“500-ə qədər gənclər təşkilatı var, lakin vahid ideya təklif edən yoxdur”
Milli-mənəvi şüurun və vətənpərvərlik hisslərinin təbliği vətəndaşın formalaşmasında mühüm faktordur. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı isə planlı gənclər siyasətinin nəticəsində mümkündür. Cəmiyyətin bütün təbəqələrində, xüsusilə gənclər arasında sistemli fəaliyyətin olması bu baxımdan mühümdür. Mənəvi-siyasi məsuliyyəti dərk etmək və layiqincə daşımaq üçün vətənpərvərlik hisslərinin təbliğinə diqqət etmək lazımdır.
Mövzu ilə bağlı deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, bu, mərhələli prosesdir. O hesab edir ki, uşaqlıqdan başlayaraq, gənclik dövrünə qədər təbliğat aparılmalıdır: “Təhsil vacibdir. Sonrakı mərhələdə məsuliyyət cəmiyyətin üzərinə düşür. Eyni zamanda ədəbiyyat, mədəniyyət, KİV-in rolunu da qeyd etmək lazımdır. Ayrı-ayrı şəxslər buna diqqət etdikləri üçün təbliğatda belə demək olarsa, pərakəndəlik var. Sovet hakimiyyəti dövründə bu, ideologiya idi. Ədəbi əsərlər, filmlər tapşırıq əsasında yaranırdı. Lakin bu, azərbaycanlıların milli mənlik şüurunun inkişaf etdirilməsi üçün deyil, SSRİ-nin, daha doğrusu, Rusiyanın təbliği üçün idi. Xalqların milli mənlik şüurunu qoruyanlar isə şairlər, yazıçılar, bəstəkarlar-Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Üzeyir Hacıbəyov, Qara Qarayev, eyni zamanda Qırğızıstanda Çingiz Aytmatov, Qazaxıstanda Oljas Süleymenov, Gürcüstanda Nodar Dumbadze və b. idi. Onların hər biri Vətəni üçün çalışırdı. Hökumət onların qarşısına məhdudiyyət qoya bilmirdi”.
Aqil Abbas: “Gənclər təşkilatları idman yarışları təşkil etmək üçün deyil”
Deputatın fikrincə, sosial medianın müəyyən müsbət və mənfi təsirləri var: “Məsələn, xalq yazıçısı Çingiz Abdullayevin hər hansı fikri konteksdən çıxarılır və paylaşılır. Bu da bir növ yönləndirmədir. Sosial mediada trollar və tulalar var. Gəncləri bu və digər mənfi təsirlərdən qorumaq üçün ağıllı olmaq lazımdır. Azərbaycanda bir zamanlar ”komsomol komitəsi" var idi (Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsi nəzərdə tutulur). İndi Azərbaycanda Gənclər və İdman Nazirliyi var. Lakin o zamankı komitənin gördüyü işin yüzdə birini görə bilmir. Azərbaycanda 500-ə qədər gənclik təşkilatı var, lakin vahid ideya təklif edən yoxdur. Bir qrup gənc hərdənbir iclas edir, tədbirlər keçirir. Belə olmamalıdır! Azərbaycan gənclərinin qəzeti yoxdur. Vaxtilə “Azərbaycan gəncləri” qəzeti 600 min tirajla çap olunurdu. Niyə bağlandı? Nazirlik nəyə görə belə bir qəzetin çap olunmasına təşəbbüs göstərmir? “Moskovskiy komsomoles”, “Komsomolskaya pravda” hələ də çap olunur. Bir qəzet olsun, gəncləri yönləndirsinlər. Gənclər təşkilatı idman yarışları təşkil etmək üçün deyil. Bunun üçün idman federasiyaları var".
Tural Abbaslı: “Cizgi filmlərində, hekayələrdə, kitablarda uşaqların anlaya biləcəyi tərzdə vətənpərvərlik hissləri aşılanmalıdır”
AG Partiyanın başqanı Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, milli mənlik şüurunun formalaşdırılması üçün tədbirlər proqramının qəbulu məqsədəuyğun olar: “Uşaq bağçalarında, ümumtəhsil və ali təhsil ocaqlarında, kütləvi informasiya vasitələrində bəlli çərçivədə təbliğat aparılmalıdır. İlk növbədə tarixi düzgün öyrətmək lazımdır. Tarixin şərəfli səhifələri təbliğ edilməlidir. Cizgi filmlərində, hekayələrdə, kitablarda uşaqların anlaya biləcəyi tərzdə vətənpərvərlik hissləri aşılanmalıdır. Eyni zamanda filmlər, tamaşalarda da bunu nəzərə almaq lazımdır. Müstəqillik illərindən bu günə kimi bir çox hallarda təbliğat əsasən mövcud iqtidara yönəlib. Siyasi hakimiyyətin tanıdılması, təbliğatı istiqamətində işlər görülür. Bunu dayandırmaq lazımdır. Azərbaycanın tarixi, tarixi şəxsiyyətlərimiz, adət-ənənələrimiz təbliğ olunmalıdır. Şanlı keçmişimizi tanıtmalıyıq. Təəssüf ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, müəyyən mənada Təhsil Nazirliyinin birbaşa səlahiyyəti daxilində olsa da, bu istiqamətdə görülən işlər qənaətbəxş deyil. Hətta milli-mənəvi dəyərlərə sadiq təbəqənin yetişdirilməsi üçün fəaliyyət göstərən ayrıca dövlət komitəsi, yaxud qurumu yaradıla bilər. Lakin indiki zamanda bu, real görünmür. Hazırda görülən işlər simvolik xarakter daşıyır. Bu məsələyə ciddi yanaşılmalıdır. Hesabatlılıq olmalıdır. Nəticə ölçülməlidir”.
Nigar Həsənli