Moskva-İstanbul təyyarəsində həyəcanlı anlar - Qırıcılar havaya qalxdı
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bomba xəbərdarlığı səbəbilə Moskvadan İstanbula uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarəni müşayiət edib.
Xəbər verilir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr martın 22-də "Turkish Airlines" aviaşirkətinə məxsus Moskva-İstanbul reysini həyata keçirən mülki təyyarəyə bomba qoyulması barədə xəbərdarlıq aldıqdan sonra, mülki təyyarəni tutmaq və müşayiət etmək üçün ölkənin hava məkanında yeni bir missiya həyata keçiriblər", - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi qeyd edib ki, qırıcılar saat 17:58-də (Bakı vaxtı ilə 19:58) havaya qalxıb və mülki təyyarəni 18:24-dək (Bakı vaxtı ilə 20:24) ölkənin hava məkanını tərk edənə qədər müşayiət ediblər.