Rusiya vətəndaşları Putinin fəaliyyətini qiymətləndirib – Sorğu
Rusiya vətəndaşlarının prezident Putinin son illərdə ən çox bəyəndikləri qərarı Suriyada hərbi əməliyyatların aparılmasıdır.
APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə “İctimai fikir” fondunun apardığı sorğunun nəticəsində məlum olub.
Sorğu Rusiyanın 104 yaşayış məntəqəsində 1500 respondent arasında keçirilib.
Sorğu iştirakçılarının 8 faizi Rusiya prezidenti Vladimir Putinin rəsmi Dəməşqə hərbi əməliyyatlarda yardım göstərmək qərarını bəyənib. 7 faiz respondent onun Krımı Rusiyaya birləşdirmə qərarını və inkişafı ilə bağlı fəaliyyətini doğru hesab edib. Sorğu iştirakçılarının 5 faizi prezidentlə son canlı bağlantını yüksək qiymətləndirib. Ölkənin sosial siyasətini və beynəlxalq arenadakı mövqeyini də 5 faiz respondent bəyənib.
Prezidentin Ukrayna siyasətini 3 faiz, Türkiyə ilə münasibətlərini isə 1 faiz insan düzgün hesab edib.
Rusiya prezidentinin 2012-ci ildə təkrar seçilməsindən sonra 2000-ci illərlə müqayisədə respondentlərin 38 faizinin Putin barədə fikri müsbətə doğru dəyişib, 42 faiz respondentin fikri isə dəyişməz olaraq qalıb.
Sorğu iştirakçılarından 2/3-si hesab edir ki, ölkə prezidentinin fəaliyyəti onların gözləntilərinə cavab verir, 38 faizi isə hesab edir ki, Rusiyada müsbətə doğru ciddi dəyişikliklər Putinin sayəsində baş verir.