Türkiyənin Ermənistan təmsilçisinin adı bəlli oldu – Ərdoğan niyə məhz onu seçdi?
Türkiyə Ermənistanla munasibətlərin normallaşdırılması prosesində xüsusi təmsilçisinin adını açıqlayıb.
“SAVAŞ”ın məlumatına görə, xarici İşlər naziri Mevlüt Çavuşoğlu səfir Serdar Kılıç-ın Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində aparılan danışıqlarda “xüsusi təmsilçi” təyin olunduğunu bildirib.
Bəzi media mənbələrində Prezident Recep Tayyip Erdoğanın “güvəndiyi bürokrat” kimi xarakterizə edilən Serdar Kılıç əvvəllər Türkiyənin Tokyo səfiri, ölkənin Milli Təhlükəsizlik Şurasının baş katibi və Washington səfiri kimi önəmli vəzifələrdə çalışıb.
Cənab Kılıç həm də ölkənin tanınmış siyasi dinastiyasının təmsilçisidir. Onun atası İlyas Kılıç 1961-1980-ci illərdə CHP-nin Samsundan deputatı olub. Qardaşı Sinan Kılıç Recep Tayyip Erdoğan hələ İstanbul bələdiyyə sədri ikən onun şəxsi həkimi olub. Qardaşı oğlu Akif Çağatay Kılıç keçmiş gənclik və idman naziri, hazırda isə AK parti təmsilçisi kimi parlamentin xarici siyasət komissiyasının rəhbəridir.
“Bir tərəfdən Azərbaycanla Ermənistan arasında etimad artıran adımlar atılır, digər tərəfdən paralel olaraq Ermənistanla öz aramızda addımlar atmamızda fayda gördük,” – xarici işlər naziri Mevlüt Çavuşoğlu açıqlamasında bildirib.