azia.az
azia.az

Fazil Mustafa: "Bakını xilas edən Nuru Paşanın heykəli yoxdur, burda hansı nəsil yetişsin..."

14-06-2022, 07:13


Milli Məclisin deputatı Fazil Mustafa Publika.az-a müsahibə verib.
Fazil Mustafa: "Bakını xilas edən Nuru Paşanın heykəli yoxdur, burda hansı nəsil yetişsin..."
Azia.az həmin müsahibəni təqdim edir:

- DTX-nın son uğurlu əməliyyatı nəticəsində ifşa olunan 15 yaşlı yeniyetmə qızın erməni toruna düşməsi hansı problemləri ortaya çıxardı?

- İnternet məkanına tam nəzarət etmək imkanımız yoxdur və uşaqların məktəb mühitində tərbiyəvi işləri də lazımı səviyyədə deyil, hətta bərbad vəziyyətdədir. Ona görə də başsız qalmış, internet məkanında macəra axtaran və hansısa bir cəlbedici çağırışlara uyan yeniyetmələrə rast gəlmək mümkündür. Lakin bu hadisə daha orijinal bir forma oldu. Cəmiyyətdə müəyyən qədər macəraçı gənclər ola bilər, amma bu yeniyetmənin erməni kəşfiyyatı ilə əməkdaşlıq etməsi olduqca düşündürücüdür. Yeniyetmələr arasında narkomaniya, yaxud müəyyən cinsi azlıq qruplarına qoşulma və s. hallar müşahidə oluna bilər, lakin bu daha acınacaqlı bir vəziyyətdir. Məsələ ilə bağlı ciddi həyəcan təbili çalınmalı və cəmiyyətdə bu cür hadisələrin mümkünlüyü barədə insanlar məlumatlandırılmalıdır.

- Sözügedən yeniyetmə müsahibəsində bildirib ki, erməni "dostları" ondan faşist Qaregin Njdenin şəkillərini ADNSU və Şəhidlərin Xiyabanı qarşısında çəkməsini tələb edib. Sizcə, o məktəbli bu cəsarəti haradan alıb. Yəni ölkədə baş verənlərdən həqiqətənmi xəbərsizdir?

- Bu, cəsarət deyil. Sadəcə, onu şirnikləndirərək öz təsirləri altına alaraq, Rusiyada ali məktəb oxumaq və orada yaşamaq vədi ilə aldadıblar. Belə vədlərə inanan insanlar tapılır. Tərtər hadisələrini xatırlayırsınız. Erməni və rus kəşfiyyatı rüşvət mexanizmi ilə MAXE və digər fərqli strukturlara adamlarını yerləşdirə bilmişdilər. Bu da bilinən faktlardır və ordumuza ciddi ziyan vurdular. Eyni şeyi burada da müşahidə edirik. Ermənilərin də içində bizə işləyən və bizdən də onlara işləyən adamların tapılması normal təzahürlərdir. Lakin biz bunun qarşısını almaq üçün mexanizmlər işləyib, hazırlamalıyıq.

- Sizcə bu, yalnız təhsildəki boşluqlardan, yoxsa ideoloji məsələlərdəki boşluqlardan da irəli gəlir?..

- İdeologiya yoxdur ki, boşluq da olsun. Bu gün ideologiya elə internetin özüdür. Orada ideologiyasız bir mühit var. Nə istəyirsən, zövqünü nə oxşayırsa, onu həyata keçirirsən. Təbii ki, təhsil mühitinin təsiri də böyükdür. Məktəbdən uzaq düşən yeniyetmələrin çoxu üçün tərbiyəvi mühit ortadan qalxıb. Məktəb həm tədris, həm də təlim müəssisəsidir. Məktəb əlaqələri normal olmadığı üçün bu cür nəsil yetişir. Bu nəsil də öz dövlətinə, xalqına qarşı fəaliyyətlərə rahatlıqla cəlb edilə bilirlər.

- Bildiyimiz qədər, bu yeniyetmə qız rusdillidir və rusca təhsil alır. Sosial mediada "rusdilli gəncləri tora salmaq daha asandır və məhz buna görə bu məktəblər ölkədə məhdudlaşdırılmalıdır" kimi fikirlər səsləndirilir. Bu barədə nə deyə bilərsiniz?

