“Dənizçilərə Sosial Dəstək” İB-nin üzvləri şəhid ailəsini ziyarət ediblər
Layihə çərçivəsində şəhidlərin kənd məzarlığındakı qəbirləri ziyarət olunub
Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazi ailələrinin problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin üzvləri Cəlilabad rayonun Sabirabad kəndində şəhid və qazi ailələri ilə görüşlər keçirməyə başlayıb.
Əvvəlcə qeyd edək ki, Qarabağ uğrunda gedən döyüşlərdə onlarla övladı iştirak edən kənddə şəhid və qazi ailələri ilə silsilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu görüşlərin və keçiriləcək tədbirlərin hər birinin ayrı-ayrılıqda KİV –də işıqlandırılaraq ictimailəşdirilməsi də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi gerçəkləşir.
Şəhid və qazi ailələri ilə nəzərdə tutulan ilk görüş 44 günlük Zəfər Savaşının başlandığı gün şəhadətə yüksələn Sabirabad kəndinin Vətən müharibəsində ilk şəhidi Murad Nadir oğlu Babayevin ailəsi ilə təşkil edilib.
Şəhidin anası Arizə xanım “DSD” İB-nin sədri və “Şəhid və qazi ailələrinin problemlərinə dəstək” layihəsinin rəhbəri Faiq Balabəyliyə oğlunun döyüş yolundan və qısa, lakin mənalı həyatından bəhs edib. Muradın itkisinin ağır olduğundan söz açıb. Ana bildirib ki, təkcə təskinliyim oğlumun Vətən uğrunda şəhid olmasıdır. Təki Vətən sağ olsun.
Şəhid anası bildirib ki, oğlu müharibə başlamazdan bir gün qabaq telefonla zəng edib, qardaşını ailəsini gəlib aparmasını istəyib: Düşmən yenə də təxribat hazırlayır, mən postda olacam.
Tank komandiri, baş gizir Murad sonuncu dəfə sentyabrın 27-si təxminən saat 15:00-da doğmaları ilə danışıb. Müharibənin başlandığını və qısa müddətdə düşmənin 6 postunu dağıtdıqlarını və 60-dan çox canlı qüvvəsini məhv etdiklərini də qardaşı Xəqaniyə həmin danışıq zamanı bildirib. Murad elə müharibənin ilk günü şəhid olub, deyən şəhid anası, yaxşı ki, balalarımızın qanı yerdə qalmadı, torpaqlarımız azad edildi, deyir.
Layihə çərçivəsində şəhidlərin kənd məzarlığındakı qəbirləri ziyarət olunub, məzarları önünə gül-çiçək dəstələri düzülüb.
Şəhid Murad Babayevin ailəsi və və qazilərlə görüşdə onların nəzərinə çatdırılıb ki, bu layihə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.