“Ora gedən xanımlara əxlaqsız deyirlər” — Tanınmış yazar
“Gecə klubları bütün dünyada var, ancaq bizim cəmiyyətimizdə hələ klub təsəvvürü formalaşmayıb”.
Bunu Modern.az-a tanınmış yazar Aysel Əlizadə Bakıda gənclərin gecə klubuna və barlara getməsinin tənqid olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq, xarici ölkələrdə insanlar klublara ailələri ilə gedir, səhərə kimi mahnı oxuyub əylənirlər:
“Ömür tükənməz vəsait deyil, mütləq tükənir. İnsanlar da var ki, bu qısa ömrü yatmağa sərf etmək istəmirlər. Daha çox əylənmək, dostları ilə vaxt keçirmək istəyirlər, təbii ki, bu da onların haqqıdır. Gecə klubları yatmaq istəməyən, vaxtını dostları ilə keçirmək, rəqs etmək istəyən, mahnı oxumaq istəyən insanların məkanıdır. Burada tənqid olunası pis bir şey yoxdur. Bizim ölkədə gecə klubu ənənəsi yoxdur. Disko, klub, bar kimi yerlərə gedən insanları təhqir edənlər ora getməyənlərdir. Elə yerlərə azad həyat sürən insanlar, qadınlar gedir, ona görə də cəmiyyətdə konservativ qəbul olunur. Açıq şəkildə desək, ora gedənləri əxlaqsız adlandırılar. Xarici ölkələrdə belə deyil, insanlar ailəsi, sevgilisi və ya dostları ilə klublara gedib istədikləri qədər əylənə bilərlər. Anlamalıyıq ki, insanlar kluba abırsızlıq etməyə, özünü satmaq üçün plan qurmağa getmir. Adam var ki, problemi var, gecə yata bilmir və qaranlıqda oturmağı sevdiyi üçün kluba gedir. Abırlı insanlar gecə klublarına getmir deyənlər elə bilirlər ki, insanlar ora özlərini sərgiləmək üçün üz tutur”.
A.Əlizadənin sözlərinə görə, hər cəmiyyətin özünün mental dəyəri var. Lakin bu dəyərlər belə başqasının həyatına müdaxilə etməyə imkan verməməlidir:
“Kimisə tənqid edənlər hüquqları bilmirlər. Çünki tənqid üçün sənin hüququn olmalıdır. Tanımadığın, heç vaxt görmədiyin insanı necə tənqid və təhqir edə bilərsən? Üstəlikdə ki, faciə baş verib. Faciəni kimisə söymək üçün şərait, bəhanə olaraq qəbul edənlərin cəmiyyətə qarşı aqresiyası var. Həyatından razı olan, komfortu olan, istədiyi kimi yaşayan adam heç bir halda heç kimi açıq şəkildə söymür, təhqir etmir. Hətta düşmənin belə çətin vəziyyətə düşəndə, xəstələnəndə onu bağışlayırsan. Deyirsən ki, düşmənimin başına gəlməsin. Bunu deyə bilməyən insanların həyatında ciddi problemləri var, ya da yaxşı tərbiyə ala bilməyiblər. İnsanları açıq şəkildə söymək ən böyük tərbiyəsizlikdir. Əgər söhbət tərbiyəsiz insanları qınamaqdan gedirsə, heç bir tərbiyəli insan başqasını söyməz. İnsanları söyən adam özünü tərbiyəli hesab edirsə, o yanılır. Tərbiyəli adam bəzən açıq-aydın gördüyü bir şeyi deməyə utanır. Cəmiyyət olaraq dəyərlərdə qarışıqlıq yaşayırıq”.
Tanınmış yazar əlavə edib ki, cəmiyyətimizin tək problemi klub anlayışı deyil:
“Bir neçə ay Bakıdan kənara çıxdım və gördüm ki, Azərbaycan böyük bir kəndə çevrilib. Düşüncə olaraq geridəqalmışlığın pik həddindəyik. Bakıdan sonra müasir insanlar yaşayan şəhər Gəncədir. Turistik rayonlarımızda vəziyyət acınacaqlıdır. Təsəvvür edin, məhəllə qaqaşı yaxınlaşır turistə ki, sən niyə şortik geyinmisən, niyə sevgilinlə əl-ələ gəzirsən. Bu çox ciddi bir siqnaldır. O insanları lənətləyənlərin də üstünə gedə bilmərəm, çünki onun düşüncə dərəcəsi o qədərdir”.
Qeyd edək ki, Bakıda gecə klubunda baş vermiş partlayışdan sonra gənclərin, xüsusilə xanımların belə məkanlara getməsi ciddi tənqid olunur, hətta hadisə zamanı xəsarət alan şəxslər barədə xoşagəlməz fikirlər səsləndirilir.