Bu əməlinə görə 30 min rubl cərimə olundu
Fransa prezidentinin siyasi sığınacaq təklifindən imtina edən Marina Ovsyannikova: “Özümü qəhrəman kimi deyil, tükənmiş və yorğun hesab edirəm”
“Birinci kanal”ın redaktoru Marina Ovsyannikova, “Zaman” ("Vremya") verilişinin axşam efirində Ukrayna ərazisindəki hərbi əməliyyatlar və yalan təbliğatlara etiraz olaraq plakat açandan sonra bütün dünyada məşhurlaşdı. O, bu əməlinə görə 30 min rubl cərimə olunub. Musavat.com onun “Novaya qazeta”ya müsahibəsindən bəzi seçmələri oxucularına təqdim edir.
“Odessada anadan olmuşam, 1985-1993 və ya 1992-ci illərdə Çeçenistanda yaşamışam, pəncərələrimizin altında mərmilər partlamağa başlayanda oradan qaçdıq...
Etdiyim hərəkətə görə hazırda özümü qəhrəman kimi deyil, tükənmiş və yorğun hesab edirəm. Oğlumun dediyi kimi, ailəmizin həyatını məhv etmişəm... Narazılıq məndə çoxdan yetişmişdi. Müharibə başlayanda isə elə bir emosional sarsıntı keçirdim ki, həqiqətən də bir neçə gün nə yeyə, nə içə, nə də yata bildim. İşdə isə o günlər sadəcə, dəhşətli ab-hava var idi: xəbərlər, təbliğat dayanmadan gedirdi. Əslində baş verənlərlə “Birinci kanal”da göstərilənlər arasındakı uyğunsuzluq o qədər güclü idi ki, mən dəlicəsinə bunu dayandırmaq istəyirdim. İş həftəsi bitəndə anladım ki, daha bu kanala gəlməyəcəyəm. Müharibə əleyhinə küçəyə çıxanları isə dərhal polis bölməsinə aparırdılar. O zaman düşündüm ki, daha təsirli etiraz aksiyası təşkil edim. Yaxınlıqdakı dəftərxana ləvazimatları mağazasına getdim, vatman kağızı, flomaster aldım. Bazar günü şüarı hazırladım və bazar ertəsi işə gəldim. Plakat bir müddət maşında qaldı, sonra pencəyimin qoluna qoyaraq gətirdim. Heç kim orada nə olduğunu bilmirdi. Əlimdə pencək, redaksiyaya girdim, tez posteri qolumdan çıxarıb onunla birbaşa studiyaya girdim. Polis məndən şübhələnmədi, çünki “Vremya” verilişinin mövcud olduğu 50 il ərzində heç vaxt belə hal olmayıb. Mən 90% faiz əmin idim ki, bunu edə bilməyəcəm. Ya dizlərim titrəyəcək, ya da rejissor kameranı çox tez efirdən çəkəcək və heç kim məni görməyəcək.
İngilis dilində olan mətn Qərb ictimaiyyətinə rusların müharibə əleyhinə olduğunu göstərmək üçün, rus dilində olan mətn isə Rusiya ictimaiyyəti üçün idi- onları təbliğata getməməyə çağırırdım”.
Həbsi ilə bağlı jurnalist bunları deyib: “Saxlanılanda bütün gecə və ertəsi gün hansı xüsusi xidmət orqanları ilə əlaqəli olduğum barədə soruşurdular. Onlar sona qədər inana bilmirdilər ki, mənim heç bir şərikim yoxdur, Qərb xüsusi xidmətlərində işləməmişəm, həmkarlarımla heç bir münaqişəm olmayıb, Ukraynadan olan qohumlar mənə heç nə yazmayıblar. İnanmaq istəmirdilər ki, “Birinci kanal”ın sıravi işçisiyəm, Mİ6, FTB və ya Mossadla əlaqəm yoxdur. Nə vəkilə, nə dostlarıma, nə də qohumlarıma zəng etməyə icazə verdilər. Dedilər ki, bu, dindirmə deyil, sadəcə dostluq söhbətidir. Amma dindirmə zamanı hər şey məni əsəbləşdirməyə başladı və təxminən 20 dəfə vəkil tələb etdim. Əsas dindirməni aparan müstəntiq “bu aşkar cinayətdir” deyirdi. Məhkəminin cərimə qərarından sonra hələlik hər şey sakit görünür”.
Ovsyannikova deyib ki, Fransa prezidenti Makronun siyasi sığınacaq təklifindən imtina etməyi barədə xəbərlər doğrudur: “Hazırda təbii ki, övladlarımın təhlükəsizliyindən çox narahatam. Əgər belə bir variant olsaydı ki, onlar getsinilər, mən isə burada qalım, bu, ideal olardı. Amma təəssüf ki, bu heç mümkün deyil, çünki onların atası, mənim keçmiş ərim buradadır, heç yerə getmək barədə də düşünməz. O, Marqarita Simonyanla işləyir. Mən əslində Rusiya vətənpərvəriyəm və ömrümün daha 10 ilini xarici ölkədə uyğunlaşmağa sərf etməyə hazır deyiləm, orada peşəkar imkanlarımı reallaşdırmaq perspektivi görmürəm. Ailəm buradadır, dostlarım buradadır. Düşünürəm ki, övladlarıma heç bir pislik etməmişəm, uşaqlarım ağıllı və savadlıdırlar. Əsgərlik yaşında olan oğlum var və baş verənlərdən ümumiyyətlə, dəhşətə gəlirəm. Oğullarını yad diyara göndərən bu yazıq analar... O oğlanlara çox yazığım gəlir. Yad ölkədə, nə üçün axı?”
Jurnalistin sözlərinə görə, ona işdən çıxmaqla bağlı ərizə yazmağı təklif ediblər: “Ancaq mən bunu öncə sadəcə olaraq, emosional olaraq qəbul etmədim. İndi vəkillərim ərizəmi götürüb kadrlar şöbəsinə veriblər və tezliklə məni rəsmən işdən çıxaracaqlar. Açığı, yəqin ki, belə olmalı idi. Etirazsız-filansız səssizcə işdən çıxıb getmək daha yaxşıdır. Hazırda uzunmüddətli planlar qurmuram. Mən həqiqətən yatmaq və ağıllı başla bundan sonra nə olacağını düşünmək istəyirəm”
Orxan ƏLİYEV,