Arvadı qollarında donaraq ölən turist Everest faciəsindən danışdı - FOTO
Rusiyalı alpinist Artyom Nesterov arvadının qollarında can verməsindən danışıb.
Onun sözlərinə görə, son anına qədər həyat yoldaşının yanında olub, özü əl-ayağını hiss etməsə də, xanımını isitməyə çalışıb.
“Mən can verən arvadımı üç saat qollarımda saxladım. Bilirdim ki, xilas edə bilməyəcəyəm. O, ağrıdan qışqırırdı, mən isə onu çox sevdiyimi deyirdim. Bunu daha çox demədiyim üçün təəssüflənirəm”, - deyə turist bildirib.
“Arvadım sadəcə əl-qollarını hərəkət etdiririr, ayaqlarını bir-birinə sürtür, isinməyə çalışırdı. Biz hamımız bu işdə təzə idik. Həyat yoldaşımla bir il hazırlaşmışdıq – qaçırdıq, alkoqoldan imtina etmişdik”, - deyə o əlavə edib.
Nesterovun sözlərinə görə, Anton adlı bələdçi qızı tərk edərək başqalarını xilas etməyə gedib. O, qadının öldüyünü düşünüb, halbuki, qadın sadəcə soyuqdan tərpənə bilməyib.
“Həyat yoldaşımı iki dəfə dəfn etdim. Anton öz üzərinə Tanrı rolunu götürdü və kimin xilas ola biləcəyinə və kimi isə heç nə edə bilməyəcəyinə qərar verdi. Həyat yoldaşımın öldüyünü söyləyərək bizdən ayrıldı. Nəbzini belə yoxlamadı”, - deyə bildirən Nesterov bu səbəbdən özünün də arvadının öldüyünü düşündüyünü vurğulayıb. Lakin bir müddət sonra o, arvadının yaşadığını bilib. Bununla belə, xilasedicilər gələnə kimi qadın həlak olub.