- Əslində bu fikirlər də informasiyasızlıqdan irəli gəlir. Cənub qoşumuz tərəfindən yüzlərlə insan ələ alınıb və həmin şəxslər dini cəhalətin daşıyıcılarıdır, nəinki rus, heç fars dilini də bilmirlər. Amma onların istədikləri mərsiyyələri oxuyurlarsa, deməli, bu rus dili ilə əlaqəli məsələ deyil. Əksinə, rusdilli şəxslərin sayı dil bilməyərək bu kimi məsələlərə cəlb olunanların sayından daha az və əhəmiyyətsiz saydadır. Azərbaycanda minlərlə insan fars ağaların nökəri olmağa hazırdır. Ona görə də biz bütövlükdə öz təhlükəsizliyimizi qorumaq üçün daha ciddi işlər görməliyik. Bunda da müvafiq qurunmların məsələyə ciddi yanaşmasından çox şey asılıdır.

- O, müsahibəsində həmçinin deyir ki, sosial mediada Azərbaycan ordusunu dəfələrlə təhqir edib. Bu kimi şəxslərə adekvat cavab verəcək gənclər niyə yoxdur? Azərbaycanın sosial şəbəkələrdə təbliğ olunması məsələsini zəif hesab etmək olar?

- Fikrimcə, bilgiləri azdır. Bir şəxsin Qaregin Njde haqqında məlumatı yoxdursa, məsələ barədə nə deyə bilər?! Təbliğat da yoxdur. Təsəvvür edin, Fəxri Xiyabanda bir qəbrin üstündə “Müsavat cəlladları tərəfindən öldürülüb” yazısını oxuyan uşaq prinsipcə Müsavata, Rəsulzadəyə nifrət etməlidir. Yaxud Bakını xilas edən Nuru Paşanın bir heykəli belə yoxdur, lakin bir fars qəhrəmanı Bəhram Gurun şəhərin mərkəzində heykəli var. Burada normal ağılda insan yetişə bilər?! Bu cür yetişən insan elə biləcək ki, elə onun babası da Bəhram Gurdur. Məsələlərə yanaşma tərzimizdə ümumiyyətlə, bir yanlışlıq var. Yetişən nəsil də bizim qoyduğumuz xətt üzrə yetişir...

- Erməni xüsusi xidmət orqanları Tərtər hadisələri fonunda Azərbaycan ordusunu nüfuzdan salmağa çalışırdılar. Hansı ki, dünyanın istənilən ölkəsinin ordusunda kifayət qədər naqisliklər var. Amma məhz Azərbaycan ordusu ilə bağlı məsələlər şişirdilir. Sizcə, bu kimi məsələlərdə Azərbaycan tərəfi necə addımlar atmalıdır?

- Təmizlik işləri aparmaq lazımdır. Ordunu vaxtilə bu cür yaramazlarla doldurublarsa və bu gün də onlara tolerant yanaşılırsa, deməli ordumuz da, təhsilimiz də bu vəziyyətdə qalacaq. Məsələyə prinsipial yanaşma olmalıdır. Belə olmadığı təqdirdə nəyin təbliğ edildiyini artıq görürük. Yaramazlığı, əxlaqsızlığı təbliğ edən zehniyyət peyda olur.

- Milli Məclisdə bir neçə il öncə sosial şəbəkələrdə təhqir, şantaj, təhdid məsələləri ilə əlaqədar müvafiq qanunlara əlavə və düzəlişlər edilib. Lakin sanki həmin müddəalar elə kağız üzərindədir. İşlək mexanimlər tapılmırmı bu məsələdə? Bu barədə nə düşünürsünüz?

- Hesab etmirəm ki, sosial şəbəkələrə ciddi nəzarət olunur. Qanunlarda müəyyən qədər boşluqlar var və bu boşluqlardan yararlanılar. Ayrı-ayrı şəxslərə deyilən sözlərə görə nəzarət olunur. Lakin ümumi, ictimai əhəmiyyət daşıyan tendensiyalara qarşı mübarizə həssaslıqla aparılmır.

- Həmkarınız Siyavuş Novruzov bir müddət öncə demişdi ki, sosial mediada hər kəs şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Sizcə, bu mümkün variantdırmı?

- Bir az real məsələ kimi görünmür. Sosial media istifadəçilərinin hər biri Bakıda yaşamır. Ona görə bu cür şeylər tələb etmək real deyil.

- Siyavuş Novruzov həmçinin, bildirib ki, sosial şəbəkələrdə dövlətimizin təbliğatı ilə məşğul olanlara həvəsləndirici mükafatlar verilsin. Sizcə, bu cür addımlar belə məsələlərdə müsbət tendensiyalara səbəb ola bilər?

- Siyavuş bəyin fikrinə şərh verməyi doğru hesab etmirəm. Fikrimcə, sosial mediada Azərbaycanın faydalı şəkildə təbliğatını quran seqmenti gücləndirmək üçün çox ciddi imkanlar var, amma bu imkanlardan istifadə olunmur...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi