Ərdoğan Rusiyaya qarşı sərt açıqlamalar verib
Türkiyə Krımın qeyri qanuni ilhaqını tanımayıb və tanımayacaq.
"Rusiya bəyan edir ki, bizi Suriya hökuməti çağırdığı üçün bu ölkədə hərbi əməliyyatlara başladıq. Yaxşı, bəs, Rusiyanı Ukraynaya kim çağırdı?".
Belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə Pyotr Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edib. Ərdoğan bildirib ki, Rusiya bu aqressiv siyasətini beynəlxalq hüquqa necə sığışdıracaq?
"Türkiyə Krımın qeyri qanuni ilhaqını tanımayıb, bundan sonra da tanımayacaq. Rusiya Krım birləşdirməklə beynəlxalq hüququ heçə sayıb. Ukraynaya dəstəyimiz tam şəkildə davam edəcək. Digər ölkələrdə dəstək verməlidir. Ukrayna ilə münasibətlərimizdəki əsas məsələlərdən biri Krım tatarlarının vəziyyətidir. Ukrayna torpaqlarından Rus əsgərlərini çıxarmaq üçün bir daha dünyaya səslənirəm", - Ərdoğan bildirib.
Türkiyə prezidenti bəyan edib ki, Suriyada hərbi əməliyyatlar keçirən Rusiyanın Ukraynadakı varlığı da qeyri qanunidir: "Bu, "mən güclüyəm, elə isə haqlıyam" məntiqidir. Burada haqlılıqdan söhbət gedə bilməz. Rusiya Krımın etnik quruluşunu dəyişdirmək istəyir. Krımın işğalına son qoymaq üçün ortaq hərəkət edəcəyik".
Poroşenko isə mətbuat konfransında bildirib ki, Ukrayna Krım məsələsinə dair beynəlxalq danışıqlarda, o cümlədən “Cenevrə +” (Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqı) formatına Türkiyənin də cəlb edilməsinin tərəfdarıdır.
Xatırladaq ki, 2014-cü ilin mart ayında Krımda keçirilən refendurumda əhalinin 95 faizinin Rusiyaya birləşmək istədiyi açıqlanıb. ABŞ, Avropa ölkələri, Kanada və Yaponiya bu nəticəni ciddi qəbul etmir. Bu ölkələr ümumiyyətlə, yarımadada keçirilən referendumu tanımır.