Bakıda təcili tibbi yardım xəstəyə kömək etmədi? - YENİLƏNİB + VİDEO
Azia.az xəbər verir ki,Bu gün təcili tibbi yardımla bağlı Bakıda xoşagəlməz hal yaşanıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, nazirliyə 11:35-də çağırış daxil olub, 11:47-də isə hadisə yerinə təcili tibbi yardım maşını gəlib.
Nazirlikdən yaranan anlaşılmazlığa da münasibət bildirilib:
“Sürücü maşının içərisində heç bir tibbi heyət, tibbi personal olmadığı üçün dayanmayıb. Qaraja oksigen balonu götürməyə gedən maşının içində tibb bacısı olmadığı üçün maşın saxlasa da, sürücü o insana heç bir köməklik edə bilməzdi”.
“Özəl tibb müəssisəsinə məxsus maşın Səhiyyə Nazirliyinə aid deyil. Daha sonra isə təcili yardım maşını gəlib və sözügedən şəxsə lazımi kömək olunub”, - deyə nazirlikdən qeyd edilib.
Bu gün saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığında xoşagəlməz hadisə baş verib.
Azia.Az xəbər verir ki, görüntüləri “Facebook” sosial şəbəkəsində Kamran Mahmudov adlı istifadəçi paylaşıb.
Hadisə şahidləri bildiriblər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb.
“Mən orada olduğum müddətdə iki təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikaya məxsus, digəri isə dövlətə. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, sürücü saxlamadı. Yol polisi məsələyə qarışdıqdan 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya apardılar”, - deyə K.Mahmudov yazıb.
Azia.az-ın məlumatına əsasən, yolda səhhəti pisləşən vətəndaş 1948-ci il təvəllüdlü Verdiyev Seyfulla Əli oğludur. O, yolu keçmək istəyərkən qəfildən halı pisləşib və yerə yıxılıb.
AybƏniz Abdulova