Bakıda “Neftçi”yə məğlubiyyət, tribunada qələbə - Maraq doğuran VİDEO
“Kəpəz”in 7 oyunluq məğlubiyyətsizlik seriyası Bakıda qırıldı.
Sonuncu dəfə sentyabrın 4-də, çempionatın 4-cü turu çərçivəsində Gəncədə keçirilən görüşdə “Şamaxı”ya 1:4 hesabı ilə uduzan Gəncə təmsilçisi o vaxtdan bəri nə çempionatda, nə də ölkə kubokunda məğlubiyyət acısı yaşamışdı.
Premyer Liqada 6, kubokda isə 1 matçlıq uğurlu seriyaya imza atan “sarı-göylər”i “Neftçi” 1:0 hesablı qələbə ilə dayandırdı.
Qarşılaşmaya rəng qatan görüntülərdən biri də “Kəpəz”in azarkeş dəstəyi idi.
Tribunalarda 200-dən artıq gəncəli fanata rast gəlmək mümkün idi. “Xəmsə”, “Kəpəz Ultras”, “Cavad xan” və “Zona 20” azarkeş qruplarının üzvləri
90 dəqiqə boyunca komandalarını qələbəyə səsləsələr də, yekunda 3 xal arzusuna çata bilmədilər.
Bununla belə, azarkeşlər məğlub komandalarını tribunanın qarşısına çağıraraq onlara layiqli dəstək verdilər. Futbolçuları alqışlarla paltardəyişmə otağına yola saldılar.
Futbol məhz belə məqamları ilə gözəldir.