azia.az
azia.az

Azərbaycanda tibb işçisi paylaşdığı videoya görə işdən çıxarılıb? - VİDEO

11-05-2019, 21:20

Sosial şəbəkələrdə yayımlanan videonu şəxsi feysbuk profilində paylaşdığı üçün işdən çıxarılan tibb işçisi hüquqlarının pozulduğunu iddia edir.
Azərbaycanda tibb işçisi paylaşdığı videoya görə işdən çıxarılıb? - VİDEO
Azia.az Femida.az-a istinadən xəbər verir ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonunda yerləşən 18 saylı bölməsində dispetçer vəzifəsində çalışmış Vəfa Bağırovanın sözlərinə görə, sosial şəbəkələrdə təcili tibbi yardım maşınının tibb bacısının ətrafında fırlandığı videonu paylaşdığı üçün qanunsuz olaraq işdən çıxarılıb.

“2019-cu ilin fevralın 6-da sosial şəbəkələrdə tibb işçilərinin maraqlı videosunu gördüm. Videoda tibb bacısının ətrafına təcili tibbi yardım maşınları dolanırdı. Mən də tibb işçisi olduğum üçün video marağıma səbəb oldu. Həmin videonu öz şəxsi profilimdə paylaşdım. Üstündən 1 saat keçdikdən sonra mənə dedilər ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının baş həkimi Rauf Nağıyev məni axtarır. Rauf müəllimin yanına getdim. Mənə dedi ki, videonu paylaşdığın üçün səni işdən çıxarıram. Ona izah etdim ki, videonu məqsədli şəkildə paylaşmamışam və bizim stansiya ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq o məni dinləmədi. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarıldım”.

Vəfa Bağırovanın sözlərinə görə, onun işdən çıxarılması tam qanunsuzdur və hüquqlarının ciddi şəkildə pozulmasıdır.

“Bu videonu məndən əlavə bir çox adam paylaşıb. Onlar niyə işdən çıxarılmayıb? Bundan əlavə mən nə video çəkmişəm, nə də həmin görüntüdə olmuşam. Videonu sosial şəbəkələrdə hər kəs kimi görmüşəm və marağımı çəkdiyi üçün paylaşmışam. Burada hansı qanun pozuntusundan söhbət gedir? Şəxsi profil adından da göründüyü kimi mənim şəxsi profilimdir. Orada edilən paylaşımlar da mənim mövqeyimi əks etdirir. Bunun mənim işimlə nə əlaqəsi ola bilər ki? Mən ictimai şəxs deyiləm ki, paylaşımlarım cəmiyyətə təsir etsin”.

Vəfa Bağırovanın sözlərinə görə, əmək kitabçasına edilən qeydlər və işdən çıxarılma səbəbi də tam qanunsuzdur.

“Video paylaşılan gün mən işdə olmamışam. Biz növbəli iş qrafikində işləyirik. İşdən çıxarılma əmrimdə yazıblar ki, guya mən həmin günü işə məsuliyyətsiz yanaşmışam. Halbuki, mən həmin günü işdə olmamışam. İşdə olmayan şəxs necə işinə məsuliyyətsiz yanaşa bilər ki? Bundan əlavə qanunvericiliyə görə, işi yerinə yetirə bilməyən şəxsə əvvəlcə xəbərdarlıq edilir , sonra töhmət və şiddətli töhmət verilir. Bundan nəticə çıxarmadığı halda işdən çıxarıla bilər. Mənim 5 illik fəaliyyətim zamanı heç bir xəbərdarlığım, töhmətim olmayıb. Belə olan halda işdən çıxarılmağım qanunsuz deyilmi?”

Vəfa Bağırovanın sözlərinə görə hüquqlarının bərpası üçün məhkəməyə müraciət etsə də ədalətli qərar əldə edə bilməyib.

“Biz hüquqi dövlətdə yaşayırıq. Ölkə başçısının son günlər məhkəmə-hüquq sistemində apardığı islahatları görürüəm. Ümid edirəm ki, mənə qarşı ədalətsiz qərar çıxarmış hakimlə bağlı qanun çərçivəsində tədbir görüləcək. Qanunsuz olaraq işdən çıxarılmağımla bağlı məhkəməyə müraciət etdim. Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanın sədrliyi ilə baş tutan məhkəmədə bizim sözümüz dinlənilmədən şikayətimiz rədd edildi. Məhkəmə başlamazdan əvvəl baş həkim Rauf Nağıyev bizə bildirmişdi ki, onsuz da qərar onun xeyrinə olacaq. Mən başa düşmədim. Məhkəmə qərarını əvvəlcədən necə bilmək olar? Buna görə də pozulan hüquqlarım bərpa olunana qədər bu məsələnin arxasınca gedəcəm. Mən qanunlarla idarə olunan bir ölkənin vətəndaşıyam. Məni və hüquqlarımı qanunlar və güc sturkturları qoruyur”.

İşdən çıxarılan tibb işçisinin sözlərinə görə, ona təyziq vasitəsi kimi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev tərəfindən şərəf və ləyaqətin təhqiri və işgüzar nüfuza xələl gətirməni əsas gətirərək məhkəməyə verilib.

“Qanunsuz olaraq işdən çıxarıldıqdan sonra yuxarı qurumlara Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasında baş vermiş nöqsanlarla bağlı müraciət etdim. Müraciətimdə sadaladığım hallar arasında təsərrüfat mallarının işçilərə verilməməsi, təcili tibbi yardım həkimlərində lazımı dərmanların tam miqdarda olmaması,adi təmir işlərinin işçilər tərəfindən edilməsi, iş yerində dərman, sabun və digər təsərrüfat mallarının işçilərin pulu hesabına alınması barədə yazmışdım. Bu reallıqdır. Yoxlama gəlsə, bütün bunların həqiqət olduğunu üzə çıxaracaq. Ümid edirəm ki, Səhiyyə Nazirliyi mənim bu müraciətimi obyektiv şəkildə araşdıracaq.

Bu müraciəti etdiyimə görə, Rauf Nağıyev məni məhkəməyə verib. Mayın 10-da Xəzər Rayon Məhkəməsində hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə iclas olacaq”.

Qeyd olunan ittihamlarla bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlamaq istəsək də telefon zənglərinə cavab vermədi.

Mövzu ilə bağlı vəkil Vüqar Səfərli bildirib ki, mövcud vəziyyətdə tibb işçisinin işdən çıxarılması qanunsuzdur.Vətəndaş məhkəmənin qərarından narazı olduğu halda Apellyasiya şikayəti vermək hüququna malikdir.

"Hesab edirəm ki, şəxsi facebook profilində paylaşılan bir posta görə, işçini ağır maddə ilə işdən çıxarmaq qanunun tələblərinə ziddir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi