azia.az
azia.az

Goranboydakı anormal yolla bağlı rəsmi qurumlardan AÇIQLAMA

12-11-2022, 15:53


Xəbər verdiyimiz kimi, Bakı-Qazax magistral yolunun 312-ci kilometrliyində Goranboy rayonun Goran ərazisində körpünün yanından Naftalan, Tərtər istiqamətinə geri dönüş edərək hərəkət edən sürücülərə iki aya yaxındır ki, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımının (Yevlax postu) əməkdaşları tərəfindən İXM 327.4 maddəsi ilə 100 manat məbləğində cərimə yazılır.

Həmin ərazidə avtomobillər geriyə hərəkət etmək məcbur qaldıqlarından, digər avtomobillər üçün daha böyük təhlükə yaradırlar. Ərazidə hərəkət edən sürücülər belə vəziyyətdən, cərimələrdən bezdiklərini bildiriblər.

Problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Rövşən Tağıyev Redaktor.az-a bildirdi ki, sözügedən yolda sürücülərə cərimə yazılması qanunsuz deyil.

“Bu gün üçün o yolda müvafiq yol nişanları mövcuddur. Oradan əks istiqamətdə hərəkət zolağına çıxmaq digər hərəkət iştirakçıları, həmçinin qaydanı pozan sürücü üçün təhlükə yaratdığına görə bizim əməkdaşlarımız tərəfindən həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülür. Ancaq vətəndaşlar bununla bağlı yolun uzun olmasını əsas gətirirlərsə, bununla əlaqəli aidiyyəti qurumlara müraciət etsinlər. Orada yeni yolun çəkilməsi və ya yolun genişləndirilməsi Dövlət Yol Polisinin və Daxili İşlər Nazirliyinin səlahiyyətinə daxil olmayan məsələdir".

Rövşən Tağıyev qeyd etdi ki, həmin ərazidən birbaşa magistral yola daxil olunduğu üçün orada yol nişanı qoymaq olmaz:

“Mümkün deyil ki, orada yol nişanı qoyulsun. Orada əgər tam təhlükəsiz formada genişləndirilmə prosesi nəzərdə tutularsa, əmələ gələrsə, əgər bizim mütəxəssislər də gedib rəy verərlərsə ki, burada geriyə dönmə həqiqətən də, həm həmin sürücünü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmırsa, bu halda təbii ki, yol nişanları qoyula bilər.

Bir daha bütün sürücülərdən xahiş edirik ki, yol nişanlarının tələblərinə riayət etsinlər və belə qayda pozuntularına yol verməsinlər”.

Problemlə bağlı Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov qeyd etdi ki, yol çəkilişi onların səlahiyyətində deyil: 

"Yol çəkilişi, təmir olunması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətində olan məsələdir. Vətəndaşlar rəsmi şəkildə bizə müraciət etsinlər, problemlə bağlı aidiyyəti qurumlara müraciət edək". 

Şikayətlə əlaqədar 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədov ilə əlaqə saxlamağa çalışdıq. Deputatın köməkçisi Elçin Cahangirov dedi ki, Gorandakı vəziyyətlə bağlı onların məlumatı yoxdur: 

"Birinci o vətəndaş bizə rəsmi şəkildə müraciət etsin, biz müraciətin mahiyyətini bilək, görək nə məsələdir. Xahiş edirəm, əlaqə nömrəmi həmin vətəndaşa verin, mənlə danışsın, görüm haradır, hansı sahədir, nə məsələdir ondan sonra münasibətimizi bildirək. Bunla bağlı bizdə heç bir məlumat yoxdur".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli sorğumuza cavab olaraq bildirdi ki, bu barədə sakinlər və ya Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən AAYDA-ya müraciət olunmayıb: 

"Bu barədə müraciət olunduqdan sonra məsələni araşdıra və məlumat verə bilərik. Yalnız vətandaşlar, müvafiq qurumlar bizə müraciət etdikdən sonra problemi araşdıra, əraziyə baxış keçirib bundan sonra informasiya verə bilərik",- deyə qurum rəsmisi bildirdi.

Redaktor.az saytının baş redaktoru, Goranboy rayon sakini Aqil Aslan bildirdi ki, o, özü də Gorandakı problemlə tanışdır:

"Son bir ayda iki dəfə Goranboya, Naftalana gedib-gəldiyim üçün həmin problemin şəxsən şahidiyəm. Orada insanlar bu məsələdən çox narahatdırlar. Çünki 10 ildən çoxdur gedib-gəldikləri yolda birdən-birə cərimə olunurlar. Əvvala qeyd edim ki, Goran qəsəbəsi bölgədə böyük ticarət mərkəzi sayılır və orada dünyada analoqu olmayan sərt dönüşü olan anormal bir körpü salıblar. Təsəvvür edin ki, Naftalan istiqamətindən gəlib Goranda Bakı istiqamətindəki mağazalardan alış-veriş edənlər, yanacaqdoldurma məntəqəsindən yanacaq doldurub geriyə qayıtmaq istəyən sürücülər indi gərək 10 kilometrlərlə məsafə gedib Yevlax rayonu ərazisində "Stansı Mingəçevir" kimi tanınan Aran qəsəbəsindəki körpüdən dönüb qayıtsınlar. Yaxud Naftalandan gəlib Gorandakı avtobus dayanacağına sərnişin düşürən sürücü əvvəlcə körpünün üstündən keçib Gəncə yoluna çıxmalı, oradan Goranboy şəhərinə gedən dairədən dönüb geriyə avtobus dayanacağına qayıtmalıdır. Bu günə kimi isə qeyd etdiyim istiqamətdən gələn sürücülər həm körpüdən soldakı avtobus dayanacağına, oradakı mağazalara hərəkət edə bilirdilər, həm də sağ tərəfdəki yanacaqdoldurma məntəqəsinə, mağazalara baş çəkib geri qayıda bilirdilər. Və orada 10 ildir DYP-nin müşahidə kamerası olsa da, heç kimə cərimə yazılmayıb, yol polisi hansısa sürücünü saxlamayıb. Son iki ayda isə kameralar vasitəsilə sürücülərə cərimə gəlir. Yol polisini başa düşmək olar. Yəni qayda pozulursa, cərimə də olmalıdır. Amma 10 ildir buna göz yumub, indi cərimə olunmaları sürücülərin narazlığına səbəb olub. Əlbəttə, illər öncə oradakı körpü salınanda bütün bunlar nəzərə alınmalı idi. Təəssüf ki, qeyd etdiyim kimi, o zaman analoqu olmayan elə bir körpü tikiblər ki, indi insanlar bundan əziyyət çəkirlər. 

Bu problemlə bağlı müvafiq dövlət qurumları təcili fəaliyyətə keçməlidirlər. Gözləmək lazım deyil ki, hansısa sürücü fərdi şəkildə Rayon İcra Hakimiyyətinə, yaxud rayondan seçilmiş deputata müraciət etsin. Bu, şəxsi məsələ deyil, ümumi məsələdir. Hər hansı bir problem mətbuatda, sosial şəbəkədə işıqlandırılıbsa, ictimailəşdirilibsə, dərhal müvafiq qurumlar hərəkətə keçməlidir. Danışdığımız bu problem həm mətbuatda, həm sosial şəbəkələrdə Goranboy adı ilə tanınan səhifələrdə, qruplarda paylaşılıb, müzakirə edilib. "Bu məsələdən xəbərim yoxdur" deyən vəzifəli şəxslər Goranboy səhifəsindəki şərhləri oxusalar, onda görəcəklər ki, nə qədər sürücü bu problemə görə cərimə ounur. Yaxud özləri həmin yoldan istifadə etsələr, o zaman ya cərimə olunacaqlar, ya da cərimə olunmamaq üçün Yevlaxdan dönüb qayıtmalı olacaqlar".

Aqil Aslan bildirdi ki, məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ilə də əlaqə saxlayıb:

"Mənə bildirdilər ki, problemin həlli üçün orada yol genişləndirilməlidir. Yəni Goran qəsəbəsinin özündə Bakı istiqamətində magistral yoldan geriyə dönüş üçün dairə salınmalıdır. Yaxud körpünün yanında genişləndirmə işləri aparılmalıdır. Bu iş də DYP-nin yox, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin görməli olduğu işdir. Bu məsələni də təbii ki, rayon rəhbərliyi qaldırmalıdır. Bir məsələni də xatırladım ki, o zaman Bakı-Gəncə magistral yolu yenidən salınarkən Goran qəsəbəsindən Goranboy şəhərinə dönməyə yol yox idi. Bu anormal vəziyyətdən o zaman da insanlar əziyyət çəkirdi. Həmin vaxt bu məsələni modern.az saytında işıqlandırdıq, Goranboydan olan Milli Qəhrəmanlarımız, rəhmətlik Maşallah Abdullayevlə Məhəmməd Həsənov mətbuat vasitəsilə rayon rəhbərliyinə və o vaxtkı nəqliyyat naziri Ziya Məmmədova əhalinin narazılıqlarını çatdırdılar. Bundan bir müddət sonra magistraldan Goranboy şəhərinə və geriyə dönmək üçün dairə saldılar. Yəni Gorandan keçən bu yol əvvəldən başıbəlalıdır". 

Nərmin VÜQARQIZI



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi