Birgə Monitorinq Mərkəzi niyə səssizdir?
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədində, habelə rus sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəsin tez-tez pozulması müşahidə edilir. Xüsusilə Rusiya sülhməramlılarının proseslərə səssiz qalması, Birgə Monitorinq Mərkəzinin isə fəaliyyətsizliyi təəssüratı müəyyən suallar yaradır. Maraqlıdır, Birgə Monitorinq Mərkəzi atəşkəsin pozulmasına nə üçün səssiz qalır? Ümumiyyətlə, Mərkəzin bu günə qədər gördüyü işlərə dair hesabatı mövcuddurmu?
Məsələ ilə bağlı Azia.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində işlər yüksək səviyyədə təşkil edilir və dəqiqliklə görülür.
“Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı sualların olması normaldır. Lakin anlamaq lazımdır ki, burada Azərbaycan və Türkiyə təmsilçiləri də var. Bu fakt belə özlüyündə hər şeyin qaydasında olduğunu sübut edir.
Mərkəzdə proseslər yaxından izlənilir. Türkiyə və Azərbaycan xüsusi dronlar vasitəsilə müəyyən informasiyaları əldə edir və müntəzəm hesabatlar tərtib edilir. Həmin hesabatlar birbaşa Türkiyə və Azərbaycan ali rəhbərliyinə təqdim edilir.
Ola bilər ki, məlumatların məxfiliyi, hərbi xarakter daşıması, habelə dövlətlərarası qarşılıqlı razılaşmalara görə ictimaiyyətə açıqlanmır”.