NATO və ABŞ Zelenskinin qırıcı təyyarələr tələbinə “YOX” DEDİ – “Verilməyəcək, çünki…”
Günlərdir şəhərləri Rusiyanın hədəfinə çevrilən Ukrayna israrla döyüş təyyarələri istəməkdədir.
Ukrayna prezidenti Zelenski Polşa qırıcılarının ən qısa zamanda Ukraynaya təhvil verilməsinə çağırıb və bu məsələnin təcili həllini tələb edib.
Lakin ABŞ buna qarşıdır. Çünki Ukraynaya döyüş təyyarələrinin göndərilməsi göründüyündən qat-qat mürəkkəbdir. Vaşinqton-Varşava-Kiyev xəttində baş verənlər bunu göstərir. Pentaqon MiQ-29 təyyarələrinin Ukraynaya təhvil verilməsini “yüksək risk” kimi qiymətləndirir. Vaşinqton Tayvana növbəti F-16 qırıcı təyyarəsini satacağına söz verib ki, Çinə qarşı müqavimət göstərə bilsin. Həmçinin bildirilir ki, MiQ-29-lar NATO və Rusiyanı qaynar münaqişəyə cəlb edə bilər.
Bununla yanaşı, Pentaqonun sözçüsü Con Kirbin MİQ-29-ların Ukraynaya təhvil verilməsinin Rusiya ilə NATO arasında hərbi böhranın yaranması ehtimalına səbəb ola biləcəyi ilə bağlı açıqlaması ABŞ-ın bu ehtiyatının ən bariz ifadəsi kimi qiymətləndirilir.
NATO da ABŞ ilə eyni mövqeni bölüşür. Bildirilir ki, Ukraynaya qırıcı təyyarələrin verilməsi NATO-nu Rusiya ilə hərbi münaqişəyə sürükləmək riski daşıyır. ABŞ və ya Avropa istehsalı olan təyyarələrin Ukraynaya verilməsi müzakirə masasında deyil. Çünki ukraynalı pilotlar sözügedən təyyarələri necə idarə edəcəklərini bilmirlər.
ABŞ və NATO-nun mənfi yanaşdığı planla bağlı Kremldən də açıqlama gəlib. Kremlin bəyanatında Polşanın ABŞ aviabazası vasitəsilə Ukraynaya Miq-29 döyüş təyyarələrini çatdırmaq təklifi üçün “potensial təhlükəli ssenari” ifadəsindən istifadə edilib.
Əzizə Zeynal