Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.
"Azia.az" xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir.
Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün “AİD Group”a müraciət edib. Şirkətdə ona müqavilə təqdim olunub, şərtlərlə razılaşdıqdan sonra o, 2 min dollar ödəniş edib.
Şikayətçinin sözlərinə görə, sonradan ona təqdim edilən müqavilədə ilkin göstərilən sənəddən fərqli şərtlərin yer aldığını görüb. Belə ki, yeni müqavilədə viza üçün əlavə 850 manat ödənilməli olduğu və başqa bir neçə əlavə qeyd edilib.
Rüfət ona ofisdə təqdim olunan yeni müqavilə ilə tanış olduqdan sonra “AİD Group”la ilkin razılaşmadan imtina edib: “Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı “WhatsApp” qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim 2 min dollardan 1 manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur”.
Rüfətin dediyinə görə, “AİD Group”un ofisinə daxil olarkən girişdə telefonu əlindən alınıb. Bu qayda kiminsə səsini yazmağın qarşısını almaq məqsədilə bütün müştərilərə tətbiq olunub.