Duqinanın ölümündə günahlandırılan qadınla bağlı TƏFƏRRÜATLAR: Natalya Vovk kimdir?
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın qətlinin arxasında dayandığını iddia etdiyi Natalya Vovkla bağlı naməlum təfərrüatlar ortaya çıxıb.
FSB Natalya Vovk adlı ukraynalı qadının görüntülərini paylaşıb. Sui-qəsdi törətdiyi iddia edilən Vovk bir anda dünya gündəminin bir nömrəli manşetinə çevrilib. Rusiya iddia edib ki, Vovk həftələrdir Darya Duqinanı izləyən və Azov batalyonu ilə əlaqəsi olan ukraynalı casusdur. Qətllə hər hansı əlaqəni inkar edən Kiyev administrasiyası bildirib ki, Vovkun onlara xidmət etdiyinə dair heç bir sübut yoxdur və Moskvanın bəyanatları ziddiyyətlidir.
Bəs, Natalya Vovk kimdir?
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) qeyd edib ki, Natalya 1976-cı ildə Ukraynanın Mariupol şəhərində anadan olub. Kreml yönümlü Telegram kanalları qadının soyadının “Şaban” olduğunu irəli sürüb. “Vkontakte”də silinmiş profil isə bu iddiaları təsdiqləyib. Saytda sonuncu dəfə 2016-cı ildə aktiv olan Natalya Şabanın (Vovk) profilinin olduğu qeyd olunub.
FSB iddia edir ki, iki uşaq anası olan qadın, sui-qəsddən əvvəl aparacağı müşahidə üçün qızı Sofiyanı da Rusiyaya gətirib. Qurumun yaydığı məlumat və görüntülərə əsasən, Vovk iyulun 23-də 12 yaşlı qızı ilə birlikdə ölkəyə daxil olub. Qondarma "Donetsk Xalq Respublikası" nömrəli “Mini Cooper” markalı avtomobillə sərhədi keçən qadın ölkəyə daxil olduqdan sonra nömrəsini dəyişib, Moskvaya gedərək Duqina ilə eyni binada mənzil kirayələyib. Kirayə qaldığı mənzildə həftələrlə Daryanı izlədiyi deyilən qadın bombanı maşının altına qoyduqdan sonra yenidən nömrəsini dəyişərək AB üzvü olan Estoniyaya gedib.
Rusiya tərəfindən yayılan, Duqinanın mənzilinin pilləkən qəfəsində və maşınının yanında çəkilən videoda Vovkun tanınmamaq üçün saçlarını sarıdan qaraya dəyişdiyi görünüb.
“RİA” agentliyi isə Natalyanın atasının Ukrayna silahlı qüvvələrinin keçmiş üzvü olduğunu iddia edib, FSB Vovkun Azov batalyonunun üzvü olduğunu sübut edən şəxsiyyət vəsiqəsinin fotosunu yayıb.
Azov batalyonu isə sözügedən qadının heç vaxt ittifaqın üzvü olmadığını və Rusiyanın yalan danışdığını bəyan edib.