azia.az
azia.az

Gecə saatlarında şok: Dollar ucuzlaşdı

21-12-2021, 11:46

Gecə saatlarında şok: Dollar ucuzlaşdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dolların kəskin bahalaşması ilə bağlı hökumətin iclasını keçirib və bir neçə saat davam edən iclasdan sonra qəbul edilən mühüm qərarları açıqlayıb. Ərdoğan bəyan edib ki, dolların bahalaşmasının qarşısını almaq üçün müvəqqəti xarakter daşıyan bir sıra qərarlar qəbul edilib və həmin qərarlar növbəti günlərdə tətbiq ediləcək.

Azia.az xəbər verir ki, Bu qərarlardan biri, vətəndaşların banklarda lirə ilə yerləşdirdiyi depozitlərin dəyərdən düşməsinin qarşısını almaq məqsədi daşıyır. Qərara əsasən əgər lirə ilə yerləşdirilmiş depozitlərdən əldə edilən faiz gəlirləri dolların məzənnəsinin artması səviyyəsindən yuxarıda olsa o zaman vətəndaş həmin faiz gəlirini alacaq. Əgər dolların məzənnəsinin artım faizi lirə ilə yerləşdirilmiş depozitlərin faiz gəlirlərini üstələsə aradakı fərqi dövlət vətəndaşa ödəyəcək. Nəticədə banklarda lirə ilə depozit yerləşdirənlərin pullarının dəyərdən düşməsinin qarşısını almaq üçün onları dollarla əvəzləməsinə ehtiyac qalmayacaq.

Digər qərara əsasən hökumət türk lirəsinin rekord ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təmin etmək niyyətindədir.

Ərdoğan habelə bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata qazandırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Ərdoğanın sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.

Ərdoğanın açıqladığı müvəqqəti tədbirlər paketindən dərhal sonra bu gün ərzində 10 faizdən çox bahalaşan dollar ucuzlaşmağa başlayıb və 1 saatın ərzində məzənnəsi 5 faizdən çox geriləyib. Amma məzənnə az sonra yenidən artmağa başlayıb. Bakı vaxtı ilə 22.30 radələrində 1 ABŞ dolları 16.89 TL -yə yaxın idi. Lakin cəmi 1 dəqiqə ərzində məzənnə yenidən kəskin, 7 faizdən çox aşağı enib və 1 dollar 15.2 TL-yə yaxın olub. Dolların məzənnəsində başgicəlləndirici dəyişikliklər davam etməkdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi