Mirvari Qəhrəmanlı Əli Kərimlinin cavabını verdi
Milli Şura (MŞ) üzvləri insanlara mənəvi terror etməkdə, aşağılamaqda, şər-böhtanlar yağdırmaqda davam edir. AXCP-ni, Əli Kərimlini kim bir balaca tənqid edirsə, dərhal MŞ trolları həmin insanların üzərinə “səlib yürüşü” təşkil edirlər, küçə söyüşləri işlədirlər. Hətta iş o yerə çatır ki, şəxsi həyatlara müdaxilələr olunur.
MŞ-nın hədəfə aldığı şəxslərdən biri də Praqada mühacir həyatı yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovadır. Onun ünvanına olmazın təhqirlər səsləndirilir. Onunla bir sırada anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da təhqir olunur, şər-böhtanlara məruz qalır.
İş o yerə çatıb ki, bununla bağlı M.Əzizova AXCP sədri Əli Kərimliyə müraciət edib. Müraciətdə deyilir: “Salam Əli bəy, ümid edirəm ki, yaxşısınız. Şəkillərdən, statuslardan görürəm ki, bu belədir. Amma deyəsən partiyada işlər pis gedir, yoxsa sizin partiyanın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqda şər, təhqir yaymaqla məşğul olmazdılar. İdealda onların indi mənə, anama yox, partiya işlərinə başları qarışmalı idi. Və istər-istəməz sual yaranır : Niyə siz öz aktivistlərinizə bir treninq və ya maarifləndirmə işləri aparmırsınız, başa salmırsız ki, virtual məkanda özlərini bu cur aparmaq olmaz! Əgər bir insan real həyatda təhqir, şər, böhtanla məşğuldursa, adətən qanun qarşısında cavab verir. Virtual həyatda bu vasitələr olmadığı üçün , sizdən xahiş edirəm öz tulalarınızı (üzrlü sayın, onları ayrı cür adlandıra bilmirəm ) yığışdırın. Birdəfəlik onlara başa salın ki, onların etdikləri həm sizin, həm də partiyanın adına ləkədir, başa salın ki, insan vicdansızlıq etməməlidir, insan yalan danışmamalıdır... O tulalara başa salın ki, FB-da partiya işləri ilə məşğul olsunlar, mənim və anam haqında təhqirlərə yol verməsinlər”.

M.Qəhrəmanlı yaranmış durumla bağlı “Yeni Müsavat”a açıqlamasında sərt danışdı: “Hamının bildiyi kimi, milli azadlıq hərəkatında iştirak etmişəm. Eyni zamanda, Demokratik Konqres, SİDSUH, İctimai Palata, Milli Şura kimi qurumlarda təmsil olunmuşam. Milli Şuradan çıxarılmışam. Bu qurumun adını çəkdikdə ilk göz önünə AXCP gəlir. Çünki sosial bazasını Müsavatın qurumu tərk etməsinin ardından bu partiya təşkil edir. Fərdlər Milli Şurada təmsil olunur. Son üç ildə çox təəccüblüdür ki, mənə qarşı gələndə qızımı da təhqir edirlər, qızımın nəsə yazması xoşlarına gəlməyəndə məni də təhqir edirlər. Siyasi qurumlar, şəxslər tənqidlərə açıq olmalıdırlar. İlk dəfə olaraq, Azərbaycanın Mədən Sənayesinə Şəffaflığın Artırılması Koalisiyasından çıxmaması üçün 94 nəfər imza atan QHT-lər içərisində mən də var idim. Demişdim ki, Azərbaycan beynəlxalq qurumlarda qalmalıdır. Bu, xalqımıza və cəmiyyətimizə böyük önəm kəsb edir. İlk mübahisəmiz oradan başlamışdı. Təkcə qurumun üzvləri deyil, rəhbərlikdə təmsil olunan bəzi şəxslər nəinki məni tənqid etdilər, hətta təhqirlərə yol verməyə başladılar, məni aşağıladılar. Mətanəti də təhqir etdilər. Qızım onsuzda ölkəsindən didərgin düşmüş, bir gecənin içərisində 17 yaşlı övladını, ailəsini qoyub getmiş adamdır. Çəkdikləri ona bəsdir. İkinci dəfə Fuad Qəhrəmanlının qızı ilə bağlı Mətanət bir qadın hüquqlarını qoruyan təşkilatın rəhbəri kimi məsələyə münasibət bildirdi. Təsəvvür edin ki, qızımla yanaşı məni də təhqir etməyə başladılar. Qadın üçün ən ağır aşağılayıcı ifadələrə yol verdilər. Son olaraq, sosial şəbəkələrdə Mətanətlə mübahisələri düşən cəbhəçilər məni də təhqirlərinə qoşdular. Birinci dəfə məni İnqilab Kərimov təhqir etmişdi. Düzdür, sosial şəbəkələrdə trollar az deyil. Bir də görürsən ki, bir cəbhəçi ilə eyni statusu bir troll paylaşır. AXCP-də hörmət etdiyim çoxsaylı insanlar var.
