azia.az
azia.az

“Öz ailəsinə sahib çıxa bilməyən alkaş bir yazıçı...” – Fazil Mustafa ilə MÜSAHİBƏ

18-04-2022, 16:44

“Öz ailəsinə sahib çıxa bilməyən alkaş bir yazıçı...” – Fazil Mustafa ilə MÜSAHİBƏ
Gündəm.az-ın suallarını Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Fazil bəy, ötən gün Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə görüş keçirib. Minlərlə gəncin blogerlə görüşə gəlməsi, orada yaşanan xoşagəlməz hadisələr ciddi müzakirələrə səbəb olub. Yəqin, siz də görüntülərlə tanışsınız. Baş verənlərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Açığı mən o görüntülərə təəccüblənənlərə təəccüblənirəm. Bu xalqın alt qatı yüz, min illərdir ki, düzəlmir. Təkcə Hüseyn deyil, sosial şəbəkədə ən avara, alkaş yazıçının belə bu cür fanat ordusu var. Öz ailəsinə sahib çıxa bilməyən alkaş bir yazıçını on minlərlə adam izləyir. Hətta özünü ziyalı sayan bəzi insanlar da belə bambılıları izləməkdən zövq alırlar. Bu gün Azərbaycan ziyalısı özünün quraqlıq dövrünü yaşayır. Problem ondadır. Hüseyn dediyiniz şəxs orada ayfon telefonu deyil, adi krosovka ayaqqabı paylasaydı belə yenə o insanlar ora axışacaqdı. Problem nə gənclərdə, nə də sosial durumdadır. Sumqayıtda tort paylananda yaşlı qadın və kişilərin tort uğurunda apardıqları mübarizəni yəqin ki, görmüsüz. Eyni zümrədirlər. Böyüklər tort üstündə bir-birini tapdalayanda, kiçiklər də telefon üstündə bir-birini ayaqlayacaqlar.

- Fanatizim bütün sahələrdə mövcuddur. Məgər dində bu cür fanatlar azdır?

- Yaxşı ki, Hüseynlə görüşə fanatik dindarlar getməyib. Yoxsa bir-birinin başlarını yarardılar. Fərqi yoxdur, sənət aləmi, din, siyasət, hər yerdə belə kütlə var. Bayağı müğənnilərin, meyxanaçıların fanatları ciddi sənət adamlarının tərəfdarlarından hər zaman çox olub. Çayxanada domino oynamaqla, qəlyan çəkməklə vaxtını öldürən gənclə Hüseynin görüşünə gələn gənc arasında ciddi fərq yoxdur. Heç olmasa, Hüseynlə görüşə gələn gəncin telefon qazanmaq şansı var, amma digər avara gənclərin heç bu şansı da yoxdur. Gedin, rayonlarımıza, kəndlərimizə baxın. Dələduzlar, fırıldaqçılar insanlarımızı necə asanlıqla aldadırlar? Endirim adı altında savadsız kütləni mağazalara cəlb edirlər. Falçılara, dua yazanlara gedənlər kimlərdir? Təəssüf ki, Azərbaycan xalqının çox cüzi bir hissəsi rasional düşüncə tərzinə malikdir. Milyonlarla insan hələ də savadsızdır və kütlə psixologiyasından yaxa qurtara bilməyiblər. Bu cür kütlələr hər bir ölkədə var. Amma Azərbaycanda vəziyyət daha acınacaqlıdır. Bunun da bir çox səbəbi var. Təhsilin aşağı olması, ailədə övlada düzgün istiqamət verməmək və cəmiyyətdə cahil adamların qaranlıq yollarla əldə etdikləri “uğurlar” cahil ordusunun formalaşmasına səbəb olur.

- Bu cür görüşlərdə iştirak edənlərin arasında tələbələr də az deyil...

- Təbii ki. Azərbaycanda gənclər təhsil almadan diplom əldə etmək istəyirlər. Hər zaman belələri olub. Müəllimə rüşvət təklif edirdilər ki, dərsini oxumasın, amma ona qiymət yazsın. Həmin təfəkkür dəyişməyib. Şeyx Nəsirullah Azərbaycanın o qədər də qədim tarixi deyil. İndi müasir “şeyx nəsirullahlar” var. İndikilər daha yaxşı aldadır insanları. Xalqı irəli aparan xüsusi təyinatlı vətəndaşlardır. Necə ki, ordunu irəli aparan xüsusi təyinatlı hərbçilərdir, cəmiyyətdə də belədir. Xüsusi təyinatlılar olmasa, əsgərlər irəli gedə bilməzlər. Fərarilik baş alıb gedər. Mənim üçün yalandan doktorluq dissertasiyası yazan “alim” də fəraridir. Onlar da öz üzərinə düşən əsas vəzifədən yayınırlar. Nə yaxşı ki, bizim vaxtında çayxanalara, savadsız mollaların yanına deyil, məktəbə, təhsil dalınca gedən uşaqlarımız, gənclərimiz olub. Biz onların hesabına bu dövləti qurmuşuq.

- Siz hər zaman siyasi cameədə də bu cür düşüncəsiz kütlənin olduğunu vurğulamısız. İndi də qalıbmı, belə zümrə?

- Əlbəttə. Nemət Pənahlı, Nizami Süleymanov və digərləri Azərbaycan siyasətinin Hüseyn Həsənovu olublar. Nizami Süleymanovun yalan vədlərinə nə qədər adam inanıb ona səs vermişdi. Bu gün sosial şəbəkələrdə kök salmış siyasi partiyaların fanatlarının xoşuna gəlməyən fikir səsləndirdəndə adamı linç edirlər. Özlərinin ağıllı fikirləri yoxdur, liderləri nə deyirsə, ona inanırlar. Ordumuz min bir əziyyətlə Qarabağı azad edib, bunlarsa xorla deyirlər ki, niyə Xankəndini, Xocalını almadınız? Sanki Qarabağ bunlar üçün eksperiment mərkəzidir. Nə istədiyini bilməyən cəmiyyəti Tanrı da xilas edə bilməz. Fanatlar heç vaxt rasional düşüncəli idarəçilərin arxasınca getmirlər. Bu gün Azərbaycanda akademik çevrə yoxdur. Lağlağı edənlərin sayı durmadan artır. Təəssüf ki, özünü ağıllı sayanlar da lağlağı edənlərə tamaşa edir, onlardan zövq almağa çalışır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi