Eldar Mahmudovun baş istintaqçısının məhkəməsi davam etdiriləcək - TƏFƏRRÜAT
Bu gün Bakı Hərbi Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Ötən həftənin 2-ci gününə təyin olunmuş proses təxirə salınmışdı.
Zərərçəkənlərə məhkəmə tərkibində olan hakim Aslan Kəlbəliyevin xəstələnməsi səbəbindən prosesin aprelin 25-nə qədər təxirə salındığı bildirilmişdi. Hazırda prosesdə zərərçəkənlərin dindirilməsi mərhələsidir. Bu günə qədər iş üzrə 8 zərərçəkən ifadə verib. Demək olar ki, bütün zərərçəkənlərin ifadələri zamanı iş üzrə yeni hallar üzə çıxıb. Həmin faktlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən heç bir hüquqi qiymət verilməyib. Ötən məhkəmə prosesində iş üzrə zərərçəkən İbrahim Zeynalovun nümayəndəsi olan oğlu, iş üzrə şahid İlqar Zeynalov ifadə verib. Onun sözlərindən bəlli olub ki, atasını 2008-ci ilin dekabrında saxlayıblar. İbrahim Zeynalova 1250 manat rüşvət alma ittihamı verilib. 7 ay 17 gün MTN-in İstintaq Təcridxanasında saxlanılan İbrahim Zeynalova həbsinin sifarişli olduğunu bildiriblər. Sifarişçi kimi isə Milli Məclisin deputatı, Eldar Mahmudovun yaxın dostu olan Ziyad Səmədzadənin adını hallandırıblar. Azad edilməsi üçün İbrahim Zeynalovdan 10 milyon dollar tələb olunub. İbrahim Zeynalovun yaxınlarında 8 milyon dollar alınandan sonra onun xəstə olmasına dair saxta rəy alınıb. Bundan sonra onu azad ediblər. İbrahim Zeynalov həbsdən buraxılandan sonra Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə və təqsirləndirilən Yasin Məmmədova ondan tələb olunan 2 milyon dolların əvəzinə Bakı Hava Limanının arxasında 4 hektar torpağını verib. Torpaq sahəsinin Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə, Yasin Məmmədova verilməsi epizodu bu günə qədər araşdırılmayıb və hüquqi qiymət verilməyib. İstintaqın dindirdiyi, lakin zərərçəkən kimi tanımadığı şəxslər də az deyil. Onlardan Elman Əhmədov 2010-cu ildə MTN-ə aparılıb. Orada girov saxlanmaqla Mövlam Şıxəliyevin xalası oğlu Siracın vasitəsilə yaxınlarından 160 min dollar rüşvət alınıb. Bundan sonra onu xəstəlik adı ilə azadlığa buraxıblar. Lakin zərərçəkən kimi tanımaq istəmirlər. Cinayət işi üzrə məhkəmə prosesi ötən ilin oktyabrında başlayıb. Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən müddətdə keçirilən açıq məhkəmə proseslərinə jurnalistlər buraxılmır. Hər 4 şəxs təqsirləndirilən statusunda olsa da, yalnız Mövlam Şıxəliyevlə bağlı həbs-qətimkan tədbiri seçilib. Digər 3 təqsirləndirilən şəxs isə həbsdə deyil, məhkəməyə evlərindən gəlib-gedirlər. General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pul və əmlakını ələ keçirməkdən bəhs edilir.
Mənbə:My Webpage