Türkiyə Qazaxıstandakı hadisələrə niyə səssiz qalıb? – Şərh
"Qazaxıstanda baş verən proseslərə Türkiyə biganə yanaşmır. Rəsmi Ankara vəziyyətin həssaslığını nəzərə alaraq hələlik müşahidəçi mövqeyində qalmağı üstün tutur. Hesab edirəm, indiki məqamda ən düzgün addım da elə budur”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Vüqar Zivəroğlu Qazaxıstanda baş verən olaylara Türkiyənin səssiz qalmasını şərh edərkən deyib.
Politoloq bildirib ki, baş verən hadisələrlə bağlı müxtəlif versiyalar səslənir:
"Proseslərin hələ görünməyən tərəfləri var. Rəsmi
Ankara hazırda prosesləri izləyib, düzgün təhlil etməklə məşğuldur. Məsələ ondadır ki, Qazaxıstan Türkiyə üçün vacib ölkədir. Söhbət Qazaxıstanın Türk Birliyi üzvü olmasından getmir. İki ölkə arasında iqtisadi, siyasi, diplomatik, hətta hərbi əlaqələr mövcuddur. Atılacaq yanlış bir addım, veriləcək səhv bir bəyanat rəsmi Ankara ilə Nursultan arasında soyuqluq yarada bilər.
Hesab edirəm ki, bu gün və ya sabah Türkiyə tərəfi də baş verənlərə öz münasibətini bildirəcək. Hər halda rəsmi Ankaranın Qazaxıstanda baş verənlərə səssiz qalması, heç bir bəyanat verməməsi mümkün deyil. Ehtimal ki, Ankara proseslərin dinc yolla həll edilməsini, mülki şəxslərə zərər dəyməməsini özündə ehtiva edən açıqlama verəcək”.