azia.az
azia.az

Liz Trassın çıxdığı nahamar trass- Tetçerə bənzəməyə çalışan ledi "dəmir" ola biləcəkmi?

31-08-2022, 11:37

Liz Trassın çıxdığı nahamar trass- Tetçerə bənzəməyə çalışan ledi "dəmir" ola biləcəkmi?
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və baş nazirin adı sentyabrın 5-də, Bakı vaxtilə saat 16:30-da bilinəcək. Partiyanın yeni rəhbəri ya Trass, ya da keçmiş maliyyə naziri Rişi Sunak olacaq. Onlar Boris Consonu əvəzləmək üçün seçkilərin final turuna çıxıblar. “Tori”lərin hakim partiya olduğunu nəzərə alsaq, partiyadaxili səsvermənin qalibi avtomatik hökumətə başçılıq edəcək.
Rəy sorğuları Trassa üstünlük verildiyini açıqca göstərir. Onun ölkə tarixində üçüncü qadın baş nazir olmaq şansı var. Liz Trass doqquz yaşlı məktəbli ikən tamaşada Marqaret Tetçerin rolunu oynayıb. Ssenaridə interaktiv elementlər varmış. Liz seçki təşviqatı nitqi söyləyib, sonra tamaşa iştirakçıları səs veriblər. “Mən bir səs də almadım. Hətta özüm də özümə səs verməmişdim”,- Trass xatırlayır.

Hadisə Şotlandiyanın Peysli şəhərində baş verib, Lizin valideynləri ora qızları doğulandan qısa müddət sonra köçübmüşlər. "Hətta o yaşda da başa düşdüm ki, Şotlandiyanın qərbində mühafizəkar olmaq gerilikdir",- Trass etiraf edir.
Orada o, valideynləri ilə birlikdə çox həvəslə nümayişlərə çıxıb və ürəkdən qışqırıb: “Meqqi, Meqqi, Meqqi! Rədd ol! Rədd ol! Rədd ol!” Valideynləri formal olaraq leyborist idilər və buna uyğun da səs verirdilər. Əslində isə Lizin atasının dediyi kimi, onlar “ən solçu leyboristlərin də solunda” idilər və hələ də bu fikirdə qalırlar. Lizdən fərqli olaraq.


Siyasətlə maraqlanan və Oksforda daxil olan Liz (burada o, fəlsəfə, siyasət və iqtisadiyyat üzrə ixtisaslaşıb – bu ixtisasları adətən peşəkar siyasətlə məşğul olanlar seçirlər) Böyük Britaniyanın Liberal-Demokrat Partiyasının (LDP) sol qanadına qoşuldu. Məktəbi bitirəndə artıq partiyanın ulduzu idi.

Trass Oksfordun partiya-tələbə birliyinə rəhbərlik edib və partiyanın milli gənclər komitəsinin üzvü olub. LDP-də onun karyerası təmin edilmiş kimi görünürdü. Ancaq hamı üçün gözlənilmədən Mühafizəkarlar Partiyasına keçdi və Marqaret Tetçeri öz kumiri elan etdi.

Özü bu keçidi çox sadə izah edir: "Mən bəzi torilərlə tanış oldum və başa düşdüm ki, onlar ikibaşlı əjdəhalar deyil, olduqca gözəl insanlardır". Dostları onun transferinin daha dərin səbəbləri olduğunu deyirlər. 1990-cı illərin əvvəllərində o, Şərqi Avropanın bir neçə ölkəsində olub. Bu ölkələr öz azadlıqlarını təzəcə bərpa etmişdilər. Yeni azadlıq duyğusu Lizin də başını dumanlandırdı.

Partiyadan partiyaya keçən Trass karyera ambisiyalarını rəhbər tutaraq, bütün mühafizəkarların kumiri Uinston Çörçill kimi hərəkət edib. O da vaxtilə Mühafizəkarlar Partiyasından Liberal Partiyaya keçmiş, sonra geri qayıtmışdı. Lakin buna görə heç kim onu günahlandırmır.


Daha sonra “Brexit” zamanı gələndə Liz Trass da dəyişən dünya ilə birlikdə dəyişmək qabiliyyətini bir daha göstərdi. O, Aİ-dən çıxmağın əleyhinə idi, lakin referendumdan sonra fikrini kəskin şəkildə dəyişdi. Özü bu haqda danışmağı heç də sevmir.

Liz Trass parlamentə 2010-cu ildə üçüncü cəhddən sonra düşdü. O vaxt iki böyük şirkətdə - neft və qaz şirkəti olan “Shell”də və telekommunikasiya şirkəti olan “Cable & Wireless”də mühasib işləyirdi. O, yeni seçki dairəsi “Norfolk South West”də 13 min səslə qalib gəldi və iki il sonra hökumətə dəvət olundu. İlk vəzifəsi təhsil və uşaqlara qayğı üzrə nazir müavini olub. İki il sonra artıq Ekologiya, Ərzaq və Kənd Təsərrüfatı Naziri vəzifəsində Nazirlər Kabinetinin tamhüquqlu üzvü idi.

