İşçi hansı hallarda Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarıla bilər?
"Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi işçinin əmək funksiyalarını və ya müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Bu bəndə əsasən, işəgötürən əmək müqaviləsini yalnız işçinin konkret pozuntularını sənədlərlə təsdiq edərək ləğv edə bilər. Yəni sadəcə 70-ci maddənin "ç" bəndinə istinad etməklə kifayətlənmək olmaz. İşəgötürən əmrdə konkret olaraq işçinin hansı vəzifə öhdəliklərini pozduğunu və bu pozuntunun iş prosesinə necə təsir etdiyini dəqiq qeyd etməlidir. Əks halda, məhkəmə işəgötürənin işdən azad etmə qərarını etibarsız saya bilər".
Bu sözləri e-huquq.az-a açıqlamasında hüquqşünas Aytac Qurbanova söyləyib.
O bildirib ki, 72-ci maddə isə əmək vəzifələrinin kobud şəkildə pozulmasını tənzimləyir: "Bu maddə işçinin ağır intizam pozuntularını əhatə edir. Məsələn, işçinin işə gəlməməsi, sərxoş vəziyyətdə işə çıxması və ya işəgötürənə qarşı ağır intizam pozuntuları törətməsi kimi hallar bu maddədə sadalanır. 72-ci maddədə qeyd olunan hallarda əmək müqaviləsinə xitam verilməsi işəgötürən üçün daha əsaslı olur, lakin işçinin bu pozuntularının sənədləşdirilməsi və sübutlarla təsdiqlənməsi vacibdir".
Ekspertin sözlərinə görə, bu maddələrin tətbiqi zamanı əsas məsələ ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilmə əmri dəqiq və əsaslandırılmış olmalıdır: "Yalnız maddəyə istinad etməklə kifayətlənmək kifayət deyil, pozuntular və onların iş prosesinə təsiri aydın şəkildə göstərilməlidir. İşəgötürənlər Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və ya 72-ci maddəyə əsaslanaraq işçini işdən azad edərkən, konkret pozuntuları dəqiq göstərməli və bu halları sübutlarla əsaslandırmalıdırlar".