
Kişilərdə süd vəzisi toxumasının böyüməsi ilə xarakterizə olunan ginekomastiyanın cərrahi müalicəsi Azərbaycanda məhdud sayda tibb müəssisəsində həyata keçirilir. Maraqlıdır ki, bu əməliyyatı bütün dövlət xəstəxanalarında icra etdirmək mümkün deyil.
Bunun əsas səbəbi əməliyyatın xüsusi ixtisaslaşma, peşəkar cərrahi təcrübə və müvafiq tibbi-texniki imkanlar tələb etməsidir. Ginekomastiyanın cərrahi müalicəsi plastik və rekonstruktiv cərrahiyyə sahəsinə aid olduğundan, bu prosedurun icrası üçün müvafiq ixtisaslı mütəxəssislərin və lazımi tibbi infrastrukturun olması vacibdir.
Məhz bu səbəbdən əməliyyat bütün tibb müəssisələrində deyil, müvafiq xidmət imkanlarına malik ixtisaslaşmış mərkəzlərdə həyata keçirilir.
Ginekomastiya əməliyyatının tibbi sığorta hesabına ödənişsiz həyata keçirildiyi tibb müəssisələri:
M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi;
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində fəaliyyət göstərən Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası;
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası;
Bakı Sağlamlıq Mərkəzi;
Kliniki Tibbi Mərkəz;
Xətai Tibb Mərkəzi;
M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası;
Abşeron Rayon Mərkəzi Xəstəxanası;
Sumqayıt Tibb Mərkəzi;
Ağsu Rayon Mərkəzi Xəstəxanası;
Şəki Rayon Mərkəzi Xəstəxanası.
Əməliyyat zamanı böyümüş süd vəzi toxuması cərrahi yolla xaric edilir. Pasiyentin vəziyyətindən asılı olaraq artıq piy toxumasının götürülməsi üçün liposaksiya üsulundan da istifadə oluna bilər. Əməliyyatın üsulu həkim müayinəsindən və fərdi tibbi qiymətləndirmədən sonra müəyyənləşdirilir.