600 RUS DƏNİZ PİYADASI MƏHV EDİLDİ, MORQLAR MEYİTLƏRLƏ DOLUDUR - Rusiya isə mülki əhalini bombalayır + VİDEO (Yenilənib)
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 155-ci Əlahiddə Dəniz Briqadasının hissələrini demək olar ki, tamamilə məhv edib. Bu barədə jurnalist Roman Tsimbalyuk məlumat verib.
Onun sözlərinə görə, qarşı tərəfin briqada komandanlığının tələsik qərarları nəticəsində düşmənin dəniz bölmələri məhv edilib.
“İtkilər təqribən 600 ölü və eyni sayda yaralı olub. Eyni zamanda, briqadanın şəxsi heyətinin yemək ehtiyatı və yaşayış imkanı da yoxdur”, - Tsimbalyuk bildirib.
Bu arada Rusiya hərbçiləri artıq Mariupola 100-ə yaxın hava bombası atıb və nəticədə 2187 Mariupol sakini həlak olub.
Bu barədə “Telegram”-da Mariupol Şəhər Şurası məlumat verib.
“İndi şəhərdə blokadada olan 400 min Mariupol sakininə ən böyük təhlükə havadan gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemlərini tədarük etməsi yüz minlərlə günahsız insanı xilas edə biləcək həll yoludur”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu gündən etibarən Kiyev vilayətinin İrpen şəhəri jurnalistlərə girişi qadağan edib.
Bu barədə şəhərin meri Aleksandr Markuşin bildirib.
Qeyd olunub ki, şəhər hakimiyyəti amerikalı jurnalistin rusiyalı hərbçilər tərəfindən öldürülməsindən və daha bir fotomüxbirin yaralanmasından sonra belə tədbirlərə əl atıb.
Martın 13-ə olan məlumata görə, işğalçı Rusiyanın Ukrayna ilə müharibədəki döyüş itkiləri təxminən 12 min nəfərdən çoxdur.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı 374 tank, 1 226 zirehli döyüş maşını və 140 artilleriya sistemi sıradan çıxarılıb. Qeyd edilir ki, 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 texnika, 3 gəmi, 60 yanacaq-sürtkü materialı olan tank, həmçinin 7 əməliyyat-taktiki pilotsuz uçan aparatı da zərərsizləşdirilib.
"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.
Ukrayna hərbçiləri Kiyev istiqamətində gedən Rusiyanın tank bölməsini məhv edib. Bu barədə RBK-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir.
Qeyd edək ki, Belarusun Qomel, Mozır və Narovlya şəhərlərinin morqları Uukraynada öldürülən Rusiya hərbçilərinin meyitləri ilə doludur. Bu haqda “Azadlıq” radiosunun Belarus xidməti bildirir.
Qeyd olunur ki, Belarusun tibb işçiləri Rusiya hərbçilərinin meyitləri və yaralılar haqda informasiyaları yaymamaq barədə öhdəlik imzalayıblar, bəzi hallarda onları işdən çıxarmaqla hədələyiblər. Ötən həftə Mozır şəhərinin dəmir yol stansiyasında “Rusiya Dəmir Yolları” QSC-nin yük qatarına çoxsaylı meyit yüklənib.
“Meyitlər ağlasığmaz dərəcədə çox idi. Mozır stansiyasında olan adamlar qatara yüklənən meyitlərin miqdarını görəndə sadəcə olaraq şoka düşüblər. İnsanlar video çəkməyə başlayıblar, amma hərbçilər onları qovublar və telefonlarını əllərindən alaraq videoları sildiriblər. Mozır ətrafındakı Kamenka kəndinin qəbiristanlığını isə əhatəyə alıblar, ora heç kimi buraxmırlar, mühafizə qoyublar”,-Mozır sakini adının açıqlanmaması şərtilə belə deyib.
Böyük itki verən işğalçı rus ordusu isə uzaqdan şəhərləri bombalamaqda davam edir. Bu gün də Mariupolda yaşayış binaları atəşə tutulub.
Görüntülər sosial şəbəkələrdə yayılıb. Hazırda mühasirədə olan Ukrayna şəhərində humanitar fəlakətin yaşandığı bildirilir.