Azərbaycan televiziya reklamı bazarı 30 faiz çökəcək
Azərbaycan televiziya reklamı bazarı 30 faiz çökəcək
Ölkə televiziya bazarı ciddi böhranla üz-üzədir
Ölkəmizdə medianın texnologiya baxımdan təkamülü, bununla da iqtisadi cəhətdən uğurlu inkişafı üçün zəruri olan rəqəmsal inkişaf və transformasiya bir sıra mühüm şərtlərə bağlıdır. Həmin şərtlər arasında audiovuzual sahədəki iqtisadi proseslərin başlıca hərəkətverici amili olan keyfiyyətli xəbər istehsalı, həmçinin əqli mülkiyyət hüququnun qorunması mühüm əhəmiyyət daşıyır.
Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.
Digər tərəfdən qanunsuz fəaliyyət göstərən OTT* platformları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.
Rəsmi yayımlanan telekanallardakı reklam məzmunlarından fərqli olaraq yeni platformlar yayımlarına tamaşa edənlərə dair statistik rəqəmlər açıqlayır, habelə məşhur xarici kanallarda reklam yerləşdirmək üçün əlverişli şərtlər təqdim edirlər. Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında əmtəə və xidmət reklamı formatı təklif edilir.
"İKT bazarı iştirakçıları" İctimai Birliyinin** proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcəkdir.
Yaranmış vəziyyətin iqtisadi, habelə siyasi təhlükə mənbəyinə çevrilməsi göz qabaqında olsa da, teleməkandakı qanunsuz fəaliyyətlərə qarşı tədbir görmək səlahiyyətinə malik aidiyyatı dövlət qurumları təsirli addım atmırlar. Həmçinin kiber təhküəsizliyə məsul olan qurumlar tərəfindən də teleyayım sahəsinin təhlili yoxdur.
Qanunsuz platform istifadəçiləri risq qrupuna aiddirlər. Burada dövlət üçün aşağıdakı təhlükələr qarşımıza çıxır: qanunsuz internet platformlarından rəsmi telekanalların yayımının pozulması, lisenziyasız fəaliyyət göstərən bukmeyker platformlarının, digər qadağan olunmuş əmtəə və xidmətlərin reklamlarının rəsmi yayıma yeridilməsi, istifadəçi qurğuların virus və zərərli proqramlar vasitəsilə sıradan çıxarılması.
"İKT bazarı iştirakçıları" İctimai Birliyi tam məsuliyyətlə bildirir ki, qanunsuz platformların fəaliyyəti ölkəmizin nəinki televiziyasına, bütövlükdə media sektorunun inkişafına dağıdıcı ziyan vura bilər!
Odur ki, aidiyyatı səlahiyyətli qurumlar media bazarında, xüsusilə də teleyayım sahəsindəki nəzarət tədbirlərini artırmalıdır.
* OTT – Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir.
** "İKT bazarı iştirakçıları" İctimai Birliyi 2022-ci ildə yaradılaraq Azərbaycanda televiziya yayımı sektorunun səmərəli inkişafına dəstək verməyi qarşıya məqsəd qoyur. Ölkənin əsas televiziya və radio yayımçıları, kabel televiziyası və multiservis rabitə şəbəkələri operatorları, media agentlikləri, media məzmunları yaradıcılığı və yayımı bazarının iştirakçılarının peşəkar bilriliyi olan təşkilat 2022-ci ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən media sektorunun iştirakçılarına əlaqəli müəllif hüquqları verilməsinə dair müvafiq akreditasiya əldə etmişdir.