Çox təəssüflər olsun ki, bir vaxtlar ziyalıları çox olan o partiyadan indi demək olar əsər-əlamət qalmayıb. Bu təhqirlərin kökündə nələrin dayandığını açığı anlamıram. Mətanəti suçlayırlar ki, guya onun stopu var imiş. Mayın 3-də səhər saatlarında qızım ölkəni tərk edib. Deyirlər ki, guya qızım Leyla Yunusu tutdurandan sonra üzərindəki stop götürülüb. Yalançıya Allah lənət eləsin. Mətanət may ayında gedib, Leyla iyulda tutulub. O qədər təhqirlər, şər-böhtanlar yağdırırlar ki, insan dəhşətə gəlir. Nəyə görə mən də, qızım da təhqir olunmalıyıq. Nə istəyirlər bizdən? Hüquq müdafiəçiləri hər zaman prosesləri analiz edirlər. Mədən Sənayesindən çıxmamağımızla bağlı sənədə qol çəkdim ki, Azərbaycan çıxmasın. Üzərimə hücum çəkdilər. Milli Şuranın üzvü olmuşam, əcəb etmişəm. Bu qurum kimin dədəsinindir? Əli bəy kimi istəyirsə, quruma daxil edir, kimi istəmirsə, qurumdan çıxarır. Son təhqirləri screen edib saxlayıram. Bu faktları hüquq mühafizə orqanlarına təqdim edə bilərdim. Amma etmədim, onların əlinə fürsət vermək istəmədim. Çünki deyəcəkdilər ki, bu hökumətin siyasətidir. Sual verirəm, bizdən nə istəyirsiniz? Nə partiyaları qarşısında hesabatlılığım, nə də özlərinin qarşısında öhdəliyim yoxdur. Bir Allah, bir də rəhmətə gedən həyat yoldaşım qarşısında hesabatlılığım var. İctimai fəaliyyətimlə bağlı isə yalnız öz təşkilatım qarşısında hesabat verirəm ki, bunu da hər il edirik. Bir də statistik hesabat verməli olduğumuz dövlət qurumları qarşısında hesabat veririk. Getsinlər partiyalarının fəaliyyəti ilə məşğul olsunlar, burunlarını hara gəldi soxmasınlar”.
Hüquq müdafiəçisi şəxsinin və qızının şəxsi həyatlarına də müdaxilələrin olunduğunu söylədi: “Təzədən təkrarlamıram, uşağım üçün yeni stresslər yaranar. Mətanət keçirdiyi stresslərdən ciddi müalicə götürüb. Belə yazılar onun sağlamlığına olduqca mənfi təsir göstərir. Heç kimin ixtiyarı yoxdur ki, şəxsi həyata müdaxilə etsinlər, kiminsə şərəf və ləyaqətini alçaltsınlar. Bu gün təhqir kampaniyasında iştirak edənlərin çoxunun valideynlərindən də böyüyəm. Mətanət öz doğma vətənini tərk etmiş insandır. Ölkəsinə gələ də bilmir. Onun Gürcüstanda qohumları, azərbaycanlılarla görüşməsini müxtəlif istiqamətlərə yozub, ləkə yaxan fikirlər səsləndirirlər, qızımın şərəf və ləyaqətini təhqir edirlər. Mənə, övladıma, ailəmə edilən təhqirlər, söyüşlər, böhtanlar arvadlarına, ailələrinə, nəsillərinə aid olsun. O söyüşlərə görə onları məhkəməyə versəm, vay-şüvən qopararlar ki, Mirvari hakimiyyətin sifarişi ilə hərəkət edir. Bu hallar davam edərsə, təbii ki, hüquqi yollara əl atmalı olacam. Əlimdə kifayət qədər faktlar var. Bir hesabat hazırlayıb, onu beynəlxalq təşkilatlara göndərəcəm. Amma onlar həsrət qalacaqlar, mən prokurorluğa müraciət edim deyə. Amma arzularına çata bilməyəcəklər. Hazırlayacağım hesabat hər görüşdüyüm quruma təqdim olunacaq. Özümün müəyyən tədqiq mexanizmlərim var. Mən hüquq müdafiəçisiyəm. Öz haqqını, yaxud başqasını müdafiə edəndə həm zəif bəndi axtarırıq, həm də bununla yanaşı paralel olaraq, müxtəlif mexanizmlərdən istifadə edirik. Çoxlu sayda işlənməmiş mexanizm var ki, bunlardan istifadə edərək, bir yığın tərbiyəsiz, şərəfsiz insan qarşısında ailəmi qoruya bilərəm”.
C.ABBASLI,
“Yeni Müsavat”