Gəncəlilər Niyazi Bayramovun gördüyü işlərdən çox razıdırlar
Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu sosial və iqtisadi kurs bu gün ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirmiş, dövlət quruculuğu prosesi sürətlənmiş, Azərbaycanda uğurlu sosial və iqtisadi islahatlar aparılmışdır. Bu gün dövlət siyasətinin əsas prinsiplərindən biri - Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. Bu məqsədlə yeni iqtisadi proqramlar qəbul edilmiş və bu proqramlar uğurla icra edilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, Gəncə şəhəri ilə bağlı imzalanan sərəncamlar şəhərin bütün sahələr üzrə davamlı inkişafını təmin etməkdədir.
Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin edildi. Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmasından bir il yarım vaxt keçmişdir.
Gəncə şəhərinə başçı təyin olunan Niyazi Bayramov şəhərdə ilk görüşünü ağsaqqallarla keçirmiş, onların xeyir duasını almış və şəhərdə olan problemlərlə dərindən maraqlanmışdır.
Fəaliyyətinin ilk günündən Niyazi Bayramovun əsas məqsədi Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütamadi olaraq sakinlərlə görüşmək, əhalinin arasında olmaq , onların problemləri ilə yaxından tanış olmaqdır.
Niyazi Bayramov Gəncəyə icra başçısı təyin olunduğu gündən bəri hər həftə şəhər əhalisinin problemlərinin həlli ilə bağlı şəhərin müxtəlif məhəllələrində sakinlərlə görüşlər təşkil edir, müxtəlif təbəqə nümayəndələrini fərdi qəbul edir, vətəndaşları narahat edən məsələləri dinləyir, bir çox problemlərlə yerindəcə tanış olur və onun aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Onun şəhər əhalisi ilə görüşləri müəyyən qapalı məkanda deyil, birbaşa məhəllələrdə və küçələrdə keçirilir. Qısa müddət ərzində Niyazi Bayramov xalq arasında böyük rəğbət qazanıb.
Bunlarla yanaşı şəhərdə bir çox yeniliklər də baş verməkdədir.İlk dəfə olaraq Bakı-Gəncə sürət qatarı işə düşüb,habelə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.
Əsas əlamətdar hadisələrdən biri isə Gəncənin 2019-cu ilin Avropa İdman Şəhəri seçilməsidir. Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Avropanın idman şəhərləri və qəsəbələri öz titullarını götürərək, 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar.2019-cu il üçün Avropanın İdman Şəhəri seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltif etmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Tədbirin davamı olaraq 5 Mart tarixində Heydər Əliyev park-kompleksində “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi də baş tutub.
Gəncə bir sıra festivallara da ev sahibliyi edib. Belə ki, “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının ilk ünvanı məhz qədim Nizami yurdu olub,“IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardın fotosərgisi nümayiş edilib.Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibəti ilə Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkir İmadəddin Nəsiminin canlı portreti də yaradılıb.
Niyazi Bayramovun işlədiyi bu qısa müddət ərzində Gəncə ilə xarici ölkələrin bir sıra şəhərləri arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələri yaradılıb. 27-29 Aprel 2019-cu il tarixləri arasında Gürcüstanın Batumi şəhərində “Batumoba 2019” adı altında şəhər günləri keçirilmişdir. Şəhər bələdiyyəsinin təşkil etdiyi tədbir Batumininin 131 illiyinə həsr olunmuşdu. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun baçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Gəncə şəhərində aparılan abadlıq-quruculuq istiqamətində görülən işlər də şəhər sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Belə ki, Prezidentin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına şəhərdə 198 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, 36 çoxmənzilli binanın fasad hissəsi əsaslı təmir edilib, 46 çoxmənzilli yaşayış binasında 93 ədəd lift yenilənib, ümumi uzunluğu 80 kilometr və sahəsi 1 milyon 232 min kvadratmetr olan 119 küçə və prospektdə yeni asfalt örtüyü salınıb. 71 küçə və prospektdə yeni müasir işıqlandırma sistemləri quraşdırılıb, Gəncə şəhərinin Gəncəçay çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan beş körpü keçidində təmir-bərpa işləri başa çatdırılıb.
Əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın-mexanizm parkı da proqrama uyğun olaraq qismən yenilənib və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Dövlət Proqramının icrası çərçivəsində Gəncə şəhərində qəzalı vəziyyətdə olan yataqxanalardan köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının, həmçinin dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan yeni çoxmənzilli yaşayış binasının tikintisi də uğurla davam etdirilir.
