəbi Çin və ABŞ arasında idxal vergiləri səbəbilə yaranmış gərginlikdir. Eyni zamanda Çin Avropa şirkətlərinin boşaltdığı yerləri doldurmağa çallışır, bunun üçün Pekin və Tehran arasında ciddi danışıqlar aparılır.
Başqa bir Şərq nəhəngi Hindistan isə ABŞ-la isti münasibətlərinə rəğmən İrandan neft alışını artırıb. İyun ayı ilə müqayisədə Hindistan İrandan neft idxalını gündəlik daha 40 min barrel artırıb və iyunda gündəlik idxal 706 min barrelə yüksəlib. İranlı mütəxəssislər neft ixracatının səviyyəsinin azalmayacağını ehtimal edirlər. Ən son olaraq iyul ayında İranın gündəlik neft ixracatı 2 milyon 320 min barrel olub. Bunun da 60 faizdən çoxunun alıcısı Hindistan və Çindir.
Eyni zamanda ABŞ-ın Uzaq Şərqdəki ən yaxın müttəfiqi olan Yaponiya da zəif səslə də olsa, Trampın İran embarqosuna müqavimət göstərir. Tokio və Vaşinqton arasında baş tutan İran embarqoları ilə bağlı danışıqların ikinci raundu də nəticəsiz başa çatıb. Hazırda aktiv diplomatiya aparan Tehran Trampın “embarqo kabusu”nu sındırmağa çalışır.
Ruhani üçün çətin imtahan...
Hər nə qədər uğurlu siyasətçi, təcrübəli diplomat (Həsən Ruhaniyə Diplomatiyanın Şeyxi deyilir – K.R.) olsa da, indi Həsən Ruhani üçün çətin dönəmlərdir. İran prezidentinin seçki vədlərinin mərkəzində dayanan nüvə anlaşması faktiki olaraq pozulub, Amerika nüvə anlaşmasından çıxıb, faktiki olaraq müqavilənin taleyi sual altındadır. Üstəlik embarqolar yenidən qüvvəyə minir, Qərb şirkətləri ilə əməkdaşlıq planı faktiki olaraq fiaskoya uğrayır. Buna paralel olaraq ölkə daxilində devalvasiya sürətlə gedir. Ən son olaraq Milli Bank sədrinin dəyişməsindən sonra İran rialı 120 min-1 dollar səviyyəsindən 90 min rial səviyyəsinə ensə də, ümumilikdə İran valyutası amansız zərbələr alıb. Günbəgün davam edən inflyasiya əhalini də artıq ayağa qaldırır, bir sıra böyük şəhərlərdə əhali etiraz aksiyaları keçirir. Hələlik etirazlar geniş miqyas almasa da, İran kimi dinamik, gənc ölkədə bu cür sosial etirazların yayılması riski hökumət üçün hər zaman var.
Çevriliş olacaqmı?
Və nəhayət, siyasi müxaliflər... Mühafizəkar qanad, o cümlədən SEPAH generalları Həsən Ruhaninin Amerika ilə anlaşmasına qarşı idilər. İndi isə necə deyərlər, Tramp və zaman mühafizəkarları haqlı çıxardı. Və indi Həsən Ruhani İran generalları ilə həmrəy olmağa məhkumdur. Generallar isə danışıqları, Amerika ilə anlaşmanı təslimçilik adlandırırlar. Çünki aydın məsələdir ki, Trampın əsas şərti nüvə məsələsi deyil, çünki nüvə anlaşması onsuz da vardı. Tramp və komandası İrandan Yaxın Şərqdəki fəaliyyətlərini məhdudlaşdırmağı, yəni silahlı islamçı müqavimət hərəkatlarına dəstəyi, İsrail üçün birbaşa təhdid yaradan ballistik raket proqramını dayandırmağı tələb edir. Bu isə İranın mühafizəkar İslam İnqilabı Cəbhəsinin ideoloji baxışlarına ziddir. Doğrudur, Ruhaninin mənsub olduğu cəbhənin daxilində bir çoxları İranın Yaxın Şərqdəki silahlı qruplara, o cümlədən Fələstin silahlı qruplarına dəstək verməsindən məmnun deyil. Onlar hesab edirlər ki, İran Fələstin məsələsinə həddən artıq müdaxilə edir. Lakin mühafizəkar qanad İslam İnqilabının lideri Ruhullah Xomeyinin qoyduğu xətdən kənara çıxmağa qarşıdırlar.
Ancaq hər nə qədər mühafizəkar qanaddan təpkilar çox olsa da, İranda prezidentin devrilməsi real görünmür. Baxmayaraq ki, indi bir çoxlarına görə, Ruhani istefa verərsə, ölkədə siyasi-iqtisadi böhranı yumşaltmaq üçün müəyyən addımlar atıla bilər.
Ancaq hazırda ölkədə iqtisadi və sosial vəziyyətin həddən artıq ağır olması, inflyasiyanın davam etdiyi bir zamanda prezidentin istefa verməsi və ya göndərilməsi ölkədə xaosa yol aça bilər. Üstəlik bu hadisə ordunun siyasətə növbəti müdaxiləsi kimi qəbul oluna bilər, bu isə İran cəmiyyəti üçün növbəti travma olardı. 2009-cu ildə Mahmud Əhmədinejadın ikinci dönəm seçkilərində ordunun Əhmədinejad lehinə siyasətə müdaxiləsi ölkədə böyük travmaya səbəb olmuşdu. Hansı ki, yaraları hələ də qalır. Bu səbəbdən də hər iki tərəf ən üst məqama diqqət kəsilib.
Ali dini lider isə təmkinlidir. Hökumətin addımlarından narazı olduğunu büruzə versə də, tərəfdarlarının çox irəli getməsinə də imkan vermir. Bununla da hər iki cinahın bu vəziyyətdə birləşərək, ortaq çalışmasına nail olmaq istəyir. İstənilən halda məsuliyyət hazırkı hökumətin üzərindədir və bu, içəridəki siyasi balansın dini lider tərəfindən qorunmasına yardım edir. Çünki hələlik hər iki tərəfin qəbul edib, hesablaşdığı məhz ali dini liderdir.
Kənan Rövşənoğlu,