azia.az
azia.az

Ölkəmizin ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində istifadəyə verilib

29-12-2023, 13:36


 

Gəncə şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başlayıb. 

 Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerBlast” MMC-nin özəl tərəfdaşı olan “DM Service” şirkətinin nümayəndəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

 Tədbir iştirakçıları dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC-nin ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə istifadəyə verdiyi müəssisədə yaradılan şəraitlə tanış olublar. Zavodun fəaliyyət imkanları və istehsal texnologiyaları haqqında məlumat verən “AzerBlast” MMC-nin baş direktoru Rizvan Baxşıyev hazırda ölkəmizdə mülki təyinatlı partlayıcı maddələrin yeganə istehsal müəssisəsində əsasən dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin istehsalı həyata keçiriləcəyini bildirib.

  Ümumi sahəsi 5665 molan müəssisənin inşasına 2023-cü ilin yanvar ayında başlanıldığını, inşaat prosesinin 12 ay davam etdiyi diqqətə çatdırılıb. Zavodun istehsal xətti Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub. 

 Hazırda ölkəmizdə sənaye partlayıcılarına tələbat idxal hesabına ödənildiyi qeyd edilərək, zavodun  tam rejimdə fəaliyyətə başlaması ilə ölkəmizdə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcəyi və idxaldan asılılığın aradan qaldırılacağı vurğulanıb. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14000 ton ANFO  və H-ANFO  partlayıcı maddələrinin istehsalını həyata keçirəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin daha geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə - 31500 tona çatdırılması planlaşdırılır. Bu məqsədlə ilkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə istehsalatın aktiv dövründə əməkdaşların sayının 65 nəfərədək artırılması nəzərdə tutulub. 

 

Müəssisənin təhlükə potensiallı istehsal sahəsi olduğu xüsusilə nəzərə alınaraq, zavodda yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalatın yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.  

 Qeyd edək ki, Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu layihəsinə 15 milyon manat məbləğində sərmayə qoyulub. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda yerləşməsi, həmçinin bölgədə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə verməkdir. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi