Həbsxanalarda dəhşətli işgəncə videoları yayıldı
Rusiya həbsxanalarında məhbuslara dəhşətli işgəncələrin verilməsini əks etdirən yeni videokadrlar yayılıb. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu kadrların bəzilərini Gulagu.net insan haqları layihəsi özünün YouTube kanalında yerləşdirib.
İnsan haqları müdafiəçiləri əvvəlcə Saratovdakı cəzaçəkmə müəssisəsində çəkilmiş kadrları yayıblar. Həmin kadrlarda həbsxananın müalicə müəssisəsində çarpayıya bağlanmış məhbusun bir neçə nəfər tərəfindən zorlanması əks olunur. Bu kadrların yayılmasından sonra Rusiya Baş Prokurorluğu cəzaçəkmə müəssisələrində araşdırmaların başladığını açıqlayıb. Cəzaların İcrası üzrə Federal Xidmətin Saratov vilayət idarəsinin rəisi, daxili xidmət polkovniki Aleksey Fedotov istefa verib.
Gulagu.net layihəsinin əsasını qoyan və hazırda mühacirətdə olan insan haqları müdafiəçisi Vladimir Oseçkin bildirib ki, onun əlində çoxsaylı işgəncə videoları var. Bu videoları Cəzaların İcrası üzrə Federaı Xidmətin hazırda mühacirətdə olan keçmiş əməkdaşı insan haqları müdafiəçisinə təqdim edib. Kadrlar həbsxana nəzarətçilərinin sərəncamında olan videoregistratorlar tərəfindən çəkilib, amma videoların bir çoxunda həmin videoregistratorların həbsxana administrasiyasına işləyən məhbuslarda olduğu görünür.
Vladimir Oseçkin əlindəki işgəncə videolarını tanışlıq üçün bir neçə KİV-lərə göndərib. Həmin videoların böyük hissəsi o cümlədən etik səbəblərdən dərc olunmayıb.
Videolardan birində yerə uzadılmış və çılpaq soyundurulmuş məhbusa hansı maddə ilə mühakimə olunduğu, neçə il həbs cəzası aldığı barədə suallar verirlər. Bu vaxt başqa bir məhbus onun üstünə işəyir.
Növbəti videoda da çılpaq halda döşəməyə uzadılmış məhbus əks olunur. Kadr arxasından kimsə ona sual verir: “Bu vaxta qədər həyatda kim idin?”. Bundan sonra həmin adam məhbusun başından tapdalayır.
Gulagu.net YouTube kanalında yerləşdirilən növbəti işgəncə videoları Kamçatka, Zabaykalye və Belqorod vilayətlərindəki həbsxanalarda qeydə alınıb. Bu videolardan birində həbsxana nəzarətçiləri əlləri qandallanmış məhbusu döyürlər.
Dəhşətli işgəncə kadrlarının ictimailəşməsindən sonra Cəzaların İcrası üzrə Federal Xidmətin direktoru Aleksandr Kalaşnikov ötən gün oktyabrın 5-də Saratov vilayətinə komissiya göndərib. Habelə prokurorluq məhbusun zorlanması faktı üzrə cinayət işi qaldırıb.
Rusiya həbsxanalarında məhbuslara sistemli işgəncələrin verilməsi daha əvvəl də məlum idi və bu barədə bir neçə dəfə dəhşətli videokadrlar yayılmışdı.