Füzulinin deputatı Manaf Ağayevin həbsindən danışdı: “Son hadisə ondan xəbər verir ki...”
“Hər zaman görüşlərdə, müraciətləri cavablandıranda vurğulamışıq ki, hər bir vətəndaşımız yalnız qaydalar və mövcud qanunvericiliyin tələblərinə əməl edərək işğaldan azad olunmuş ərazilərə səfər edə bilər”.
Yenisabah.az xəbər verir ki, bunu Füzulinin deputatı Vüqar Bayramov tanınmış müğənni Manaf Ağayevin işğaldan azad olunmuş bölgələrə qanunsuz səfərinə münasibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, müəyyənləşdirilmiş qaydalar hər kəs üçündür və vətəndaşlarımız qaydalara əməl etməlidirlər:
“Bizə işğaldan azad olunmuş ərazilərimizə səfərlərlə bağlı mütəmadi müraciətlər daxil olur. Keçmiş məcburi köçkünlər tezliklə işğaldan azad olunmuş kənd və şəhərlərə getmək, öz ata-baba yurdlarını görmək istəyirlər. Vətəndaşlarımızın qaydalar çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər etməsi vacibdir. Yalnız qaydalara əməl etməklə səfərlərin təşkili həyata keçirilməlidir.
Artıq Şuşa və Ağdama avtobus reysləri təşkil olunur. Gələcəkdə isə bu coğrafiya genişlənəcək. Minadan təmizlənmə davam etdikcə, təhlükəsizlik qaydalarına əməl edilərək, belə marşrutların genişlənəcəyi gözlənilir. Bu da imkan verəcək ki, daha çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərə səfər edib, ora ilə tanış ola bilsinlər. Təbii ki, hər birimizin yalnız qaydalar çərçivəsində həmin ərazilərə getməsi vacibdir. Son hadisə ondan xəbər verir ki, birmənalı şəkildə bu qaydalar və qanunvericiliyin tələbləri hər kəs üçün eynidir”.
Qeyd edək ki, bu yaxınlarda müğənni Manaf Ağayev işğaldan azad olunmuş Füzuli rayonuna qanunsuz səfər edib. Sənətçinin sosial şəbəkələrdə yayılan videosu geniş müzakirə obyektinə çevrilib. Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq qanunları heçə sayan müğənnini məsuliyyətə cəlb edib.
Bu gün məhkəmə qarşısına çıxarılan Manaf Ağayev və dostu, iş adamı Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasında məhkum olunublar.