
Son dövrlər yenidoğulmuş uşaqlarda süd vəzilərinin böyüməsi valideynlər arasında narahatlıq doğuran mövzulardan birinə çevrilib. Xüsusilə oğlan uşaqlarında müşahidə edilən bu hal bəzən ginekomastiya kimi qiymətləndirilir. Lakin tibbi baxımdan yeni doğulmuşlarda süd vəzilərinin böyüməsi əksər hallarda fizioloji və müvəqqəti xarakter daşıyır.
Yenidoğulmuşlarda süd vəzilərinin böyüməsi təhlükəlidirmi? Hansı əlamətlər zamanı valideynlər mütləq həkimə müraciət etməlidirlər?
Mövzu ilə bağlı ginekoloq Esmira Səfərovanın fikirlərini öyrəndik.
– Esmira xanım, ilk olaraq bilmək istərdik: yenidoğulmuşlarda ginekomastiya nədir və hansı səbəblərdən yaranır?
– Yenidoğulmuşlarda süd vəzilərinin böyüməsi tibbdə neonatal mastauxe adlanır. Bu, əsasən hamiləlik dövründə ana estrogenlərinin plasenta vasitəsilə dölə keçməsi və doğuşdan sonrakı hormonal dəyişikliklər nəticəsində süd vəzi toxumasının fizioloji böyüməsidir. Bu hal həm qız, həm də oğlan yenidoğulmuşlarda müşahidə oluna bilər. Əksər hallarda xəstəlik deyil, orqanizmin hormonal dəyişikliklərə verdiyi təbii reaksiyadır.
– Bu vəziyyət yalnız oğlan uşaqlarında müşahidə olunur, yoxsa qız körpələrdə də rast gəlinir?
– Həm qız, həm də oğlan yenidoğulmuşlarda müşahidə edilə bilər. Çünki əsas səbəb ana hormonlarının körpəyə təsiridir. Buna görə də bu vəziyyəti yalnız oğlan uşaqlarına aid etmək düzgün deyil.
– Valideynlər körpədə hansı əlamətləri müşahidə edə bilərlər?
– Süd vəzilərinin birtərəfli və ya ikitərəfli böyüməsi, məməaltında diskşəkilli toxumanın hiss olunması əsas əlamətlərdəndir. Bəzi körpələrdə südəbənzər ifrazat da müşahidə oluna bilər. Tibbdə bu ifrazat “witch’s milk” adlandırılır. Valideynlər belə hallarda təşvişə düşməməli, lakin körpənin vəziyyətini diqqətlə izləməlidirlər.
– Neonatal mastauxe zamanı xüsusi müayinə və analizlərə ehtiyac varmı?
– Tipik hallarda klinik müayinə kifayət edir. Rutin olaraq hormonal analizlərin və ultrasəs müayinəsinin aparılması tələb olunmur. Lakin klinik əlamətlər adi fizioloji vəziyyətə uyğun gəlmirsə, həkim əlavə müayinələr təyin edə bilər.
– Bu vəziyyət nə qədər müddət davam edə bilər? Öz-özünə aradan qalxırmı?
– Neonatal mastauxe fizioloji vəziyyət olduğundan, adətən spesifik müalicəyə ehtiyac qalmır. Süd vəzilərindəki böyümə bir neçə həftə ərzində geriləyə bilər. Bəzi hallarda isə bu proses 4–6 aya qədər davam edir. Əksər hallarda hormonal təsirlər azaldıqca süd vəzi toxuması da tədricən əvvəlki vəziyyətinə qayıdır.
– Bəzi valideynlər süd vəzilərini sıxaraq ifrazatı çıxarmağa çalışırlar. Bu nə dərəcədə doğrudur?
– Bu, qətiyyən tövsiyə olunmur. Süd vəzilərinin sıxılması və masaj edilməsi toxumanın zədələnməsinə, qıcıqlanmaya və infeksiya riskinin artmasına səbəb ola bilər. Valideynlər bu cür müdaxilələrdən uzaq durmalıdırlar. Fizioloji vəziyyətin öz-özünə geriləməsini gözləmək və lazım gəldikdə həkimə müraciət etmək daha doğrudur.
– Bəs neonatal mastauxe ilə neonatal mastiti necə fərqləndirmək olar?
– Bu, çox vacib məqamdır. Neonatal mastauxe fizioloji vəziyyətdir. Lakin neonatal mastit süd vəzi toxumasının infeksion-iltihabi prosesidir. Süd vəzi nahiyəsində qızartı, yerli temperaturun artması, ağrı, şişkinlik və hərarət müşahidə olunarsa, bu, patoloji prosesdən xəbər verə bilər. Bəzi hallarda süd vəzi absesi də yarana bilər. Belə əlamətlər olduqda körpə mütləq həkim tərəfindən müayinə edilməlidir.
– Sonda valideynlərə tövsiyəniz nə olardı?
– Əsas tövsiyəm odur ki, valideynlər yenidoğulmuşlarda süd vəzilərinin böyüməsini gördükdə dərhal qorxuya düşməsinlər. Əksər hallarda bu, keçici fizioloji vəziyyətdir. Bununla belə, süd vəzi nahiyəsində qızartı, ağrı, şişkinlik və körpədə hərarət kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir. Ən əsası, özbaşına müalicə və mexaniki müdaxilələrdən çəkinmək lazımdır.