Qarabağ müharibəsinin dünya silah bazarına təsiri: ŞOK FAKTLAR
2020-ci ildə baş verən 3 vacib hadisə bundan sonrakı növbəti, yəni 2021-ci ildə Pilotsuz Uçuş Aparatları (PUA) bazarında canlanma yaratdı. 2020-ci ildə Türkiyənin Suriya və Liviyada, Azərbaycanın Qarabağda PUA-larla düşmən qüvvələrinin ordularını məhv etməsi dünyanın bu silahlara olan marağını artırdı və PUA bazarında tələbat artdı.
2021-ci ildə bir çox dövlətlərin rəsmi orduları, araşdırma mərkəzləri, ekspert dairələri PUA-lara, onların müasir dövrün müharibələrinə təsirinə, onlara qarşı mübarizə vasitələrinə xüsusi diqqət ayırıb. Bir çox ekspertlər PUA-ların müharibənin aparılması qaydalarına dəyişiklik etdiyini qəbul edir.
Araşdırmalar da göstərir ki, 2021-ci ildə PUA bazarında ciddi artım müşahidə edilib. “ResearchAndMarkets” mərkəzinin hesabatına görə, qlobal hərbi PUA bazarının həcmi 2020-ci ildəki 12,85 milyard dollardan 2021-ci ildə 14,61 milyard dollara qədər artıb. Bazarın 2025-ci ildə 32,14 milyard dollara çatacağı gözlənilir. “Jane’s” analitiklərinin fikrincə, yaxın 10 ildə bütün dünyada 80 mindən çox hərbi PUA alınacaq.
PUA-larla yanaşı bu platformalarda istifadə edilən faydalı yüklər bazarında da ciddi artım müşahidə edilir. “TealGroup”un məlumatına görə, PUA-larda istifadə edilən elektro-optik/infraqırmızı sensorlar (EO/İQ), SAR radarları, siqnal kəşfiyyatı (SIGINT) və radioelektron mübarizə (REM) vasitələri satışlarında artım qeydə alınıb.
Suriya, Liviya və Azərbaycanın Qarabağ bölgəsində baş verən müharibədə Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin və REM vasitələrinin PUA-larla məhv edilməsindən sonra bu silahlara qarşı sistemlərin inkişaf etdirilməsi və alınması da xüsusi diqqət mərkəzində olub. “ResearchAndMarkets” mərkəzinin hesabatına görə, qlobal antidron sistemləri bazarında böyümə qeydə alınıb. 2021-2026-cı illərdə bu bazar hər il orta hesabla 28% artmağa davam edəcək. Bu sahədə önə çıxan şirkətlər “Drone Major Limited”, “DroneShield”, “Israel Aerospace Industries”. “Liteye Systems”, “Lockheed Martin”, “Saab”, “Thales”, “Raytheon Technologies” şirkətləridir.
Qlobal PUA bazarında əsas trendlərdən biri də, artıq ABŞ və İsrail kimi ənənəvi oyunçuların dominatlıq edə bilməməsidir. Türkiyə, Çin, İran, Rusiya kimi ölkələr öz PUA-larını istehsal edərək bazara təqdim edirlər. Yaxın Şərqin bir çox ölkəsində, eləcə də ABŞ-la müttəfiq olan Səudiyyə Ərəbistanı və BƏƏ-də Çin istehsalı PUA-lar var. İran isə Livan, Yəmən, İraq və Fələstində dəstəklədiyi qüvvələrə yerli istehsal PUA-ları ötürüb. Bundan başqa Venesuelaya da İran PUA-larının tədarük edildiyi qeyd olunur.
Türkiyə isə PUA bazarında çox sürətlə yüksələn bir aktordur. 2021-ci ildə satışlarını çox sürətlə artırıb. “Bayraktar TB2” zərbə PUA-larının istehsalçısı olan “Baykar” şirkəti gəlirlərinin 70%-dən artığının bu silahların satışından əldə etdiyi açıqlayıb. Rəsmi məlumata görə, “Bayraktar TB2”lərin satıldığı ölkələrin sayı 13-dür.
Türkiyənin PUA satışları ilə bağlı digər maraqlı məqam tədarüklərin coğrafiyasının da genişlənməsidir. Silah satışlarında Rusiya bazarı kimi təqdim edilən Mərkəzi Asiyanın iki ölkəsi Türkmənistan və Qırğızıstan artıq Türkiyənin “Bayraktar TB2” zərbə PUA-larından istifadə edir. Qazaxıstanın isə “Anka” PUA-ları sifariş verdiyi qeyd olunur. Silah yarışının gücləndiyi və qlobal oyunçuların yeni bazar olaraq gördüyü Afrikaya da Türkiyə PUA-larının satışına başlanılıb. Artıq Mərakeş, Nigeriya, Liviya, Efiopoya kimi ölkələrə Türkiyə PUA-larının satılması barədə xəbərlər yayılıb.
2021-ci ili Türkiyə PUA-ları üçün daha da xüsusi edən onların NATO ölkəsinə satılmasıdır. Avropa İttifaqının da üzvü olduğu Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” zərbə PUA-ları alıb. Macarıstanın isə “Karayel Su” PUA-ları ilə maraqlandığı bildirilir.
Bazarda müşahidə edilən digər trend mövzulardan biri isə yerli PUA proqramlarının başladılmasıdır. İrili-xırdalı çox sayda ölkə yerli PUA istehsalına başlayıb. Xüsusilə Asiyada Cənubi Koreya, Yaponiya, Sinqapur, Hindistan, İndoneziya və Malayziya kimi ölkələr tərəfdaşlarından dəstək alaraq öz silahlarını istehsal etmək niyyətindədirlər.
İl ərzində PUA bazarında müşahidə olunan digər vacib məqam bu silahların Süni Zəka (SZ) texnologiyası ilə təchiz edilməsi olub. İlin ortasında BMT-nin SZ ilə işləyən PUA-nın ilk dəfə döyüşdə tətbiq edilməsi ilə bağlı hesabatı dünyanın gündəminə bomba kimi düşdü. Məlumata görə, Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Kargu 2” adlı kamikadze tipli PUA Liviyada qiyamçı feldmarşal Xəlifə Həfətərə bağlı silahlılara operatorun nəzarəti olmadan zərbə endirib və zərbə nəticəsində xəsarət alanlar olub. Bundan sonra mətbuatda yenidən SZ-nin etik tərəfləri müzakirə olunmağa başlayıb. Daha sonra Türkiyə ordusuna təhvil verilən “Akıncı” PUA-larının da SZ texnologiyası daşıdığı bildirilib. Rusiya, Çin, Cənubi Koreya şirkətləri də öz istehsal etdikləri PUA-lara SZ texnologiyası inteqrasiya etməkdə maraqlı olduqlarını bildiriblər.
3D çap texnologiyası ilə PUA istehsal edən aktorların olması xüsusilə təhlükəli hesab edilir. Bu texnologiyadan istifadə etməklə terror qrupları və digər qeyri-dövlət aktorları daha təhlükəli fəaliyyətlər icra edəcək.
Bu il bir neçə şirkət PUA-ları sürü halında istifadə etmək üçün sınaqlara başlayacaqlarını da elan edib. Eyni zamanda “New Scientist” nəşrinin məlumatına görə, may ayının ortalarında Qəzza zolağında keçirilən hərbi əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri HƏMAS üzvlərini aşkar etmək, müəyyən etmək və onlara hücum etmək üçün PUA sürülərindən istifadə edib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi nəşrə bildirib ki, İsrail istiqamətində çoxsaylı raket buraxılışları həyata keçirilən döyüş bölgəsində bir dəstə PUA-dan istifadə edilib: “Bildiyimiz qədəri ilə bu, dünyada bu növdən ilk istifadədir”. Sürülərdə “Elbit Systems” şirkəti tərəfindən istehsal edilən 9 kiloqram partlayıcı yük daşıyan kvadrakopterlərdən istifadə edilib.
PUA bazarında yeni daxil olan Rusiya da bu il bir qədər bu sahədə fəallıq nümayiş etdirib. Rusiya rəsmiləri bu il 50-dən çox “Orlan-10” PUA-larının xaricə tədarük edildiyini bildiriblər. Eyni zamanda “Oxotnik” PUA-ları üzərində işlər yekunlaşdırılmaq üzrədir.
Ümumilikdə, bu il müxtəlif dairələrdə PUA-ların etik müzakirələri davam etdirilib. BMT-də PUA-larla bağlı vahid normaların qəbul edilməsi təklif edilib.