İsrail İranın nüvə obyektlərini vurmağa hazırlaşır - Hücum bu ərazidən ediləcək / İDDİA
İsrail Aralıq dənizində Yunanıstanın hava məkanında İrana qarşı hücum ssenarisi ilə təlimə hazırlaşır. İranın nüvə obyektlərinə qarşı hücum ssenarisini ehtiva edən təlim İsrailin ən böyük təlimlərindən biri olacaq.
Kanal.az xəbər verir ki, İsrail 2022-ci ilin yazında Aralıq dənizində Yunanıstan hava sahəsində hücum təlimləri keçirəcək.
İsrail mediası hərbi qaynaqlara istinadən bildirib ki, İsrail ordusu İranın nüvə obyektlərinə qarşı mümkün hücum ssenarisi çərçivəsində tarixinin ən böyük hərbi təlimlərindən birini edəcək.
Təlimə onlarla F-35, F-16 və F-15 reaktivləri, həmçinin “Gulfstream G550” casus təyyarələri və tankerlərin qoşulacağı iddia edilir. Bildirilib ki, təyyarələr İranın nüvə obyektlərinə hücum zamanı qət etməli olduğu məsafəni (min kilometrdən çox) simulyasiya etmək üçün Aralıq dənizi sahillərində təlim keçirəcək. Bu ərazilər Yunanıstanın hava məkanına aiddir. İsrail Hərbi Hava Qüvvələri son bir neçə gündə Yunanıstan və Cənubi Kipr səmasında hərbi təlimlər keçirib. Yunanıstan və İsrail son illərdə təşkil etdikləri birgə təlimlərlə hərbi əməkdaşlığını artırıblar. İsrail ordusunun Cənubi Kipr və Yunanıstanın dağlıq bölgələrinin İranın topoqrafiyasına bənzədiyi üçün bu hissəyə üstünlük verdiyi etimal edilir.
Başqa iddiaya görə, İsrail tərəfi AB-nin təlimə qatılması üçün Vaşinqtonla danışıqlar aparır. / teleqraf.com