azia.az
azia.az

Bu şəxsləri cərimə gözləyir - Nəzarət güclənib

11-02-2022, 13:30

Bu şəxsləri cərimə gözləyir - Nəzarət güclənib
Sosial şəbəkələrdə tanınan bir sıra şəxslər bu platforma vasitəsilə məhsul reklamlarından gəlir əldə edir. Bu gəlirlər isə bir sıra hallarda vergidən yayındırılır.

Qonşu ölkə Türkiyədə vergidən yayınma halları ilə mübarizə aparmaq və bu kimi reklam sövdələşmələrinin rahat aşkarlamaq üçün blogerlərdən “işbirliyi” həştəqindən istifadə etməsi tələb olunur. Son günlərdə isə bu həştəqdən istifadə etməyən sosial media fenomenlərinə cərimələrin tətbiqinə başlanılıb. Eləcə də, həmin reklam müqavilələrinin vergiyə cəlb olunması üzərində ciddi nəzarət tədbirləri görülür.

Bəs Azərbaycanda blogerlik fəaliyyətindən əldə olunan gəlirlər və bu gəlirlərin vergiyə cəlb olunması üçün hansı nəzarət tədbirləri mövcuddur və bu sahədə hər hansı yeniliklər gözlənilirmi?

Vergi sahəsi üzrə ekspert Mehdi Babayev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Vergi Məcəlləsi və normativ hüquqi aktlarda belə halların vergiyə cəlb olunması nəzərdə tutulub:

“Bəzən vətəndaşlar sosial şəbəkə üzərindən müəyyən qazanc yolları tapır. Bu da yoxlama-nəzarət funksiyasını yerinə yetirən orqanların nəzarətindən kənarda qala bilir. İstənilən halda həmin sosial şəbəkə istifadəçiləri, blogerlər müəyyən gəlir əldə etdikdə həmin gəlirlər onların debet kartlarına daxil olur. Lakin bu, banka bağlı olduğu üçün hüquq-mühafizə orqanları, Dövlət Vergi Xidməti və digər aidiyyəti orqanlar həmin bank kartlarına nəzarət edə bilir, yəni məlumatları banklardan ala bilirlər. Bu da müəyyən qaydalarla tənzimlənir. Əgər həmin bank kartlarına müntəzəm olaraq böyük məbləğlər daxil olarsa, xaricdən köçürmələr artarsa, şübhə doğuran hallar yaranarsa, “Instagram” və digər sosial şəbəkə səhifələrində, öz şəxsi profillərində müəyyən məzmunlar aşkar olunarsa, bu zaman həmin şəxslər hüquq-mühafizə və ya vergi orqanına dəvət oluna, sorğuya çəkilə bilərlər. Həmin şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlana, onlardan müəyyən bəyannamələr tələb oluna bilər. Bu şəxslər reklam fəaliyyətindən öncə vergi ödəyicisi kimi uçota durmalı və müvafiq qaydada vergi verməlidirlər. Belə halların üzərinə artıq düşülüb və vətəndaşlarımız ayıq-sayıq olmalıdır. Belə hallara yol vermədən öncə vergi uçotundan keçməli, VÖEN almalı, vergiləri ödəməlidir ki, bu fəaliyyət qanuni hesab olunsun”.

Ekspert onu da bildirib ki, rəqəmsallaşma sürətləndikcə, vergidən yayınma hallarının da sayı azalacaq:

“İndi elektronlaşma, rəqəmsallaşma dövrüdür və bu proses ölkədə sürətlə davam edir. Dövlət Vergi Xidməti də elektron mübadilə, informasiyanın mərkəzləşdirilməsi işini sürətləndirir ki, belə hallar tez aşkarlansın. Maksimum 1-2 ilə elektronlaşma prosesi tam başa çata bilər”.

Məsələnin könüllü vergi ödəməsi olduğunu deyən M.Babayev əlavə edib ki, vətəndaşların, müxtəlif blogerlərin qəsdən vergidən yayınmaq istədiyini düşünmür: “Bəzi vətəndaşlar var ki, onlar sosial şəbəkə üzərindən bəzi qazanclara gedir, lakin əksəriyyətinin uçota durmalı və vergi ödəməli olması ilə bağlı məlumatı yoxdur. Maarifləndirmə və rəqəmsallaşma sürətli olarsa, vətəndaşlar da vergidən yayınmaz. Çünki vergi orqanı əməkdaşlarının da say azlığı ilə bağlı bütövlükdə buna nəzarət etmək imkanı yoxdur. Hər hansı qrupu sırf sosial şəbəkələrə nəzarət üçün ayırmaq mümkün deyil. Buna görə də insanlar nağdsız hesablaşmalara üstünlük verdikcə, elektron sistemlərə nəzarət gücləndikcə belə halların avtomatik olaraq üstü açılacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi