Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
Azərbaycanda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliyin olunması təklif edilir.
E-huquq.az Reporta istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov açıqlamasında bildirib.
Onun sözlərinə görə, vəkillərin peşə fəaliyyətini artırılması üçün davamlı tədris və kurslar təşkil olunur.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərindən biri odur ki, vəkil daim üzərində işləməli, peşə fəaliyyətini artırmalıdır. Çalışırıq ki, bütün vəkillər – regionlarda fəaliyyət göstərən vəkillər də bu işə cəlb edilsin. Çünki peşə hazırlığının artırılması əslində vəkilin vəzifəsidir. Keyfiyyətli hüquqi yardım göstərən vəkil daim çalışmalıdır ki, qanunvericilikdə yeniliklər və baş verən dəyişikliklər barədə məlumatlı olsun.
Məqsədimiz odur ki, insanlar həqiqətən də keyfiyyətli, peşəkar hüquqi yardım alsınlar. Hüquqi yardımı göstərən şəxslər də daim bilik səviyyəsini artırmalıdırlar. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda bəzən görürsən ki, bugünkü günün reallığına cavab verməyən müəyyən müddəalar var. Son illər fəaliyyətimiz zamanı rast gəldiyimiz çətinliklərin hamısı qanunun yenilənməsini, müasirləşdirilməsini tələb edir. Qanun şərti olaraq canlı bir orqanizimdir. O da daim yenilənməlidir, təzələnməlidir, bugünkü günün tələblərinə cavab verməlidir. Demək olar ki, qanunun bir çox müddəalarına, maddələrinə dəyişikliklərin edilməsi gərəkdir. Burada bir çox məsələlər var - Vəkillər Kollegiyasının statusundan tutmuş vəkilliyə qəbul, vəkillərin intizam icraatı, Kollegiyanın funksiyaları, fəaliyyəti və.s”, - o vurğulayıb.