Sahibkarlıq fəaliyyəti ilə bağlı Prezidentin fərman və sərəncamları Gəncədə bu sahənin inkişafına geniş imkanlar yaratmışdır. Bütün bunların nəticəsidir ki, təkcə 2019-cu ildə Gəncə şəhərinə 266 milyon manata yaxın investisiya cəlb edilib. İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manata yaxın investisiya qoyulub. Hal-hazırda Gəncə şəhərində alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək.
Şəhərdə sosial-iqtisadi inkişafın və iqtisadi artımın sürətlənməsi, investisiya və işgüzar fəallığın davamlı şəkildə artması nəticəsində vergi daxilolmaları üzrə proqnoz artıqlaması ilə yerinə yetirilib.Şəhərdə iqtisadiyyatın sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunub, 2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb.
Şəhər əhalisinin içməli suya olan tələbatını tam ödəmək və keyfiyyətli su təminatını təmin etmək məqsədilə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam etdirir.
2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı verdiyi tapşırıqlara əsasən 980 yerlik bir ümumtəhsil məktəbi əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan 280 yerlik körpələr evi-uşaq bağçası yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə isə ötən il 1476 yerlik iki məktəb binası əsaslı təmir edilib, bir məktəb üçün əlavə 280 şagird yerlik yeni korpus inşa olunub, yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərin sayı 34-ə çatdırılıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində üçmərtəbəli aqrar yönümlü Peşə Təhsil Mərkəzinin, həmçinin dördmərtəbəli yeni tədris korpusunun tikintisi və Gəncə Dövlət Universitetinin üç korpusdan ibarət yataqxanalarının əsaslı təmiri işləri artıq başa çatmaq üzrədir.
Bununla yanaşı, 200 çarpayılıq Gəncə Psixiatriya Xəstəxanasının tikintisi və tarix-memarlıq abidələri - Şah Abbas və Uğurlu Xan karvansaraylarında əsaslı təmir-bərpa işləri başa çatdırılıb. Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin təmiri, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binasının əsaslı təmir-bərpası, Gəncə Dövlət Dram Teatrının yeni binasının və İdman Sarayının tikintisi işləri sürətlə davam etdirilir.
Bu günlərdə Gəncədə infrastrukturun və yaşayışın yaxşılaşdırılması sahəsində Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Jurgen Rigterink arasında Bakı şəhərində görüş keçirilmişdir. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazır olduğunu bildirmişdir.Gəncə və AYİB arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən 300 mindən çox əhali bəhrələnəcək.
AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncəyə kömək göstərəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirmişdir.
Bu uğurlar da Niyazi Bayramovun Prezident İlham Əliyevin tapşırığı ilə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir.
Məlum olduğu kimi, respublikamızda şəhid ailələri, müharibədə fiziki sağlamlığını itirən şəxslər və ailə üzvləri xüsusi qayğı ilə əhətə olunublar. Onların sosial problemlərinin həlli, həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Ölkənin hər yerində olduğu kimi, Gəncədə də bu istiqamətdə müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Qarabağ əlilləri və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan məsələlər yerinə araşdırılaraq həll edilir.
Bir sözlə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun məqsədyönlü təşkilatçılığı sayəsində Gəncə öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayır, abadlaşır və tarixləşir.
Niyazi Bayramov özünün şəxsi keyfiyyətləri ilə seçilən İcra Başçısı olduğunu sakinlərlə ünsiyyətində göstərir. Yaxın günlərdə keçirilən şəhər tədbirlərinin birində mən şəxsən buna bir daha şahid oldum. Belə ki, yaşlı bir şəhər sakini ondan öz problemlərinin həll olunmasına köməklik göstərməsi ilə əlaqədar cənab başçıya yaxınlaşdı. Niyazi Bayramov o qadının əlindən tutaraq, sol tərəfində tədbirin sonuna qədər saxladı və tədbir başa çatandan sonra həmin yaşlı qadını sona qədər dinlədi. O, yaşlı qadının probleminin həll olunması ilə bağlı yerindəcə göstəriş verdi.Bu cür addımları görən şəhər sakinləri hörmətli Niyazi Bayramova sevgi ilə yanaşır. Şəhər sakinləri başçının hər bir vətəndaşa olan diqqət və qayğısını görüb,ona ehtiramla və sevgi ilə qarşılıq göstərirlər.
Göründüyü kimi,Niyazi Bayramov Prezident İlham Əliyevin əhaliyə diqqət və qayğı ilə yanaşmaq,onların problemlərini həll etmək haqqında olan bütün tapşırıqlarını çox ləyaqətlə yerinə yetirən bir icra başçısıdır. Belə bir bacarıqlı, yüksək insani keyfiyyətlərə malik bir şəxsi şəhərimizə başçı təyin etdiyinə, respublikamızın inkişafı naminə gördüyü işlərə görə,Prezident İlham Əliyevə şəhərin çoxminli əhalisi adından təşəkkür edirik.