2016-cı ildə Trass lord kansler vəzifəsinin min illik tarixində bu postunu tutan ilk qadın oldu. Bu vəzifədə işlədiyi 11 ay ərzində qədim, lakin ləğv olunmamış etiket qaydalarına əsasən, formal olaraq krallığın ən yüksək vəzifəli məmuru sayılıb. Lord kansler titulu müvafiq rütbələr cədvəlində hətta baş nazir postundan da yüksəkdir. O eyni zamanda ədliyyə naziri vəzifəsini də icra edirdi.

Onun növbəti vəzifəsi Xəzinədarlığın Baş Katibi oldu və bu onu nazirdən sonra Xəzinədarlıqda ikinci şəxs etdi. Bunun ardınca Qadınlar və Bərabərlik üzrə kiçik nazir vəzifəsi gəldi. Nəhayət, 2021-ci ilin sentyabrında o, Britaniya tarixində xarici işlər naziri vəzifəsini tutan ikinci qadın oldu.

İndiki vəzifəsində o, çox uğurlara imza atıb. İranda casusluq ittihamı ilə həbs edilən Britaniya vətəndaşlarının azad olunmasına kömək edib. Bundan başqa, ölkənin Aİ-dən çıxmasından sonra Britaniyanın aparıcı ticarət tərəfdaşları ilə yeni ticarət sazişləri üzrə danışıqlar aparmaq vəzifəsini mükəmməl yerinə yetirib. Dünyanın 64 ölkəsi ilə Aİ-nin xarici dövlətlərlə bağlanmış müqavilələrini təkrarlayan yeni sazişlərin bağlanmasını təmin edib.

Onu bir neçə dəfə qınayıblar ki, imzaladığı müqavilələr qarşı tərəf üçün çox faydalıdır. Buna baxmayaraq, hamı razılaşdı ki, tez bağlanan müqavilələr heç bir perspektivi olmayan və ya uzunmüddətli danışıqlardan daha yaxşıdır.

Liz Trass uzun illər ərzində ən anti-Rusiya mövqeli Britaniya Xarici İşlər Naziri hesab olunur. O, artıq hamıya yaxşı məlum olan şeyə səssiz qalmağa lüzum görmür: Rusiya və Britaniya əsrlərdir bir-birlərinə qarşı ehtiyatlı və hətta düşmən münasibət bəsləyirlər. Tərəflərin hər birinin İvan Qroznının Birinci Yelizavetaya uğursuz elçiliyindən başlayaraq bir-birinə qarşı uzun iddia siyahısı var. Çoxəsrlik inamsızlıq refleksə çevrilib. Təəccüblü deyil ki, Britaniya Kiyevin tərəfini tutan qüvvələrə rəhbərlik edir.

Amma Liz Trass siyasi karyerası üçün şəraitdən istifadə etməyə çalışmasaydı, siyasətçi olmazdı. Elə buna görə də, Rusiyaya qarşı sərt münasibət onun mühafizəkarların lideri və ölkənin baş naziri postuna seçki kampaniyasının mühüm elementlərindən birinə çevrilib. Bir çox ekspertlər deyirlər ki, Trass finala həm də Rişi Sunak tərəfdarlarının “taktiki səsverməsi” sayəsində yüksəlib. Deyilənə görə, Sunaka publika qarşısında yaxşı danışa bilməyən, iqtisadiyyat və maliyyədən başı çıxmayan və Boris Consona həddən artıq güzəştə gedən Trassla rəqabət aparmaq sərfəlidir. Əgər belədirsə, Sunakın tərəfdarları ifrata varıblar. Sunak güclü siyasətçidir, lakin son dərəcə acıdildir. Ölkə sosial-iqtisadi böhran yaşayır: qiymətlər maaşlardan daha sürətlə yüksəlir. Əgər Boris Conson istefaya getməzdən əvvəl bu məsələ ilə bağlı bütün iddiaları öz üzərinə götürürdüsə, indi tənqidçilər Sunakın üzərinə düşüblər.

Namizədlərdən təsəlli gözləyənlər var, lakin onları yalnız Liz Trass səsləndirir. Rişi Sunak keçmiş hökumətin maliyyə siyasətini (xatırlatmaq lazımdır ki, öz siyasətini) qətiyyətlə müdafiə edir və seçiciləri ona inanmağa çağırır. Çünki o, Liz Trassdan fərqli olaraq mütəxəssisdir (keçmiş də olsa, maliyyə naziridir).

Sunakın acıdilliyinə şəxsi durumu də əlavə olunur. O, Britaniyada vergi ödəyicisi statusuna malik olmayan hindistanlı milyarderin qızı ilə evlidir. Ölkənin ən varlı adamları siyahısına daxil edilib ki, bu da siyasətçi üçün mənfi xal gətirir.

Trass, Sunakın tam əksi kimi görünür. Həyat yoldaşı mühasibdir. Onların iki qızı var. Sarı mətbuatda adı tez-tez keçən Rişi Sunakdan fərqli olaraq Trass etiraf edir ki, "siyasətdən kənarda onun həyatı olduqca bayağıdır".
Liz çox gəzir, qızları ilə yemək bişirməyi sevir, çoxlu mütaliə edir.
Onun Consona sədaqəti partiya üzvləri arasında populyarlığını artırır. Çünki onların çoxu Consonun hakimiyyətdən uzaqlaşdırılmasından hiddətlənib.

Bütün bunların nə ilə nəticələnəcəyi isə 5 gündən sonra bilinəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi