azia.az
azia.az

Brayza: “Həmsədr olan ölkənin lideri Makronun bəyanatı şokedici idi"

2-10-2020, 16:41


- Cənab Brayza, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırkı hərbi-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
Brayza: “Həmsədr olan ölkənin lideri Makronun bəyanatı şokedici idi"
- Görünür, baş nazir Paşinyan həmsədrlərin və əlbəttə ki, Azərbaycan və Ermənistan liderlərinin müzakirə etdiyi Madrid prinsiplərindən və uzun illərdir müzakirə edilən bütün digər məqamlardan uzaqlaşdığı üçün təzyiqə məruz qalır. O, çox provokativ addımlar atmağa başlamışdı və bunu hamımız bilirik. Məsələn, o, “Dağlıq Qarabağ Ermənistandır”, “bizim tamam yeni yanaşmaya ehtiyacımız var” kimi cümlələr işlətmişdi, Madrid prinsiplərinin artıq keçərli olmadığını demişdi. Daha sonra biz qondarma Dağlıq Qarabağ “prezidentinin” ofisini Şuşaya köçürməsi kimi addımları gördük, onlar “parlamentin” də Şuşaya köçürüləcəyinin elan etdilər.

Keçmişdə prezident İlham Əliyevlə bu məsələ ilə bağlı uzun müzakirələr aparmış biri kimi deyə bilərəm ki, İlham Əliyevin bir neçə həftə öncə - 15 sentyabrdakı çıxışında da dediyi kimi, bu müzakirələr artıq mənasız idi. Bu isə o anlama gəlir ki, itirilmiş əraziləri geri qaytarmaq Azərbaycanın hökumətinin borcudur. Mən dəqiq deyə bilmərəm ki, hərbi əməliyyatları ilk hansı tərəf başlayıb, amma bilirdim ki, hər iki tərəf iyul ayındakı qarşıdurmadan etibarən ağır hərbi texnikanı təmas xəttinə yığırdı. Mənim qənaətim budur ki, davam edən hərbi əməliyyatlarda Azərbaycan bir sıra əraziləri bənzəri görünməmiş şəkildə geri qaytararaq, Ermənistanın Dağlıq Qarabağa tədarükünü potensial olaraq çox çətinləşdirib. Beləliklə, bunlar çox ciddi hərbi nailiyyətlər kimi görünür.

- Necə düşünürsünüz, 2016-cı ilin aprel döyüşləri ilə müqayisədə hazırkı hərbi əməliyyatların əsas fərqləri nələrdir?

- Bu əməliyyatlar daha böyük miqyaslıdır. Ağır silahlardan bənzəri görünməməş bir şəkildə istifadə edilir. Düşünürəm ki, digər fərq PUA-lardan istifadədir. Mən görüntüləri izləmişəm, ona görə də bu dəfə fərqli olduğunu deyə bilərəm. Digər fərqli bir məqam isə budur ki, görünür, Azərbaycan qoşunları əks hücumu davam etdirəcək və deyəsən spesifik məqsədi var. Budəfəki hərbi əməliyyatlar nə qədər davam edəcəyi bilinməyən atışmalardan fərqlidir. Əlbəttə, 2016-cı ilin aprelində də önəmli Lələtəpə yüksəkliyini geri almışdı. Amma bu dəfə görünür ki, əməliyyat bir sıra ərazilərin geri qaytarılmasına hədəflənib. Mənim sosial mediada gördüyüm daha bir məqam isə bu idi ki, hərbi təlimləri olmadığını deyən gənc ermənilər şəhərdə gəzişərkən polis tərəfindən toplanılır və birbaşa ön cəbhəyə göndərilirlər. Lakin onların heç bir hərbi təlimləri yoxdur, silahları yoxdur, onlar dəhşətə düşmüş görünürlər. Bu mənə onu deməyə əsas verir ki, Ermənistan döyüşü davam etdirmək üçün kifayət qədər qüvvəsinin olmamasından narahatdır. Bu da təbii ki, aprel döyüşlərindən fərqli situasiyadır. Sonuncu fərq isə iki amildən ibarətdir. Bunlardan birincisi Türkiyənin nümayişkaranə şəkildə Azərbaycanı dəstəkləməsi, digəri isə Rusiyanın neytrallığıdır.

- Azərbaycan budəfəki hərbi əməliyyatları sülhə məcburetmə adlandırır. Bununla bağlı nə deyə bilərsiniz?

- Mənim tam olaraq niyə belə adlandırmasına dair fikrim yoxdur, ola bilsin ona görə belə adlandırılır ki, Azərbaycan xalqı hiss edir ki, həqiqi daxili, uzunmüddətli hərbi-siyasi sülh Azərbaycanın öz ərazilərinin ondan alındığı bir müddətdə və ya başqası tərəfindən işğal edildiyi bir müddətdə heç vaxt mümkün olmayacaq. Ola bilsin ki, bu anlamda əməliyyatlar bu cür adlandırılır. Mənim sözlərin istifadəsi, söz seçimi baxımından maraqlı hesab etdiyim digər maraqlı məqamı diqqətinizə çatdırım. Mən bu gün ABŞ Konqresinin erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan üzvlərinin təşəbbüsü ilə hazırlanmış Azərbaycanı qınayan bəyanatını gördüm. Bu bəyanatda onlar Azərbaycanı aqressiv adlandırırdılar, amma qeyri-leqal adlandırmırlar. Çünki öz ərazilərini geri qaytarmaq illeqal deyil, məhz qanunla da təsdiq olunan budur - əraziləri geri qaytarmaq.

- Necə düşünürsünüz hərb meydanındakı uğurları danışıqlar bərpa ediləcəyi təqdirdə Azərbaycanın mövqeyinə necə təsir edəcək?

- Bu dəqiqə bu barədə danışmaq mümkün deyil. Çünki Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları Ermənistanı da əks hücum etməyə məcbur edir. Mən düşünürəm ki, Paşinyan Azərbaycan öz ərazilərini tam geri qaytaracağı təqdirdə daha zəif çıxacaq və bilmək olmaz bəlkə də siyasi baxımdan əziyyət çəkəcək. Ona görə də sual budur ki, Ermənistan ordusu nə qədər güclüdür və Rusiya müdaxilə edərək yardım edəcəkmi? Mənim qənaətim budur ki, etməyəcək. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq bilir ki, döyüşlər Azərbaycanın ərazisində aparılır. Ona görə də Azərbaycan, məsələn Füzuli və Cəbrayıl rayonlarını qaytarır və dayanır - əlbəttə ki, bu mənim biləcəyim iş deyil - burada möhkəmlənir, onda bu Azərbaycanın mövqeyində dramatik dəyişiklik yaradacaq. Bu zaman Azərbaycanın əlində saxladığı ərazilərinin xəritəsi dəyişir və bu Azərbaycana danışıqlar zamanı daha güclü mövqe verir. Onu da deyim ki, müzakirələr yenə olacaq. 19-cu əsrin məşhur hərbi siyasi fiqurlarından olan Karl fon Klauzevitsin belə bir deyimi var: “Müharibə siyasətin başqa vasitələrlə davamıdır”. Lenin isə bunu tərsinə çevirərək demişdi ki, siyasət müharibənin başqa vasitələrlə davamıdır. Məncə fon Klauzevits haqlıdır. Ona görə də yeni siyasi mərhələ olacaq və hərbi mərhələ sadəcə olaraq danışıqların növbəti raunduna hazırlıqdır. Diplomatiya bu cür işləyir. Güc təhlükəsi reallıqda diplomatik alətdir.

- Ötən gün Fransa prezidenti Emmanuel Makron Latviyaya səfəri zamanı belə bir ifadə işlətdi ki, Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən “işğal etməyə” cəsarətləndirir. Minsk Qrupunun həmsədr olan bir ölkənin liderinin belə bir bəyanat verməsini necə şərh edirsiniz?

- Bu bəyanat şokedici idi. Əvvəlcə, ona görə ki, qeyd etdiyiniz kimi, bunu deyən Minsk Qrupu həmsədri olan ölkənin lideridir. O, leqal vəziyyəti bilməlidir. Leqal olan isə odur ki, bura Azərbaycanın ərazisidir. İkincisi də ona görə ki, o canişin kimi, imperiya dərəbəyi kimi danışdı. Sanki Azərbaycan öz qərarlarını verə bilmir. Sanki Azərbaycan əks-hücum üçün suveren qərar qəbul edə bilmir və mütləq Türkiyə tərəfindən cəsarətləndirilməli və ya dəstəklənməlidir. Bu, həqiqətən də təkəbbürlülükdür. Mən düşünmürəm ki, bu doğrudur. Amma mən əminəm ki, Azərbaycanda hamı Türkiyənin dəstəyinə görə sevinir, lakin bilirsiniz ki, Azərbaycan öz qərarlarını özü verə bilir.

- Yəni siz düşünürsünüz ki, Makron münaqişənin leqal bazasını bilmədən belə bir ifadə işlədib?

- Mən onu deyirəm ki, onun belə deməsi məni şok etdi, çünki o leqal konteksti bilməli idi. Digər faktor isə budur ki, o, prezident Ərdoğanla bir ildən çoxdur ki, çox mənfur siyasi mübarizəsini davam etdirir. Yəqin xatırlayırsınız, prezident Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında ötən ilin avqustunda müzakirələr olmuşdu, Tramp Suriyanın şimalında Türkiyə hərbçilərinin hərəkətinə etiraz etməmişdi. Bu zaman isə Makron bildirdi ki, Türkiyə NATO müttəfiqi kimi davranmır. Makron Ərdoğana bütün Suriya və Liviya savaşları boyunca hücumlar etməkdədir. Bildiyimiz kimi, Liviyada Fransa açıq şəkildə Haftarı dəstəkləyir, Türkiyə isə BMT-nin tanıdığı leqal hökumətin yanındadır. Makronun bəyanatlarına görə məndə təəssüf hissi yaradan digər məqam isə budur ki, Türkiyə yeganə qərb ölkəsi, yeganə ölkədir ki, öz əsgərlərini İdlibdə döyüş meydanına göndərdi və Rusiya və Suriya rejiminin dayandırmaq üçün mübarizə apardı. Beləcə, yəqin ki, yüz minlərlə mülki şəxsin həyatını xilas etdi. Bu zaman dronlar və s. da daxil olmaqla çox inteqrasiya olunmuş hərbi taktikalardan istifadə edirdi. Bunun üçün NATO sevinməlidir. Makron bu insanların həyatını xilas etdiyinə görə əslində Türkiyəyə təşəkkür etməlidir. Əvəzində isə siyasi səbəblərə görə Türkiyəyə hücum edir, hazırda isə bu hücumlar Azərbaycana yönəlik şəkildə davam edir.

- Cənab Brayza, ortada BMT-nin icra edilməmiş 4 qətnaməsi var. Niyə bu gün heç kim bu qətnamələr barədə danışmaq istəmir?

- İnsanlar danışırlar. Mən çox sevinirəm ki, bu gün ilk dəfə “CNN İnternational”da, BBC-də, “Al Jazera”da xəbərlər gördüm və burada Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu deyilirdi, onlar BMT-nin qətnamələri barədə danışırdılar. Əlbəttə, bu qətnamələr haqqında sadəcə danışmaq kifayət deyil, amma bu, bir başlanğıcdır. Bu göstərir ki, Azərbaycan indi diplomatiyasında düzgün hərəkət edir və hərbi cəhətdən qədərindən artıq hərəkətlərə yol verməsə, Qərbdə erməni lobbiçiliyi tərəfindən formalaşdırılan ənənəvi birtərəfli baxışı dəyişdirə bilər.

- Mənim suallarım bitdi. Bu məsələ ilə əlaqədar soruşmadığım amma demək istədiyiniz başqa bir sözünüz varmı?

- Mən hamı üçün dua edirəm. Qoy bu döyüşlər tezliklə başa çatsın. Bundan sonra diplomatik fəaliyyətə qayıdılacaq. Ümid edirəm ki, hər iki tərəf 2009-cu ilin yanvarındakı və iyulundakı “Madrid prinsipləri”nə, razılaşmalara qayıtmaq kimi bir müdriklik göstərəcək. Çünki bu yeganə məntiqli həll yoludur. Çünki bütün digər versiyalar yoxlanılıb və ya Azərbaycan, ya da Ermənistan tərəfi üçün məqbul olmayıb. Baş nazir Paşinyan “Madrid prinsipləri”nə geri qayıtmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi